Dekabrın
16-da "Kempinski Badamdar" otelində Təhsil Nazirliyi və
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə
layihəsi olan "Dərslik portalı"nın təqdimat mərasimi
keçirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə
Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri,
dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri,
AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların
əməkdaşları iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli
fərmanına əsasən yaradılmış "Dərslik portalı"nın
ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin
və digər tədris vasitələrinin elmi-metodiki
monitorinqinin həyata keçirilməsi işinə xidmət etdiyini
bildirib. Nazir qeyd edib ki, portalda yerləşdirilmiş
rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən
dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin
monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq
aydınlıq gətirəcəklər.
Təhsil naziri "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda yeni dərsliklərin
yaradılmasına, şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunmasına böyük diqqət ayrılması
haqqında məlumat verib. Eyni zamanda, müasir tələblər
təhsilverənlər qarşısında təkcə dərsliyin məzmununu
təhsilalanlara mənimsətməyi deyil, həmçinin və bəlkə də
daha vacib - lazımi bilikləri necə və haradan əldə etmək
yollarını onlara öyrətməyi tələb edir. Ona görə də
dərsliklərlə yanaşı təfəkkürün və şəxsiyyətin inkişafına
yönəlmiş, yeni kurikulum və İKT əsasında təhsilverənlər
üçün təlim metodologiyaları, metodiki vəsaitlər,
didaktik materiallar və digər təlim vasitələrinin
hazırlanmasını stimullaşdıran mexanizmlər də
yaradılmalıdır. Tərəfimizdən dərsliklərin keyfiyyətini
yüksəltmək məqsədi ilə dərslik müəlliflərinə kurikulumun
tələblərinin dərindən öyrədilməsinin təşkili nəzərdə
tutulmuşdur. Bu işin əsas məqsədi kurikulumun əsas
tələblərinin, standart və alt-standartların dərsliyin
məzmununa çevrilməsi yollarının öyrədilməsi,
dərsliklərin qiymətləndirilməsi meyarlarının izah
edilməsindən ibarətdir.
Nazir
qeyd edib ki, dərsliklərin keyfiyyəti mövzusu və
hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətinin
və cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət
mərkəzindədir: "Bir çox hallarda demək olar ki, dərslik
müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil
ictimaiyyətinin nümayəndələri, ekspertləri və
valideynlərin yanaşmalarında olan fikir ayrılığı,
fərqlilik bu məsələ ətrafında olan qızğın diskussiyalar
məqsədlərin fərqli görünməsi anlamına gətirib çıxarır.
Əslində reallıq ondan ibarətdir ki, məqsəd eynidir.
Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif
və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli
dərslik təhsil sisteminə gətirilsin. Biz bu sahədə
məsuliyyət daşıyan qurumlar kimi sivil fikir mübadiləsi,
təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu baxımdan
portal böyük ümidlər yaradır".
Təhsil naziri nəzərə çatdırıb ki, hər zaman dərsliklərin
ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar
atılmalıdır. Bu sahədə birinci məsələ təhsil sistemindən
kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə
malik müəlliflərin müəyyənləşdirilməsi,
həvəsləndirilməsidir. Yalnız elmi biliklərə malik olan
müəlliflərin bu işlə məşğul olması kifayət etmir.
Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır.
Bunlara uşaq psixologiyası, dərsliklərdə vizual
yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun
tələbləri, standartlarla tanışlığı, dərsliklərin təhlili
prosesində təhsilalanın, valideynin, müəllimin və ya
ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında
ziddiyyət təşkil edə bilən məsələlər daxildir.
Azərbaycanın ali təhsil müəssisələrində çalışan
mütəxəssislərin orta məktəb dərsliklərinin hazırlanması
prosesində iştiraka cəlb olunmasının əhəmiyyətinə
toxunan nazir bununla bağlı ali məktəblərin rəhbərləri
ilə ətraflı müzakirələr aparıldığını bildirib: "Dərsliklərin
hazırlanmasında iştirak etməklə, ali təhsil
müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə
gəlir mənbələri əldə edəcəklər".
Daha sonra tədbirdə "Dərslik portalı"nın yaranma
zərurəti, mahiyyəti, strukturu, istifadə qaydaları
haqqında fikirlər bildirilib və müvafiq müzakirələr
aparılıb. |