Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

 "Heydər Əliyev təkrarsız şəxsiyyət idi"

 

Əməkdar müəllim, Prezident təqaüdçüsü, professor İmamverdi Əbilovla söhbət 

İmamverdi Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub.  Əvvəlcə pedaqoji məktəbi, sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi, 1953-cü ildən təqaüdə çıxana kimi Neftçalada ədəbiyyat müəllimi işləyib. Azərbaycan müəllimlərinin 1946-cı ildən başlayaraq bütün qurultaylarında nümayəndə kimi iştirak edib.  Azərbaycan Ağsaqqallarının  təsis və sonrakı qurultaylarında, həmçinin Türk Yazarlarının 3-cü qurultayında nümayəndə olub. Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.  "Rəsul Rza", "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər... nəsillər...əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi. Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.  "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. 

- İmamverdi müəllim, bir ömür Neftçalada keçdi...

- Biz əslən Neftçaladanıq. Burada doğulmuşam. Burada böyümüşəm.

- Kimlərlə dostluğunuz, yoldaşlığınız, ədəbi əlaqələriniz  olub?

Böyütmək üçün şəkili seçin- Gördüyünüz bu evdə kimlər olmayıb? Mustafa Topçubaşov, Yusif Məmmədəliyev, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əbülhəsən, Mirzə İbrahimov, Qılman Musayev, İsmayıl Şıxlı, Mirvarid Dilbazi, Süleyman Rəhimov, Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Kərim, Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Səməd Vurğunun övladları - Yusif, Vaqif...

1951-ci ildə Kamran Hüseynov Neftçalaya raykom katibi təyin olundu. Rayona gəlməyi ilə məni tapmağı bir oldu. Necə nurlu insan idi Kamran Hüseynov!

- Yadınızdan çıxmayan dost...

- Bəxtiyar Vahabzadə dünyadan gedəndən sonra mən elə bildim ki, dünyanın yükü azaldı. Yerin məhvərində bir yüngüllük əmələ gəldi. Bəxtiyar misilsiz bir insan idi. Onun mənə həsr elədiyi nə qədər şeiri var: kitablarında, məktublarında...

İsmayıl Şıxlı ilə də 50-ci illərdən dostluq etmişik. Həmişə bizə gəlib  gedərdi. Çox səmimi dost idik.

Böyütmək üçün şəkili seçin- Həyat yoldaşınız necə?

- Həyat yoldaşım Cəmilə xanım  evdar qadın olsa da, təbiətən çox ziyalı insan idi. Gözünü açıb evimizdə ədəbiyyat xadimlərini görmüşdü. Bizə gələn  yazıçılar deyirdilər ki, bu adam elə bil universitet təhsili  görüb. 2005-ci ildə dünyasını dəyişəndən sonra, var ikən yox oldum sanki.

- İndi sizə kim baxır?

- Qızlarım Səadət də, Sürəyya da Neftçalada yaşayırlar. Səadət həyat yoldaşını itirdikdən sonra ailə üzvləri ilə birlikdə mənim yanıma köçüb. Sizi qarşılayan onun oğlu idi. Adı Samirdi. O da Azərbaycan dili və ədəbiyyatını tədris edir.

- İmamverdi müəllim, qibtə ediləcək kitabxananız var.

- Bu kitabxananı  1944-cü ildə yaratmışam. Dünya mənim üçün bu kitabxanadakı kitablardadır. Müasir dünya da buradadır, klassik  dünya da. Hətta ölən dünyalar, imperiyalar da burada, bu kitablardadır.

On yeddi, on səkkiz yaşım olardı. Neftçalanın bünövrəsi qoyulmuşdu, amma hələ binalar  tikilməmişdi. Anam rəhmətlik mənə otuz manat verib dedi ki, get bazarlıq elə, pulun qalığını da qaytar gətir. Kasadlıq illəri idi...Gəldim gördüm kitabxana açıblar, yaxınlaşdım, bax gördüyünüz  bu kitabı- Nizaminin "Yeddi gözəl"ini  götürüb vərəqlədim. Vuruldum kitaba. Soruşdum neçəyədir, dedilər 25 manata. Dedim o kitabı verin mənə. Evə alıb gətirdiyim ilk kitabım bu olub.

- Unudulmaqdan qorxmursunuz?

- Əslində yaddan çıxmamışam. Hər zaman mənə hörmət ediblər. Bu yaxınlarda  BMT tərəfindən  mənə ən yüksək orden verildi: "İnam və sədaqət" ordeni.

- Qələmi əlinizə alanda ən çox sabahı yazmaq istəyirsiniz, yoxsa dünəni?

- Dünən ona görə mənim üçün daha əzizdir ki, dostlarımın, doğmalarımın, əzizlərimin hamısı dünəndədir. İndi qərib bir adada yaşayan bir sakinə dönmüşəm. Yaşıdlarımdan demək olar ki, heç kəs qalmayıb. Onlarsız elə bil yetim uşağam.

Amma bədbin də deyiləm, nikbinəm. Gələcəyə ümidlə baxıb yazıram.

- Ulu öndər Heydər Əliyevlə də görüşünüz olub...

- Bu gün bizim dövlətimizin sükanı etibarlı əldədir. Rəhbərdən çox şey asılıdır. Mən Heydər Əliyev haqqında kitab da yazmışam. Onu şəxsən tanıyırdım. Heydər Əliyev əzəmətli insan idi. O, birinci katib, prezident olmaqla yanaşı, həm də ən böyük azərbaycanlı idi. Bütün insani keyfiyyətlərin hamısı onda cəmləşmişdi. Bir vaxt haqqında bəzi ədalətsiz işlər görüldü. Həmin dövrdə mən ona məktub yazdım. Sonra fikirləşdim ki, məktubu  hara göndərim. Zəng elədim Bəxtiyara. Dedim Heydər Əliyevə bir məktub yazmışam, hara göndərim, bilmirəm.

Dedi, kimə göndərəcəksən, Həsən Əliyevə ver, böyük qardaşına. Elə də elədim, məktubu Həsən Əliyevə göndərdim. Aradan xeyli müddət keçdi.

Azərbaycan Yazıçılarının IX qurultayı keçirilirdi. Bir az gecikmişdim. İçəri girəndə gördüm yer yoxdu. Birinci sırada kimsə pencəyimdən dartdı. Baxdım ki,  rəhmətlik Nəbi Xəzridir. Yanlarında bir nəfərlik yer vardı, əyləşdim orda.

Bir də gördüm göy rəngli kostyumda  Heydər Əliyev tribunaya gəldi, başladı çıxış etməyə: "Siz bilirsiniz ki, mən daim yuxarıda oturub aşağıdakıları fikirləşmişəm. Həmişə də ürəyimdən keçib ki, bir dəfə də kaş mən o zalda əyləşəydim, yuxarıları dinləyəydim. İndi o imkan mənə verilib. Mən xahiş edirəm, müzakirəyə qoymadan, mənim təklifimi qəbul edin. Mənə icazə verin, aşağıda oturum, sizi dinləyim". Zaldakılar əl çaldılar və o böyük insan keçib zalda oturdu. Fasilədə Bəxtiyarla mən yaxınlaşıb Heydər Əliyevlə görüşəndə, o dedi ki, İmamverdi mənə məktub da yazıb. Məni qucaqladı. "Yaxşı bir məktub yazmısan, hardan tapmısan o sözləri"- dedi. Dedim: "Ürəyimdən gəlib, yazmışam". Dedi: "Yox, orada  qəribə bir ifadə var, o ifadələri mən yadımda saxlamağa çalışdım: "Böyük adam dərənin dibində də böyükdür, kiçik  adam dağın başında da kiçikdir" (O cümlənin davamı belə idi: "Siz təbiətin bütün zaman  məqamlarında yuxarıdasınız, ucadasınız, millətinin başının üstündəsiniz. Millət sizi bu qədər sevir. Buna tam əmin ola bilərsiniz" -İmamverdi Əbilov). Sonra girdi qoluma, başladı söhbət eləməyə.

Heydər Əliyev təkrarsız şəxsiyyət idi, ağıllı, uzaqgörən siyasətçi idi, ədalətsizliyə dözümsüz, halallığa meyilli idi. İnsanlara həssaslığı, gənclərə  qayğıkeşliyi sonsuz idi. Onun yaddaşı sanki bir maqnitdi, hər şeyi özündə saxlayırdı.

- Yadınızda qalanların hamısını qələmə ala bilmisiniz?

- Hələ ürəyimdə yazılası çox şeylər var.

- İmamverdi Əbilov  bu gün yazıçıdı, publisistdi, yoxsa müəllim? Sizi oxucularımıza necə təqdim etməyimizi istərdiniz?

- Allah mənə bura qədər ömür veribsə, mən bu gün hər şeydən əvvəl bir ağsaqqalam. Özüm də Neftçala Ağsaqqallar Şurasının sədriyəm. Eyni   zamanda,  haqsız yerə harada əzilən  varsa, onu müdafiə eləməyə qadirəm.

- Paytaxtda yaşamaq haçansa ürəyinizdən keçibmi?

- Heç vaxt paytaxtda yaşamağa can atmamışam. Bu can atmamaq da mənə rəhmətlik anama bağlılığımdan keçib. Anamın məndən başqa da oğlu, qızı  vardı. Qardaşım dünyasını çox erkən dəyişmişdi.

Anam 1959-cu ildə həyatdan köçəndə, təxminən üç ay işə-gücə gedə bilmədim. Özüm də dörd il idi ki, ailə qurmuşdum. Hələ anamın sağlığında dəfələrlə məni başqa rayonlara katib göndərmək üçün Mərkəzi Komitəyə çağırmışdılar. Hamısında da təvazökarlıqla razılıq verməmişdim. Axırıncı dəfə də çağıranda  dedim, çox sağ olun. Mənim anam xəstədir. Mən də anamın nəfəsilə yaşayan adamam. Mən  müəllim işləmək istəyirəm. Çünki  əsas sənətim müəllimlikdir.

Ondan sonra qayıtdım doğma rayonumuza, başladım yenə də müəllimliyə.

- Müəllim işlədiyiniz ilk dövrdə dərs dediyiniz şagirdlərlə sonradan rastlaşdığınız vaxtlar olub?

- Əlbəttə. Lap bu yaxınlarda yanıma beş nəfər qadın gəlmişdi. Ən yaşlısı soruşdu ki, müəllim, məni tanıyırsan? Mənim göz yaddaşım yaxşıdı. Baxdım üzünə, dedim hamınız əyləşin. Bir çay süfrəsi də düzəltdirdim bunlara. Diqqətlə bir az baxdım, dedim Güllər deyilsən? Qalxdı üzümdən öpdü. Dedim: "Ay Güllər, sənin indi neçə yaşın var?" Dedi ki, yetmiş səkkiz. Dedim: "Bəs bu qadınlar kimdi?" Dedi: "Biri qızımdı, o birilər də nəvələrimdi. Buradan keçirdik, dedim gələk, müəllimimə də bir salam verək".

O gün bir kağız götürüb, birinci sinifdə bir yerdə oxuduğum uşaqların adını, soyadını yazmaq istədim. Birini yazdım, gördüm 23  uşağın hamısının adını, soyadını, atasının adını xatırlayıram, xülasə, hamısını yazdım.

Bugünkü günüm üçün  Allahımdan çox razıyam. Ona görə ki, bu yaşımda yaddaşımı saxlayıb. Özüm də çox şeylərdə özümə qadağalar qoymuşam. Nə siqaretin, nə də arağın dadının necə olduğunu bilməmişəm. İki dəfə ziyarətdə olmuşam- Kərbəlada, bir də Məkkədə.

- Sizin məktəb illəriniz zamanın ən keşməkeşli dövrünə təsadüf edib.

- Özüm  1927-ci ildənəm. Ancaq ad günümü, doğulduğum ayı bilmirəm. O vaxt sənədlərə düşməyib. Anam deyərdi ki, cüt ayda dünyaya gəlmişəm.

1941-ci ildə müharibə başlayanda mən dördüncü sinfi bitirmişdim. Müharibə illərindən yadımda elə əzabverici şeylər qalıb ki... Məktəb yoldaşım vardı- adı Rəfiqəydi, anasının da adı Gülyəz. Bir gün dərsə gedəndə gördüm ki, qızcığaz buzun üstündə uzanıb, yer də qardı. Yaxınlaşdım gördüm bələnib qara. Sonra dedilər ki, acından  yıxılıbmış, qalxa bilməyib, canın tapşırıb.

O illərlə bağlı yadımdan çıxmayan başqa bir lövhə:

Burada dənizkənarında Xoll deyilən yerdə "qaraquş" adlı vətəgə vardı. Qardaşım demişdi ki, gələrsən vətəgəyə. Mən də getdim. Bir gün əvvəl bura əsgər də göndərmişdilər. Həm sərhəd kimi buranı qorusunlar, həm də  balıqdan- kilkədən tutub yaşasınlar deyə.

Amerikan maşını vardı- "studbekker". Günortadan bir az keçmiş, saat iki- üç arası, bir də gördüm həmin maşınlardan biri gəlib vətəgədə dayandı, başladılar maşından yerə nə isə tullamağa, boz-boz,  yumaq kimi şeylərdi. Dedilər, donuz balalarıdı, gətiriblər bura. Yaxınlaşıb gördük balaca-balaca  uşaqlardı. Sərəncam veriblər ki, evlərdə nə qədər ata-anasız, tək  uşaqlar qalıb, yığın aparın atın vətəgələrə. Balıqçılar balıq tutanda onlara da verərlər ki, acından ölməsinlər...

Camaat ac idi, ac da qılınca çapar, neyləsinlər?! O mənzərə bütün ömrüm boyu heç vaxt yadımdan çıxmadı.

Mən özüm də 1943-cü ilin sentyabrından 1945-ci ilin mayına kimi balıq vətəgəsində işlədim. Bir dəfə balığa getmişdik. Tor qurduğumuz zaman  bir dənə kefal  balığı uçub gəldi, sinəmi zədələdi. Onun yeri indiyə kimi qalır.

- Uşaqlıq dövrünüzün çətinliklərinə baxmayaraq, heç nə sizin təhsilə doğru gedən yolunuzu əngəlləyə bilməyib.

- Bəxtiyar deyirdi ki, İmamverdi, sənin təhsil almağını mən möcüzə adlandırıram. Bu qəhrəmanlıqdır. Mənə savad almağa, elm öyrənməyə həvəsi oxuduğum kitablar, həmişə yol yoldaşım olan  mütaliə verirdi. O vaxt oxuduqlarımın, demək olar ki, hamısı yadımdadır. Təhsil yollarında mənə ancaq özüm dəstək olmuşam. Atam 1935-ci ildə dünyasını dəyişib. Anam da bizi çox çətinliklə böyüdüb.

- Hansı dilləri bilirsiniz?

- Elə də çox dil bilmirəm. Amma yanımda farsca danışılanda bilirəm nə danışırlar. Ərəb əlifbasını da özüm öyrənmişəm.

- İmamverdi müəllim, hərdən adama elə gəlir ki, internetin kəşfi kitabı arxa plana atıb. Bu fikrə münasibətiniz?

- Bəşəriyyətin iki böyük  kəşfi olub. Birincisi kitab çapıdı, bu böyük proqres idi, ikincisi internetdi. Amma kitab insanda bir çox yaxşı dəyərləri yaşatdısa, internet  o dəyərlərin çoxunu  öldürdü. Oxuduğum kitabların vərəqləri hələ də gözümün qabağındadır. Bəs internet?

- Özünüz özünüzü necə xarakterizə edərdiniz?

- Ürəyim çox yumşaqdır. Bu dünyada kim ətrafındakılara hörmət edirsə, özünə hörmət edir. Bu yaşıma qədər kimsə məndən bir acı söz eşitməyib. Mənim fikrimcə, qəlb sındırmaqdan böyük, ağır cinayət yoxdur. İnsan insana ürək-dirək verməli, yaşamaq üçün stimul yaratmalıdır. Kəmfürsətlik, insafsızlıq, qəlb sındırmaq nəyə yarar?

- Qonaqpərvərliyiniz barədə çox yerdə oxumuşam. Özünüz də qonaq gedirdiniz?

- Adlarını sadaladığım dostlarımın hamısının evinə haçan ürəyim istəyib, getmişəm.

- Bəxtiyar Vahabzadə ilə dostluğunuza kitab da həsr etmisiniz.

- Bəxtiyar mənə çoxlu şeirlər və məqalələr həsr edib. Mənə həsr etdiyi sonuncu məqaləsində yazıb ki, mən İmamverdi Əbilovu başıma qızıl tac edərdim.

- Bəxtiyar müəllimlə daim məktublaşmısınız.

- Bəxtiyar Vahabzadənin 115 ədəd məktubu var məndə. Bu dəftərə baxırsanmı, qızım? Fərman Kərimzadənin, Məmməd Arazın, neçə-neçə dəyərli insanların  xatirə sözləri var bu dəftərdə.

- Övladlarınızdan ən çox kim ürəyinizə yaxındır?

- Hamısının üstündə əsirəm. Altı övladım var: Etibar, Şahin, Azər, Səadət, Sürəyya, Həcər, bir də nəvələrim - hamısı əzizimdi... Amma sonbeşiyim, görən gözlərimin işığı Azərdir. Mənə sual versəniz ki, bu yaşda işığı haradan tapıram? Deyərəm ki, Azərdən.

- Azər Turanı ədəbi aləmdə Cavidşünas kimi tanıyırıq. O yolda Azərə bələdçi sizmi oldunuz?

- Bilirsiniz, Azər gözünü açıb gördü ki, evdə Əlibəy Hüseynzadədən, Hüseyn  Caviddən söhbət gedir. Ədəbi aləmdə izi, sözü olan şəxsiyyətlərin çoxunu Azər evimizdə görmüşdü, tanıyırdı. Azər qəbul imtahanı günü  yolboyu piyada gedə-gedə Cavidin şeirlərini deyirdi.

- Respublika səviyyəsində tanınan yetirməniz?

- Hamısının adını sadalasam uzun bir siyahı olar.

- İmamverdi müəllim,  qonaq-qaranız yenə də olurmu?

- Əlbəttə. Bu yaxınlarda Abel Məhərrəmov, Şəmsəddin Hacıyev qonağım olub.

- Müəllimlikdən nə zaman ayrıldınız?

- Düzü, bu mənim öz arzumla olmadı. Məktəbdə Azərbaycan dili və ədəbiyyatından dərs deyirdim. O zaman 65 yaş məsələsı gündəmə gələndə, mən də yaşa görə təqaüdə çıxmalı oldum.

- İmamverdi müəllim, yaşın elə müdrik çağındasınız ki, yolunuzu davam etdirən gənc nəslə tövsiyə etməyə, yol göstərməyə mənəvi haqqınız var.

- Mənim müəllimlərə - öyrədənlərə həm arzum, həm də tövsiyəm budur ki, peşələrini sevsinlər, peşələrinə vurğun olsunlar. Öyrətməli olduqları materialları dərs demək  xatirinə əzbərləməsinlər. Danışdıqları sözdə yanğı olsun, lətafət olsun, Azərbaycan dilinin  gözəlliyi olsun. Ürəklərinin odunu peşələrinə qatsınlar. Onların dərs dediyi uşaqlar öz müəllimlərini yerin, göyün yaranmışlarının əşrəfi kimi tanısın.

Müəllim gərək öyrətdiyi elmi  əməkhaqqının azlığı-çoxluğu prizmasından öyrətməsin. Şagirdin beyni, yaddaşı ağ kağızdır. Onun bir gününü  yazılmamış  ötürsək,  gələcəyimiz hara gedər? Dərs deyən müəllim  gərək hər zaman öz üzərində işləsin. Müəllim həmişə öndə gedəndir, öyrədəndir. Öyrədən isə hər şeydən əvvəl özü  oxumalı, özü öyrənməlidir ki, şagirdlərini də öyrədə bilsin.

Uşaqlarımıza da istəyim budur ki, tale onların bəxtini, naxışını həmişə uğurlu etsin. Onların həyatı, gələcəyi valideynlərinin və özlərinin istədiyi kimi qurulsun.  Allah körpələrə, uşaqlara işıqlı həyat  nəsib etsin. Qoy bizim uşaqlar millətini sevindirən, millətinin başını ucaldan fəaliyyət sahibi olsunlar. Seçdikləri peşə başlarının tacı, ürəklərinin vurğusu olsun.

- Hansısa kitabı oxumaqda çətinlik çəkmisiniz?

- Qızım, ən çətin oxunan kitab insandır. Mən hər kəsə onu arzu edirəm ki, çətin oxunan kitaba rast düşəndə onların üzünə tərs baxmasın, onlara səbrlə, təmkinlə, qayğı ilə yanaşsın, onların xilaskarı kimi hərəkət etsin.

- Şagirdin həyatında müəllim əsas rol oynayır, yoxsa valideyn?

- Hər ikisinin rolu danılmazdır. İnsan gərək onu  həyata gətirən valideyni, ona tərbiyə verən müəllimı  alicənab, vətəndaşlıq səviyyəsinə yüksələn bir  şəxsiyyət kimi tanısın.

- İmamverdi müəllim, maraqlı söhbətə görə sağ olun. İnşallah, bu müsahibədən birini də qəzetimizə 90 illiyinizdə verərsiniz.

- Ya qismət! Siz də zəhmət çəkib gəldiyinizə görə sağ olun. Bu evi özünüzə doğma bilin. Məndən qəzetinizin kollektivinə salam deyin. Bir də, sizdən xahiş edirəm ki, qəzetiniz vasitəsi ilə cənab nazirimizə də mənim salam və dualarımı yetirin. İndiki yeni nazirimizin bir cəhətindən xoşum gəlir ki, nazir təyin olunan gündən bu yana təhsilimizin səviyyəsini qaldırmaq yolunda  əhəmiyyətli işlər görür. Tarixin yaşlı bir övladı kimi mən ona çətin işində uğurlar arzulayıram.  

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov