Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli
alim, pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri
doktoru, akademik Feyzulla Səməd oğlu Qasımzadənin
anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə ADPU-nun professor-müəllim heyəti,
respublikanın tanınmış ziyalıları, tələbələr və alimin
ailə üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə
ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət
Əliyev açaraq akademik Feyzulla Qasımzadənin həyat və
yaradıcılığından, çoxşaxəli elmi-pedaqoji fəaliyyətindən
danışıb. Bildirilib ki, ADPU-da kafedra müdiri işləmiş
akademik Feyzulla Qasımzadə öz yüksək intellekti, zəngin
erudisiyası, geniş dünyagörüşü, əhatəli yaddaşı,
hadisələrə özünəməxsus yanaşma tərzi, səmimiyyəti,
təvazökarlığı və xeyirxahlığı ilə seçilən bir alim olub.
ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor
Himalay Qasımov Feyzulla Qasımzadənin həyat və
yaradıcılığı mövzusunda məruzə ilə çıxış edib. Qeyd
edilib ki, xalqımızın böyük alimi, mərhum akademik
Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin,
xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin
araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ
olunmasında müstəsna xidmətlər göstərib. Onun böyük
zəhmətinin və gərgin elmi axtarışlarının nəticəsi olan
"XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi həmin
dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii
düşüncənin təhlili baxımından çox dəyərli və əvəzolunmaz
bir elmi mənbədir. Akademik 30 elmlər doktoru və 120
elmlər namizədi yetişdirib. 60 il pedaqoji və elmi
sahədə misilsiz xidmətlər göstərən, üç dəfə "Qırmızı
Əmək Bayrağı" ordeni alan akademik F.Qasımzadə 1943-cü
ildə "Əməkdar elm xadimi", 1958-ci ildə "Əməkdar
müəllim" və "Qabaqcıl maarif xadimi" kimi fəxri adlara
layiq görülüb.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor
Nizami Cəfərov, BDU-nun kafedra müdiri, akademik Vasim
Məmmədəliyev, Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev, tanınmış şair İlyas Tapdıq,
ADPU-nun filologiya fakültəsinin dekanı, professor
Buludxan Xəlilov çıxış edərək akademik Feyzulla
Qasımzadəni böyük alim, görkəmli ziyalı, ləyaqətli
vətəndaş kimi xatırlayaraq onunla bağlı xoş
xatirələrini danışıblar.
Sonra Feyzulla Qasımzadənin qızı, ADPU-nun dosenti Nigar
Qasımzadə və alimin nəvəsi, Azərbaycan Tibb
Universitetinin müəllimi, tibb elmləri üzrə fəlsəfə
doktoru Nailə Zülfüqarova çıxış edərək ailələri adından
əbədiyaşar alimin xatirəsinə həsr olunmuş belə bir
yubiley tədbirinin təşkilinə görə minnətdarlıqlarını
bildiriblər.
Tədbirdə akademik Feyzulla Qasımzadənin ömür yolunu əks
etdirən "Zamanın sorağında" filmi də nümayiş etdirilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |