Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) dekabrın 14-də
Qafqaz Universitetində 2012-2013-cü dərs ilinin
yekunları ilə əlaqədar təhsildə fərqlənən şagird və
tələbələrin mükafatlandırılmasına həsr olunmuş "Yüksələn
təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" devizi
altında ənənəvi tədbir keçirib. "Təhsilimizin
ulduzları" adlı tədbirdə Beynəlxalq Təhsil Mərkəzi
təhsil müəssisələrinin müəllim, şagird və tələbə
heyətinin nümayəndələri ilə yanaşı Milli Məclisin
deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin
əməkdaşları, bəzi təhsil ocaqlarının direktorları,
valideynlər və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə
açılan mərasimdə öncə "Çağ" Öyrətim şirkətinin ölkəmizdə
fəaliyyətinin 20 illiyinə həsr olunmuş videoçarx
nümayiş olunub. Sonra Qafqaz Universitetinin prorektoru,
professor Niftalı Qocayev bu ali məktəbin fəaliyyəti,
onun tədris bazasının möhkəmləndirilməsi və
modernləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi
istiqamətində atılmış addımlar barədə məlumat verib.
Bildirib ki, bu günlərdə Qafqaz Universitetində bp
şirkətinin dəstəyi ilə 1,5 milyon ABŞ dolları dəyərində
mexanika mühəndisliyi laboratoriyalar kompleksi işə
salınıb. İki il öncə isə həmin şirkətin yardımı ilə
kimya mühəndisliyi laboratoriyaları yaradılmışdır. Bütün
bunların tələbələrin praktik hazırlığında mühüm rol
oynadığını qeyd edən propektor məhz belə hazırlığın
nəticəsi olaraq tələbələrin beynəlxalq olimpiadalarda,
bilik yarışlarında fəal iştirak edib yüksək yerlər
tutduqlarını, bugünkü tədbirin də ötən dərs ilində bu
baxımdan fərqlənmiş şagird və tələbələrin
mükafatlandırılmasına həsr olunduğunu söyləyib. Qeyd
olunub ki, 2012-2013-cü dərs ili üzrə ali məktəblərə
qəbul imtahanlarında 600-dən çox bal toplamış 195 tələbə
Qafqaz Universitetində təhsil alır. Bu il Prezident
təqaüdünə layiq görülmüş 102 gəncin də 19-u Qafqaz
Universitetinin tələbəsidir. Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzinin liseylərinin 82, "Araz" ali məktəbə
hazırlıq kurslarının isə 254 məzunu bu il 600-dən çox
bal toplayıb.
Daha sonra ABTM təhsil müəssisələrinin 600-dən çox bal
toplamış məzunlarına və beynəlxalq fənn və layihə
olimpiadalarında qalib olmuş şagird və tələbələrinə pul
mükafatları və hədiyyələr təqdim olunub. Mükafatları
sahiblərinə təqdim edən ABTM Təhsil Şurasının sədri
Ənvər Özərən, Milli Məclisin deputatı Fazil Mustafa,
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Türkiyə
Respublikasının Azərbaycandakı səfirliyinin müşavirləri
və b. onları təbrik edib arzu və diləklərini
çatdırıblar. Mərasimdə fərqlənən şagird və tələbələrin
təhsil aldıqları bir sıra orta təhsil müəssisələrinin
direktorlarına da plaketlər təqdim olunub.
Yusif ƏLİYEV |