Dekabrın
13-də Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator
Akihitonun anadan olmasının 80-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki,
hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra
qonaqları salamlayan səfir Tsuquo Takahaşi bildirmişdir
ki, Konstitusiyaya görə, Yaponiya İmperatoru yapon
xalqının birlik rəmzidir və onun doğum günü milli bayram
kimi qeyd olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan
diplomat vurğulamışdır ki, yüksək səviyyəli qarşılıqlı
səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə
inkişafına töhfə verir.
Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da
uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün
münasibətilə yapon xalqını Prezident İlham Əliyevin
adından təbrik etmiş, dövlətimizin başçısının
salamlarını və xoş arzularını çatdırmışdır. Nazir
bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər
yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanda həyata
keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə
minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin
müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini
vurğulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, iki
ölkə arasında münasibətlər getdikcə daha da
möhkəmlənəcək
və genişlənəcəkdir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli
Məclisin deputatları, xarici ölkələrin Bakıdakı
səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. |