Dekabrın
10-da İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının
sayca 112-ci təqdimat mərasimi keçirilib. Bütün
dünyanın diqqət mərkəzində olan mərasim, ənənəyə uyğun
olaraq, Alfred Nobelin vəfatının ildönümü gününə
təsadüf edib. Ötən illərdən fərqli olaraq bu dəfə İsveç
taxt-tacının varisi Viktoriya və ölkə, eləcə də Norveç
rəhbərliyi Cənubi Afrika Respublikasının sabiq
prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar
mərasimə qatılmayıblar.
Mərasim Norveçin "NRK" televiziyası və Nobel Mükafatları
Komitəsinin rəsmi saytı ilə canlı yayımlanıb. İsveç
kralı XVI Qustav Stokholm filarmoniyasında keçirilən
mərasimdə 2013-cü il tibb və fiziologiya, fizika, kimya,
ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatları
sahiblərinə təqdim edib.
2013-cü ilin sülh mükafatının təqdimolunma mərasimi
Osloda keçirilib.
Mərasim
Norveç Nobel Mükafatları Komitəsinin başçısı Turbyer
Yaqlandın çıxışı ilə başlayıb. O, dekabrın 5-də vəfat
etmiş Cənubi Afrika Respublikasının sabiq prezidenti
Nelson Mandelanın xatirəsini yad edərək 20 il əvvəl onun
sülh üzrə Nobel mükafatı aldığını xatırladıb.
2013-cü ildə ümumilikdə 13 nəfər, o cümlədən bir
təşkilat Nobel mükafatına layiq görülüb. Mükafata
layiq görülənlər arasında ən yaşlısı 84 yaşlı fizik
Piter Xiqqs, ən cavanı isə 57 yaşlı Tomas Sudhofdur.
Bu il Nobel sülh mükafatı Kimyəvi Silahların Qadağan
Olunması üzrə Təşkilata verilib. Təşkilat bu mükafata
Suriyadakı kimyəvi silahların məhv edilməsində böyük rol
oynadığı üçün layiq görülüb. Təşkilat adından mükafatı
qurumun baş katibi Əhməd Üzümçü qəbul edib. Təqdimat
mərasimində Ə.Üzümçü bildirib ki, rəhbərlik etdiyi qurum
bundan sonra da bütün dünyada sülh işinə sadiq qalacaq.
Bu il ədəbiyyat üzrə Nobel mükafatına kanadalı yazıçı
xanım Alis Munro layiq görülüb. Lakin səhhəti ilə
əlaqədar 82 yaşlı yazıçı mükafatlandırma mərasimində
iştirak edə bilməyib. Ali mükafat onun qızı Ceni
Munroya təqdim olunub.
Fiziologiya və tibb üzrə Nobel mükafatı hüceyrə
daxilində daşınmanın mexanizmini kəşf etdiklərinə görə
amerikalı tədqiqatçılar Ceyms Rotman, Rendi Şekman və
Tomas Sudhofa verilib.
Fizika üzrə mükafat britaniyalı tədqiqatçı, "bozon"
nəzəriyyəsinin banisi Piter Xiqqs və belçikalı Fransua
Enqlerə təqdim olunub. Kimya üzrə mükafat hazırda
ABŞ-da çalışan Martin Karplyus, Maykl Levitt və Ari
Uorşelə verilib.
İqtisadiyyat üzrə builki Nobel mükafatını amerikalı
iqtisadçılar Yudjin Fame, Lars Piter Hansen və Robert
Şiller alıblar.
Laureatlara Alfred Nobelin əksi həkk olunmuş medal,
diplom və 1,3 milyon dollarlıq çek təqdim olunub.
Mükafatın rəsmi təqdimatından sonra Stokholmda
laureatların şərəfinə və qonaqlar üçün bayram ziyafəti
təşkil olunub.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |