Bəhruz Balayev 1983-cü ildə Lənkəran səhərində anadan
olub. 2001-ci ildə Bakıdakı Məmməd Rahim adına 7 nömrəli
tam orta məktəbi fərqlənma attestatı ilə bitirib. Elə
həmin il yüksək balla Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul
olunub. Akademiyanı bitirdikdən sonra 2005-ci ildə ABS-ın
Florida statındakı St.Tomas Universitetinin hüquq
fakültəsinin mağistr bölməsinə qəbul olunub. 2012 -ci
ildə həmin universitetdə hüquq elmləri doktoru dərəcəsi
alıb. Uzun illər beynəlxalq təskilatlarda çalışıb.
2013-cü ildən etibarən Harvard Universitetində Edvard S.
Mason proqramı üzrə təhsilini davam etdirir və eyni
zamanda dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə
yiyələnir.
Orta məktəb illərində çox aktiv şagird olmuşam.
Qiymətlərim hər zaman əla olub. 1999-cu ildə IX sinifdə
oxuyarkən Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə
qardaşlaşmış məktəblər pilot proqramında istirak etmiş,
şagird mübadiləsi çərçivəsində ABS-a göndərilmişəm.
Müxtəlif fənn olimpiadalarında iştirak edərək təhsil
aldığım məktəbi təmsil etmişəm.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi
çox səffaf və səmərəli həyata keçdi. Uzun illər ABS-da
təhsil aldığım zaman şahidi olduğum və Qərb
ölkələrində rast gəldiyim müsahibə metodlarından
istifadə olunmasını alqışlayıram. Qeyd edim ki, xarici
ölkədən baxdıqda son dövrdə Azərbaycan təhsilinin
nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini görə bilərik.
Təhsil Nazirliyi tərəfindən aparılan islahatlar, müsbət
dəyişikliklər bu inkişafın davamlı olacağına ümid
yaradır. Azərbaycan mətbuatını daim izləyirəm və təhsil
sistemimizdə baş verən dəyişiklikləri alqışlayıram. Bu
il böyük sayda Azərbaycan gəncinin "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində xaricə göndərilməsini,
məncə, ölkəmizin uğurlu investisiyalarından biri kimi
qiymətləndirmək olar. Hər bir ölkənin gələcək inkişafı
onun istedadlı kadrlara malik olması və onların təhsil
səviyyəsindən asılıdır.
Qeyd edim ki, əsası 1636-cı ildə qoyulmuş Harvard
Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır.
Universitetin kampusu Massaçusets ştatının Kembric
şəhərində yerləşir. Burada 2300 müəllim fəaliyyət
göstərir. Onların arasında 43 Nobel mükafatı laureatı
var. Dünya elminə ən çox Nobel mükafatı laureatı bəxş
edən universitet də Harvarddır.
Tələbə həyatım çox maraqlı və intensivdir. Əsasən
dərslərimlə məşğulam. Müxtəlif sahələrdə apardığım
araşdırmalarım və müxtəlif səmərəli görüşlər dövlət
idarəçiliyi sahəsində yeniliklərlə tanış olmağa şərait
yaradır. Tələbə həyatımın çox hissəsi kitabxanada və ya
birlikdə təhsil aldığım gənclərin əhatəsində keçir. Boş
vaxtlarımı üzgüçülüklə və Çarlz çayı boyunca velosiped
idmanı ilə məşğul olmaq, kitab oxumaqla keçirirəm.
Asudə vaxtlarımda çalışıram ki, Harvard Universitetinin
verdiyi ən dəyərli imkanlardan biri olan, maraqlandığım
sahələr üzrə ekspertlər səbəkəsini inkişaf etdirim.
Bununla yanaşı, ailəmə da vaxt ayırmağı özümə borc
bilirəm. Azərbaycan mətbəxini anamdan öyrənmişəm və
xarici yoldaşlarımı tez-tez qonaq dəvət etməyi və şam
yeməyi zamanı səmərəli danışıqlar aparmağı xoşlayıram.
Hazırda yaşadığım Boston şəhəri Massaçusets ştatının
paytaxtıdır və Amerika tarixinin yazıldığı şəhərlərdən
biridir. Tarixdən məlum olan məşhur Boston çay dəsgahı
da burada baş vermişdir. Şəhərin tarixiliyi,
özünəməxsusluğu, Avropa sayağı arxitekturası insanı
valeh edir. Havası Bakıdan soyuqdur və qış aylarında
adətən qar ilə örtülür. Şəhər boyu keçən Çarlz çayının
ətrafi çox gözəl və sonu görünməyən bir parkdır.
Bostonun kənarında yerləşən Kembric şəhəri Harvard
Universiteti tələbələrinin sevimli məkanıdır.
Amerikadakı Azərbaycan diasporası ilə sıx əlaqələrimiz
var. Bostonda Azərbaycan diasporası qonaqpərvərliyi ilə
seçilir. Tez-tez Nyu-Yorka səfər edirəm və yaxından
tanıdığım Tomris Azəri xanımla (Amerika
Azərbaycanlıları Cəmiyyətinin sədri) görüşür, Nyu-Yorkda
Azərbaycan diasporasının təşkil etdiyi yığıncaqlarda
və Dağlıq Qarabağ problemi barədə əsl həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuş
aksiyalarda iştirak edirəm.
Qeyd edim ki, ABŞ-a ilk dəfə gəldiyim 1999-cu ildən
bəri yerli əhalinin nə dərəcədə Azərbaycanı
tanımalarında və bizim diasporanın bir araya gəlməsində
müsbət tendensiyaların olmasının şahidi olmuşam.
Tez-tez Harvard Universitetində keçilən müxtəlif
dərslərdə Azərbaycanın inkişaf sürətinin misal
gətirilməsini gördükdə xoş hisslər yaşayıram.
Harvardda dərslər çox maraqlı keçir, dünya üzrə tanınmış
professorların çıxışları isə qiymətsizdir.
Universitetin tarixi və ənənələri bu gün nəinki
tələbələri, hətta başqa ölkələrdən gələn turistləri də
cəlb edir. Universitet rəsmi olaraq turist məkanı
sayılır. Müxtəlif dövlət başçıları, nazirlər, beynəlxalq
təşkilatların başçıları və məşhur alimlərlə
universitetdə tez-tez görüşlər keçirilir. İxtisasım
idarəçiliyin səmərəliliyini artırmaq, inkişaf yollarının
axtarılması, dövlət və ictimai xadimlərin təcrübəsinin
öyrənilməsindən ibarətdir.
Gələcəkdə xalqımıza xidmət etmək və Azərbaycanın daha da
inkişafı naminə səmərəli fəaliyyətlə məşğul olmağı
planlaşdırıram.
Bəhruz BALAYEV,
Harvard Universitetinin tələbəsi |