Son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan
Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialı tərəfindən
hüquqi əsası olmadan diplomların verilməsi barədə
çoxsaylı məlumat daxil olmuşdur.
Bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil
müəssisəsində dərslərə gəlmiş, imtahan sessiyalarında
iştirak etmiş və dövlət imtahanı verərək diplom almışlar.
Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan
müəllimlərin bir hissəsinin təhsil sənədlərinin
yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən
verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar
edilmişdir.
Qeyd olunan faktların ciddiliyi nəzərə alınaraq,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr
2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən Azərbaycan
Müəllimlər İnstitutunun Gəncə filialının tədris və
maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır.
Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin
fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların
tələblərinin kobud şəkildə pozulduğu, tədrisin
təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin
saxlanılması və verilməsində ciddi nöqsanlara yol
verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində
təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd
olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar
edilmişdir.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil
nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının
direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmişdir.
AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan
pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq,
onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış
materiallar Respublika Baş Prokurorluğuna
göndərilmişdir. |