Mütəxəssislər uşaqların mobil telefondan hansı yaşdan
istifadəsini məsləhət görür?
Biz bu yazıda mobil telefonun mütərəqqi cəhətlərindən
deyil, fəsadlarından söhbət açacağıq. Bu gün artıq
sübut edilib ki, mobil telefonların yaydığı
elektromaqnit dalğaları insan sağlamlığı üçün çox
təhlükəlidir. Mobil telefondan mütəmadi istifadə etmək
görmənin zəifləməsinə, qulağın karlığına, sonsuzluğa və
bəzən ölümə belə gətirib çıxara bilir. Ümumdünya
Səhiyyə Təşkilatı mobil telefonun xərçəng və beyin
şişinə səbəb olduğunu hələ 2007-ci ildəki hesabatında
açıqlayıb. Hesabatda bildirilirdi ki, 12 yaşından kiçik
uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi,
13-20 yaşında uşaqların isə yalnız təcili durumlarda
istifadə etməsi məsləhət görülür. Bəs bu gün
cəmiyyətimizdəki reallıq nə deyir? Həqiqətən uşağa mobil
telefon lazımdırmı? Mövzu ilə bağlı təcrübəli psixoloq
və pediatr yanaşması oxucularımız üçün də maraqlı olar.
Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu
Psixoloqlar
və ya pediatrlar mobil telefonların uşaqlara zərərlərini
araşdırarkən onlardan istifadə qaydalarının öyrənilməsi
vacibliyinə xüsusi diqqət yetirilməlidir. Amerika
alimlərinin fikrinə görə, uşaqların mobil telefondan
istifadəsi uşağın yaşına görə dəyişir. Mobil telefon
günümüzdə uşağın güvənliliyi üçün çox vacibdir. Bunun
üçün uşaqlar ondan istifadə etməsinlər deyə bilmərik.
Vacib olan uşağın telefonu necə istifadə etməsidir.
Tədqiqatlar göstərir ki, uşaqlar elektronik əşyalardan
istifadə etdikdə onlarda ünsiyyət problemi yaranır.
Cəmiyyətə adaptasiya çətinləşir və dərslərində durğunluq
yaranır. Mobil telefondan da ən çox ziyan vuran ağıllı
telefonlardır ki, onlar uşaqları kütləşməyə aparır. Hər
şeyə tez avtomatik nail olmaq istəyirlər.
Mobil telefonların uşaqlara təsiri MR görüntüləri ilə
sübut olundu. Telefon danışıqlarının uşaqlarda korteksə
daha çox təsir etdiyi araşdırılmışdır. Yəni mobil
telefonlardan 15 yaşından əvvəl istifadə etmək daha çox
təsir edir. Çünki o yaşda uşaqların şəxsiyyətinin
formalaşdığı dövrlərdir. Mobil telefonun istifadəsinin
dəqiq bir yaşı yoxdur. Belə bir yaş qrupu
müəyyənləşməmişdir. Ancaq kiçik yaşlarda uşaqlarda
elektromaqnetik zonaların həssaslığı daha çox olur. Buna
görə kiçik məktəblilərə mobil telefonların alınması
məsləhət görülmür. Psixoloqların tövsiyəsini nəzərə
alsaq lazım olmadıqda uşaqlara telefon alınmamalıdır.
Uşaqlar üçün cib telefonu çox zərərlidir. Yeniyetmələrin
bundan uzun müddət istifadəsinin nəticələrini hələ
bilmirik. Əgər bu çox vacib olarsa uşağa sadəcə mesaj
şəklində istifadəsi uyğun görülə bilər. Böyük şəhərlərdə
uşaqların cib telefonuna ehtiyacı ola bilər. Ancaq onun
fiziki və mənəvi ziyanlarını düşünsək kiçik məktəbli
uşaqların çox da ehtiyacı yoxdur və mümkün qədər
alınmamalıdır. Nə qədər gec istifadə etsələr o qədər
faydalıdır. Ətraf mühit çox önəmlidir. Bəzən valideynlər
bəhsə girir uşaqların yerinə. Ancaq mobil telefon
valideynlərin bir zənginlik simvolu olmamalıdır. Ailələr
cəza və mükafat sistemində də cib telefonundan istifadə
edə bilərlər. Çünki ondan müəyyən qaydalara uyğun
istifadə edilərsə (məsələn, dərs saatlarının çıxış
saatlarında valideynlərlə əlaqə saxlamaq üçün) çox da
ciddi problemlər olmaz. Uşaqlara telefon almadan əvvəl
ailə uşaqla bir şərt kəsməlidir. Müəyyən qaydalar
çərçivəsində istifadəsinə icazə verilməlidir.
Ağlayaraq istəyən uşağa əsla cib telefonu alınmamalıdır.
Bu zaman uşağa "bizim pulumuz yoxdur onu almağa"
deyilməməlidir. Çünki bu zaman uşaq şüuraltı bunun onun
haqqı olduğunu və valideynlərin telefonu ala
bilməyəcəyini düşünürlər. Amma doğrusu bunu uşağa izah
etmək, hələ telefona ehtiyacı olmadığını ona başa salmaq
lazımdır. Bəzən valideynlər pulumuz yoxdur deyə qısa
izahat verirlər ki, bu da uşaq üçün yetərli bir cavab
deyil. Bunu valideyn qərarlı bir şəkildə izah etməli və
sözündə durmalıdır.
Məleykə İSMAYILOVA
Bakı şəhəri 7 nömrəli uşaq poliklinikasının pediatrı
Məktəbyaşlı
uşaqlar üçün mobil telefon daha çox əyləncə, oyun,
dostlarla əlaqə vasitəsidir. Oyun, musiqi və s.
funksiyalı telefonlardan istifadə edən uşaqlar demək
olar ki, günün çox vaxtını bu cihazla təmasda olur. Bu
da hələ bərkiməmiş uşaq orqanizmini davamlı olaraq
şüalanmaya məruz qoyur, onların gələcək həyatında daha
böyük fəsadlara səbəb olur. Yaxşı olar ki, inkişaf
dövründə olan, xüsusən 16 yaşından kiçik uşaqlar mobil
telefondan istifadə etməsinlər.
Uşaqların mobil telefonlardan erkən yaşda istifadə
etməsi ən çox dəri xəstəliklərinə meydan verir, şüalanma
saçların, qaşların, kirpiklərin tökülməsinə səbəb olur.
Sinir zədələnməsilə bağlı göz əzələləri yorulur, uşaq
gözlərini tez-tez qırpır. Belə uşaqlar diqqətsiz,
yaddaşsız olmaqla cəmiyyətə biganə qalır.
Mobil telefon əslində uşaqlara yasaqdır. Bəzən analar
mobil telefonu hətta iki aylığından körpə uşağın
yatağına qoyur. Bu, çox təhlükəlidir. Mobil telefondan
qazandığı şüalanma nəticəsində uşaqlarda nitq normal
inkişaf etmir, danışmaq qabiliyyəti yaranmır. Belə
uşaqda həm mənfi refleks, həm də beyində mənfi
informasiya formalaşır. Uşaq da yuxudan vaxtından tez
oyanır. Normalda 17-18 saat yatmalı olan körpənin yuxu
saatları tədricən azalır. O, normal yuxu əvəzinə
narahat, səksəkəli yatır. Bu səbəbdən də son illərdə
körpənin qırxı çıxar-çıxmaz analar uşağın yuxu
pozğunluğundan şikayətlənməyə başlayır. Bunun səbəbi
odur ki, doğulan körpə səseşitmə qabiliyyəti hələ
formalaşmamış mobil telefonun musiqisinə alışdırılır.
Analar sanki mobil telefonun musiqisini layla əvəzinə
körpələrinə "dinlətdirirlər". Mənim analara məsləhətim
budur ki, uşağın əsas inkişafını, onun sağlamlığını hər
yaş dövründə diqqətdə saxlasınlar.
Təəssüf ki, bu gün mobil telefonlar hətta körpələrə,
bağça yaşlı uşaqlara oyuncaq kimi verilir. Artıq 3-4
yaşlı uşaqlar mobil telefonda oyunlar oynamağı, 5-6
yaşlı uşaqlar isə mobil telefonla çətinlik çəkmədən
müxtəlif saytlara daxil olmağı bacarır və əksər vaxtda
da lazımsız bilgilərə sahib olurlar.
Valideynlər mobil telefonun zərərli olması ilə bağlı
maariflənməlidirlər. Kiçik uşaqların mobil telefondan
istifadə etməsinin ən təhlükəli cəhəti odur ki,
kosmosdan ötürülən dalğaların sürəti insan qulağından
keçərək beyin hüceyrələrinə birbaşa təsir edir. Adi bir
təsir, hüceyrənin özünün tərpənməsi, öz oxundan çıxması
sinir pozğunluğuna gətirib çıxara bilir.
Mobil telefonların öz-özünə qızması, əldə partlaması,
yanması hadisələrinə də məişətdə təsadüf edilib. Mobil
telefon gələn zəngləri qəbul edərkən müəyyən
elektromaqnit şüalanması baş verir ki, bu cür hadisələr
körpə uşaqların kövrək orqanizminə mənfi təsir edir.
Beyin şişlərinin əmələ gəlməsinə, funksional
pozğunluqlara, sinir-əsəb xəstəliklərinə uşaqlar daha
həssasdırlar. Uşaq qavradığını, eşitdiyini təbii yolla,
səs telləri ilə qəbul etməlidir.
Uşaqlarımızı mobil telefonların mənfi fəsadlarından
vaxtında qorumasaq, 10-15 il sonra o fəsadların
törətdiyi nəticə ilə üzbəüz qalacağıq.
Mobil telefonla uzun-uzadı danışmaq, oyun oynamaq uşaq
orqanizmini zəiflədir, beyin qan dövranında
disfunksiyalara səbəb olur, sinir sistemində pozuntular
yaradır. Buna görə də valideynlər uşaqlarının mobil
telefona sərf etdiyi müddətə ciddi nəzarət etməli,
onların sağlamlığının qayğısına qalmalıdırlar.
Mobil telefonlardakı ən böyük təhlükə hər an insanın
yanında olması və qulağa yaxın tutarkən beyinə daha çox
mənfi təsir etməsidir.
Mobil telefonu bədənin daxili orqanlar yerləşən
hissəsində- ürəyin, böyrəyin, dalağın, qara ciyərin, ağ
ciyərin üstündə gəzdirdikdə həmin orqanların funksiyası
tədricən pozulur.
Uşağın mobil telefonla oyun müddəti ən çoxu 30 dəqiqəni
keçməməlidir. Çünki mobil telefonla cəmi 6 dəqiqədən
artıq danışdıqda qulaq və beyin toxumalarında isinmə
əmələ gəlir və bu da güclü baş ağrılarına zəmin yaradır.
Ona görə də uşaqları mümkün qədər bu təhlükələrdən uzaq
tutmaq məsləhətdir. Çünki mobil telefonlardan istifadə
hələ inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10
dəfə çox mənfi təsir göstərir. Mən bir pediatr kimi 21
illik təcrübəmə əsaslanıb uşaqları mobil telefonlardan
uzaq tutmağı, ciddi zərurət olmadığı halda ondan
istifadə etməməyi məsləhət görürəm.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |