Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Vilnüsdə beynəlxalq konfrans keçirilib

 

Məlum olduğu kimi, bu yaxınlarda Litvanın paytaxtı Vilnüs şəhərində "Avropa proqramlarının köməyi ilə məktəblərin inkişaf etdirilməsi" adı altında məktəb rəhbərləri və lider müəllimlər üçün konfrans keçirilib. Konfransda ölkəmizi mən təmsil etdim.

Konfrans Avropa Komissiyası və Avropa Birliyi Şurasının Litva nümayəndəliyi tərəfindən təşkil olunmuşdu. Avropa Komissiyasının Təhsil və Mədəniyyət sahəsi üzrə baş direktoru Jan Truszinski və Litva Respublikasının təhsil və elm naziri, professor Dainius Pavalkis,  bir sıra görkəmlı təhsil işçiləri konfransda maraqlı çıxışlar etdilər. Konfransda Avropa ölkələri ilə əməkdaşlığın məktəbin inkişafı strategiyasının bir hissəsinə çevrilməsindən necə bəhrələnmək imkanları müzakirə edildi. Tədbirdə  habelə Avropa məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsində məktəb liderlərinin rolu və həmçinin Komenius və gələcək Erasmus+ proqramlarının beynəlxalq strategiyanın inkişafında məktəblərə yardım yolları araşdırıldı. Təşkil olunan birgə plenar sessiyalarda və seminarlarda məktəblərdəki problemlərdən də danışıldı.

Konfransa 12 Komenius və etwinning  layihələri təqdim olundu  və onların hər biri konfrans çərçivəsində keçirilən seminarlarda müzakirə edildi.  2 gün ərzində davam edən müzakirələr əsasən  aşağıdakı 4 mövzu ətrafında aparıldı:

* Məktəb rəhbərliyi və Avropa məktəbləri arasında əməkdaşlıq.

* Müəllimlərin peşəkarlığının Avropa məktəb əməkdaşlığı vasitəsi ilə inkişafı.

* Avropa məktəb əməkdaşlığı vasitəsi ilə şagirdlərin motivasiya edilməsi.

* Yerli icma üzvlərinin məktəb həyatına cəlb edilməsi və Avropa məktəbləri ilə əməkdaşlığın məktəbin profil və nüfuzuna təsiri.

Seminarlarda bir sıra təkliflər irəli sürüldü. Qeyd olundu ki, iştirak etdikləri layihənin məktəbin strateji və kurikulum vəzifələrinə daxil edilməsi, layihə boyu əlverişli şəraitin yaradılması (vaxt, resurslar, təlimlər) və iştirakçıların həvəsləndirilməsi, məktəb rəhbərinin özünün yenilikləri öyrənməkdə irəlidə getməsi və müəllim heyətinin peşəkarlığının artmasına kömək etməsi, əldə edilən bilik və təcrübənin digərləri ilə bölüşdürülməsi, şagirdlərin layihənin planlaşdırılması, yerinə yetirilməsi və qiymətləndirilməsində fəal iştirak  etmələri və bunun nəticəsində özlərini layihənin sahibi hiss etmələri, şagirdlərin digər məktəb və ölkələrə qarşılıqlı səfərlər edərək təcrübələrini bölüşməsi, beynəlxalq layihələrin dil öyrənilməsi üçün həvəsləndirici təbii şərait yaratması, məktəbin beynəlxalq aləmdə tanınmasının icma içərisində məktəbin nüfuzunu artırması və məktəblə icma arasında əlaqələrin möhkəmlənməsi, Avropa ilə əməkdaşlığın yerli icmanın nüfuzunu artırması, əlaqələri möhkəmləndirməsi və s. faydalı olardı.

Məlumat üçün onu da bildirim ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmiz  Avropa məktəbləri ilə  əməkdaşlıq layihəsinə bu il qoşulub və ilk növbədə elektron məktəblər bu işə  cəlb  olunublar.  "eTwinningplus" adlanan bu layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və təhsil  sahəsində çalışanlara Avropa məktəbləri ilə əməkdaşlıq edərək müxtəlif mövzularda birgə layihələr həyata keçirmək və bu yolla da Avropa təhsilinə inteqrasiya etməyə əsaslı kömək edir. Akademik Zərifə Əliyeva adına liseyin 7 nəfər ingilis dili və 2 nəfər tarix müəllimi bu layihədə fəal iştirak edir. Bu işdə layihənin  "Mədəd" təşkilatındakı Tərəfdaşa Dəstək Agentliyinin (NSA) üzvləri Vüsal Xanlarov, Xuraman Məmmədova və İradə Hüseynova xüsusilə fərqlənmişlər. Data mərkəzdə- Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində keçirilən  təlimlərdə  müəllimlərə layihədə necə işləmək öyrədilmişdir.

Liseyimizin şagirdləri layihə çərçivəsində İKT alətlərindən daha səmərəli istifadə yollarını öyrənirlər. Layihələrdə iştirak etməklə hər bir kəs dünya  və Avropa ölkələrinə inteqrasiya etməyə, daha çox öyrənməyə və Azərbaycanı bütün dünyaya tanıtmağa əlverişli imkan əldə etmiş olur. Fasiləsiz təhsilin müasir dünyanın vacib amili olduğunu nəzərə alsaq, bu layihədə iştirakın nə qədər əhəmiyyətli olduğuna bir daha əmin olarıq. Layihədə iştirak edən müəllimlər İKT-dən təhsildə istifadə imkanlarını öyrənmək üçün müxtəlif distansion təlim kurslarına yazılıb öz peşəkarlıqlarını artıra bilirlər. "eTwinningplus" layihəsi çərçivəsində keçirilən "My Movie" müsabiqəsində Avropa ölkələrindən başqa Azərbaycanın da 10 məktəbi iştirak etmişdir. Akademik Zərifə Əliyeva adına liseyi müsabiqədə mənim layihəyə cəlb etdiyim 9a1 və 9r1 siniflərinin şagirdləri təmsil etmişlər. Mən iki sinfin şagirdləri ilə iki layihədə iştirak edirəm: "Miflər və əfsanələr" və "Gənc avropalılar danışır". Hər iki layihədə şagirdlər öz yoldaşları  və digər fənn müəllimləri ilə əməkdaşlıq edərək dünyagörüşlərini, dil vərdişlərini və İKT alətlərindən istifadə bacarıqlarını inkişaf etdirirlər. Biz həmçinin Avropa ölkələri ilə birgə layihələrdə Avropa məktəblərinin şagird və müəllim kollektivinin həyat tərzi, təhsili ilə tanış olub Azərbaycanı da dünyada tanıtmaq üçün  müxtəlif istiqamətli işlər görürük. Əminəm ki, layihədə iştirak edən müəllim və şagirdlərin əldə etdikləri bilik və bacarıqlar onlara gələcək həyatlarında yardımçı olacaqdır.  

Gülxas ASLANOVA,
 Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov