Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Azərbaycan Dillər Universitetində elmi konfrans

 

Böyütmək üçün şəkili seçin Dekabrın 19-da Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektorları, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

İki gün davam edəcək konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 400-ə yaxın tezis təqdim edilib. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 19 bölməyə tanınmış alimlər rəhbərlik edəcəklər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov mərasimi giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının əhəmiyyətindən söz açan nazir müavini bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Elmi-pedaqoji kadrların yaş həddi məsələsinə toxunan nazir müavini bildirib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir.

Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil nazirinin müavini bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir müavini vurğulayıb ki, son illər Azərbaycan elmi nümayəndələrinin beynəlxalq jurnallarda nəşr edilən məqalələrin sayı artıb: "2009-cu ildə 159, 2010-cu ildə 229, 2011-ci ildə 242, 2012-ci ildə 322 məqalə beynəlxalq jurnallarda dərc edilib".

Təhsil nazirinin müavini deyib ki, müasir sivil cəmiyyətdə iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır. Konfransın materiallarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edildiyini nəzərə çatdıran nazir müavini, bunu nəzərə alaraq, konfransa təqdim olunan tezislərə tələblərin daha da ciddiləşdirildiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və doktorantlar konfransın əhəmiyyətindən bəhs edib, Azərbaycan ali təhsil müəssisələrinin elmi infrastrukturu, eləcə də elmi potensialı haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, konfransın materialları kitab şəklində çap olunaraq iştirakçılara təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov