Son zamanlar Azərbaycan təhsil məkanında təhsilin yeni
formasının - distant təhsilin tətbiqi imkanının
mətbuatın gündəmindən düşməyən mövzulardan birinə
çevrilməsinə yəqin ki, hər biriniz diqqət yetirmisiniz.
Lakin universitetə qəbula hazırlaşan abituriyentdən
tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi bir
sual düşündürür - distant təhsil nədir və təhsilin bu
forması Azərbaycan təhsil məkanına necə tətbiq olunacaq?
Bu suala cavab tapmamışdan öncə hər birimizin dünya
tarixində distant təhsilin yeri və inkişaf tarixi
haqqında məlumatlı olmasında fayda var. Distant təhsillə
bağlı İnternet üzərindən apardığımız araşdırmalar 3
istiqaməti əhatə edib: Dünya təhsil məkanında distant
təhsil; Azərbaycanda distant təhsilin yaranması və
inkişaf tarixi və Naxçıvan Muxtar Respublikasında
distant təhsilin tətbiqi imkanları.
Dünya tarixində distant təhsil
Distant
təhsil kommunikasiyanın xüsusi bir növü olub iki
subyekti birləşdirir- tələbə və onu dəstəkləyən təhsil
müəssisəsini. Distant təhsil tarixən iki istiqamətdə
həyata keçirilib - məsafədən idarə olunmaqla birtərəfli
və ikitərəfli. Birtərəfli təhsil öyrənənə təhsil verən
tərəfindən məsafəli şəkildə mövzu ilə bağlı
materialların çatdırılması yolu ilə həyata keçirilib.
İkitərəfli distant təhsil öyrədən və öyrənənin məsafəli
şəkildə qarşılıqlı fikir mübadiləsi ilə həyata keçirilən
təhsil forması kimi qəbul edilib.
Distant təhsilin araşdırıcıları bu təhsil formasının
ilkin rüşeymlərini pedaqogika elminin atası sayılan Yan
Amos Komenskinin 1633-1638-ci illərdə qələmə aldığı "Böyük
didaktika" əsərindəki fikirlərində olduğunu qəbul
edirlər. Bu əsərdə təhsil verənlə təhsilalan arasındakı
qarşılıqlı mübadilə geniş şərh olunsa da distant təhsil
konsepsiyasının 1728-ci ildən formalaşdığını qəbul
edənlər də az deyil. Demək olar ki, həmin tarixdən bu
günədək distant təhsil konsepsiyası olduğu kimi qalsa da,
dəyişən yalnız kommunikasiya kanalları olub. Təxminən
300 il əvvəl cənab Kaleb Filipsin distant təhsilin ilk
təşkilatçısı kimi "Boston" qəzetində şəhərətrafı
bölgələrdən tələbələrin sürətli yazı və mühasibatlıq
kursuna dəvət elanı verməsi maraq doğurur. Onun tətbiq
etdiyi metod vasitəsilə tələbələrin məşğələ mövzuları
həftədə bir dəfə poçtla yaşadıqları ünvana göndərilirdi.
Distant təhsilin ilk mərhələsində poçt xidmətindən
istifadə olunması onun təkamülü tarixində əvəzsiz rol
oynamışdır.
Tezliklə bu üsulu öz fəaliyyətində tətbiq edən,
Birləşmiş Krallıqda yaşayıb fəaliyyət göstərən cənab
İsaak Pitman 1840-1890-cı illərdə arzu edənlərə sürətli
yazı metodikası dərslərini poçt xidmətindən istifadə
yolu ilə təmənnasız göndərir və belə hesab edirdi ki,
cəmiyyətin inkişafı onun bütün təbəqələrinin dini və
siyasi görüşlərindən, cəmiyyətdə tutduğu mövqedən asılı
olmayaraq ali təhsilə sərbəst çıxışındadır.
XIX əsrin 70-ci illərində Amerikada da distant təhsilin
ilk rüşeymləri görünməyə başlayıb. Belə ki, Anna Eliot
Tiknor 1873-cü ildə qadınların poçt xidməti yolu ilə
təhsil almaları üçün mexanizm hazırlayır və onu "Tiknor
Cəmiyyəti" adlandırır. 1874-cü ildə bu üsul İllinoys
ştatında fəaliyyət göstərən universitet tərəfindən
tələbələrə təklif edilir.
1892-ci ildə Amerikada "Poçt xidməti vasitəsi ilə təhsil"in
atası hesab edilən Vilyam Reyni Harper Çikaqo
Universitetində ilk dəfə olaraq distant təhsil mərkəzi
açır. 1906-cı ildə bu təcrübəni Amerikanın Viskonsin
Universiteti (University of Wisconsin) də tətbiq edir.
Bəs nə üçün bütün insanlara açıq olan distant təhsil
hamı üçün təhsil vermək imkanı əldə edə bilmirdi? Bu
suala XIX əsrin 90 -cı illərində ICS (International
Correspondence Schools) kompaniyası özünün keçirdiyi
böyük sosial eksperimentdən sonra cavab tapa bilir.
1888-ci ildə Amerikada fəaliyyətə başlayan Distant
Təhsil Mərkəzi amerikalı şaxtaçı-immiqrantların karyera
həvəsini reallaşdırmaq məqsədi daşıyırdı. Reklamına və
onu satanlara milyon dollarlarla pul xərclənən distant
təhsil kurslarına 18 il ərzində ICS vasitəsi ilə bir
milyon tələbə qeydiyyata alınır. Nəzərə alsaq ki, həmin
dövrdə ABŞ-da 75 milyon əhali yaşayırdı, lakin nəticələr
ürəkaçan deyildi. Qeydiyyata alınan tələbələrin 83,4
faizi üçüncü kursun məzunu ola bilmir, məzunlar isə cəmi
2,6 faiz təşkil edirdi. ICS-in menecerlərindən biri öz
kitabında bu haqda yazırdı: "Tələbələr proqramın
çətinliyindən, aşağı motivasiya və praktik vərdişlərin
olmamasından şikayətlənirdi". Beləliklə, 100 il əvvəl
aydın idi ki, "distant təhsil yalnız yüksək motivasiyalı
və mədəniyyətli insanların ala biləcəyi təhsil metodudur.
Əgər motivasiya və yüksək mədəniyyət yoxdursa, pulsuz
təhsil almağın da nəticəsi olmayacaqdır".
Qısa zaman kəsiyində distant təhsil imkanları
Avstraliyaya qədər gedib çıxır. 1911-ci ildə Kvidlend
Universitetində distant təhsil kursları fəaliyyətə
başlayır. 1914-cü ildə məktəblərdən uzaqda yaşayan
uşaqlar üçün distant şəkildə ibtidai təhsil kursları
verilir. Məktəblilər üçün nəzərdə tutulan bu proqram
tezliklə Kanada və Yeni Zelandiyada da tətbiq edilir.
1917- ci il inqilabından sonra Rusiyada da distant
təhsil forması yaranmağa başlayır. Sovet İttifaqında
distant təhsilin yeni modeli işlənib hazırlanır ki, bu
da konsultativ təhsil və ya qiyabi təhsil adlanır. Artıq
XX əsrin 60-cı illərində SSRİ-də 11 qiyabi təhsil verən
universitet fəaliyyət göstərirdi. İkinci Dünya
müharibəsindən sonra bu metod Mərkəzi və Şərqi Avropada
da tətbiq olunmağa başlayır.
Radio və televiziya
vasitəsilə distant təhsil
XX
əsrin əvvəllərində radionun yaranması ilə distant təhsil
də yeni forma və məzmun alır. Tələbələr evdən müəllimin
mühazirələrini radio vasitəsilə dinləməyə başlasalar da,
sənədləşmə işləri yenə də poçt vasitəsi ilə həyata
keçirilir. Radio vasitəsi ilə ilk distant təhsil verən
Pensilvaniya Universiteti 1922-ci ildən öz yayımına
başlayır. 1934-cü ildən isə Ayova Universiteti dünyada
ilk dəfə təhsil kanalı açmaqla öz ətrafına geniş
dinləyici toplaya bilir. Qeyd edək ki, həmin radio
kanalı indi də fəaliyyətini davam etdirir.
1938-ci ildə Kanadada "Poçt xidməti vasitəsi ilə təhsil"
metoduna həsr olunmuş birinci beynəlxalq qurultay (International
Council for Correspondence Education) keçirilir.
Qurultay qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir
çox dövlətlər qarşısında məsələ qaldırır. Fransa dövləti
də təhsilin bu formasına biganə yanaşmır. 1939-cu ildə
Fransada distant təhsil mərkəzi (Centre National
dTEnseignement a Distance, CNED) yaradılır. Hazırda bu
mərkəzin dünyanın 120 ölkəsində filialı fəaliyyət
göstərir. 2 mindən yuxarı təhsil kursu, 500 min
istifadəçisi, 6 mindən çox professor-müəllim heyətini
birləşdirən bu mərkəz Avropanın prestijli təhsil
mərkəzlərindən sayılır. Bu mərkəz peyk televiziyası,
video və audio kasetlər, elektron poçt və İnternet,
eləcə də ənənəvi ədəbiyyatlarla zəngin imkanlara
malikdir. 1946-cı ildə Cənubi Afrika Universiteti də
distant təhsil həyata keçirən universitetlər sırasına
daxil olur.
XX əsrin 60-cı illərinin ortalarında ABŞ-da yaradılan
Eksperimental Kolleclər və Universitetlər Birliyi (UECU)
təhsilə yeni yanaşmalar və metodlar hazırlayır. Bu
birlik tezliklə çoxlu sponsorlar tapmaqla tanınmış
universitetləri öz ətrafına toplaya bilir. Nəticədə
1970-ci ildə Divarsız Universitet konsepsiyası (University
Without Walls- UWW) hazırlanır ki, orada əks olunan
müddəalar bugünkü günümüzdə də öz aktuallığını qoruyub
saxlayıb. Beləliklə, UWW konkret bir universitet deyil,
peşəkar təhsil proqramları hazırlayan bir mərkəz kimi
fəaliyyət göstərir. Lakin eksperimentlərin nəticələri
yenə də ürəkaçan olmur. 12 illik fəaliyyəti dövründə
UWW-nin distant proqramları nəticəsində cəmi 1000
bakalavr məzun olur. Buna baxmayaraq, yaranan rəqabət
nəticəsində digər universitetlər 30 yaşdan yuxarı
insanları da tələbə kimi qəbul etməyə başlayır. Rəqabət
isə insanların təhsil almaq imkanlarını artırır.
Distant təhsilin inkişafında yeni era
XX
əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada
distant təhsilin imkanları dövləti maraqlandırmağa
başlayır və bu layihənin reallaşması üçün konkret
addımlar atılır. Yeni tədris planları, tədris-metodiki
vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet
(Open University) layihəsini kraliça təsis etsə də, onun
icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır.
Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin
edilir. Açıq Universitet fəaliyyətinin ilk illərində
Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən hər
kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına
orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar
da qəbul edilir. Dövlət universiteti olduğuna görə bura
müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant
şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt
vasitəsi ilə aparılırdı. Baş nazir Harold Uilson
dərslərin televiziya və radio vasitəsi ilə ötürülməsini
nəzərə alıb universitetin "Efir universiteti"
adlandırılmasını təklif etsə də "Açıq Universitet"
adlandırılması onun konturlarını daha geniş çəkməyə
imkan verir. Fəaliyyətinin ilk illərində yalnız öz
vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə
xarici vətəndaşların qəbulunu da həyata keçirməyə
başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsili
qeyri-ənənəvi yolla həyata keçirən layihələr
reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda
aparılan mübarizə universitetlərin də bu sahədə
inkişafına səbəb olur. Əbəs deyil ki, Harold Uilson
sonralar yazırdı ki, Açıq Universitetin yaradılması "siyasi
akt" idi. Hazırda bu universitet distant təhsil həyata
keçirən universitetlər arasında liderliyini davam
etdirir. Hər il bu universitetin qəbul planı 200 min
tələbəni keçir.
Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən
sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED)
ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.
1979-cu ildə Çində ilk dəfə olaraq distant təhsil verən
Milli Televiziya və Radio Şəbəkəsi yaradılır. Bu hadisə
distant təhsilin dünyanın bütün qitələrində fərqli
dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də,
məqsəd bir idi- açıq təhsil imkanlarını genişləndirmək
və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək.
Beləliklə, XX əsrin ortalarında distant təhsilin
imkanları televiziya, radio, poçt vasitəsilə həyata
keçirilən audio və video materialları əhatə edir.
1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və
telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır
(PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən
təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər
içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə
üzrə maraqları əhatə edən (Adalt Learning Service)
proqramlar mühüm yer tutur.
Distant təhsil sahəsində tanınmış universitetlər
içərisində Pensilvaniya Univetsitetini də misal
göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO
tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə
edilir. Distant təhsil formasının tətbiq edildiyi və bu
sahədə böyük təcrübə toplamış ölkələrdən biri də Türkiyə
Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində
1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur.
Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant
təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.
XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi
distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına
rəvac verir. 1997-ci ildə yaradılan Kaliforniya Virtual
Universiteti (California Virtual University), daha sonra
1999-cu ildə ABŞ-da fəaliyyətə başlayan ilk dövlət
akkreditasiyalı distant təhsil universiteti- Jones
Beynəlxalq Universitetinin (Jones İnternational
University) saytında 700 onlayn kursun kataloqu
yerləşdirilir.
Beləliklə, XX əsrin 80-ci illərində kompüter
texnologiyalarının cəmiyyət həyatına daxil olması ilə
distant təhsil yeni forma və məzmun əldə etməyə başlayır.
Daha sonra İnternetin dünyanın bütün ölkələrini simsiz
rabitə ilə birləşdirməsi distant təhsilin imkanlarını
genişləndirməklə yanaşı, həm də onu asanlaşdırır.
1989-cu ildə Tim Berners Lee beynəlxalq hörümçək toru
adlanan qlobal şəbəkənin (world wide web-www) layihəsini
təqdim edir. 1995-ci ildə Amerikanın Penn Dövlət
Universitetində Jerrold Maddoxun İnternet üzərindən "İncəsənət
haqqında şərh" adlı dərsi ilk dəfə olaraq online
yayımlanır. Bu haqda biz daha sonrakı araşdırmalarımızda
məlumat verəcəyik. Eyni zamanda
informasiya-kommunikasiya imkanlarının yaratdığı
şəraitdən bəhrələnən ölkəmizdə distant təhsilin
yaranması və inkişaf meyilləri də araşdırmamızın əsas
istiqamətini əhatə edəcəkdir.
Qloballaşma prosesləri və iqtisadi rəqabət ölkələr
arasında texnoloji və elmi cəhətdən rəqabətə, eyni
zamanda kvalifikasiyalı işçi qüvvəsinə tələbatın
artmasına gətirib çıxarıb. Unutmayaq ki, təhsil sahəsi
dövlət və özəl strukturların investisiya prioritetləri
içərisində əsas yerlərdən birini tutur. Təcrübə göstərir
ki, müasir dövrdə təhsil həm siyasi, həm də iqtisadi
xarakter almaqla aparıcı dövlətlərin önəm verdiyi
sahələrdəndir. Və biz qloballaşan dünyanın bir parçası
kimi milli mənəvi və bəşəri dəyərlərə, zəngin təcrübəyə
əsaslanan təhsil strategiyasını millətin və dövlətin
gələcəyinə, dünyadakı yerinin müəyyənləşməsinə
hesablanmış şəkildə həyata keçirməliyik.
(Ardı var)
Seyid SURƏ,
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə
prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent
|