Dekabrın 16-da Bakı Dövlət Universitetində coğrafiya
fakültəsinin fiziki coğrafiya kafedrasının 70 və
hidrometeorologiya kafedrasının 40 illik yubileylərinə
həsr olunmuş "Müstəqillik illərində coğrafiya elminin
inkişafı" mövzusunda Respublika elmi konfransı
keçirilib. BDU-nun elm və innovasiya üzrə prorektoru,
professor Aydın Kazımzadə tədbiri açaraq konfransın
əhəmiyyətindən danışıb.
Sonra "Hidrometeorologiya kafedrası 40 ildə" adlı məruzə
ilə kafedra müdiri, coğrafiya fakültəsinin dekanı,
professor Fərda İmanov çıxış edib. AMEA-nın akademik
Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru,
professor Ramiz Məmmədov coğrafi tədqiqatların müasir
vəziyyəti barədə danışıb. Daha sonra konfransın plenar
iclasında fiziki coğrafiya kafedrasının müdiri,
professor Yaqub Qəribov kafedranın 70 illiyinə həsr
olunmuş məruzə ilə çıxış edib.
Konfransın işində BDU-nun rektoru, akademik Abel
Məhərrəmov akademik kafedraların nailiyyətlərindən və
qarşıdakı vəzifələrdən danışıb. Konfrans öz işini
bölmələr üzrə davam etdirib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |