Bu
sual demək olar ki, valideynlərin əksəriyyətini
düşündürür.
Hətta, "Övladım 100-ə qədər sayır, bütün hərfləri
tanıyır, çoxlu şeir və nağıllar öyrənsə də məktəbdə
dərslərini qavramaqda çətinlik çəkir" deyən
valideynlərin necə böyük təlaş və həyəcan
keçirdiklərinin də dəfələrlə şahidi oluruq. Məktəbə ilk
dəfə qədəm qoyan balacalara gəldikdə isə dərs
prosesində qarşılaşdıqları çətinliklər onları həm zehni,
həm də fiziki cəhətdən yorur və qısa bir müddət ərzində
təhsil müəssisəsinə alışmasını ləngidir.
Bu gün "yaddaş məktəbi"ndən "düşüncə və təfəkkür məktəbi"nə
keçid uşaqlara fərqli yanaşmanı tələb edir. Təsadüfi
deyildir ki, son illər müəllimlər tərəfindən də məhz
uşaqlara şəxsiyyət kimi yanaşılır. Valideynlər də
övladlarının məktəbə getməsinə bir, iki il qalmış onları
məktəb təliminə hazırlamağa başlayırlar. Nəticə isə
əksər vaxtlarda yuxarıda qeyd etdiyimiz kimi o qədər də
ürəkaçan olmur. Uşaqlarında nitq inkişafını, diqqət,
yaddaş, təfəkkür, təxəyyül və digər psixi xüsusiyyətləri,
həyati bacarıqları formalaşdırmaq əvəzinə onlara əsasən
mahiyyətini başa düşmədikləri müəyyən şeyləri öyrətməyə,
əzbərlətməyə çalışırlar. Digər bir məsələ isə uşaqların
məktəb təliminə hazırlığının hansı formada həyata
keçirilməsidir. Yəni, valideyn seçim qarşısında qalır,
bilmir ki, övladlarını uşaq bağçasının məktəbəqədər
hazırlıq qrupuna və ya ümumtəhsil müəssisəsinin
məktəbəhazırlıq qrupuna, yoxsa müxtəlif adlar altında
fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarına
qoysun. Bəzi valideynlər əksinə, uşaqlarını məktəb
təliminə özləri hazırlamaq istəyirlər. Bəs görəsən
bunlardan hansı uşaqların məktəb təliminə hazırlığında
daha effektiv nəticə verə bilər? Ümumiyyətlə, uşaqlar
məktəbə gedənədək nələri bilməlidirlər? Elə psixoloq və
pedaqoqumuzla söhbətimizdə də bu məsələlərə aydınlıq
gətirməyə çalışdıq. Onların fikirlərini bilmək,
düşünürük ki, valideynlərimiz, bütövlükdə oxucularımız
üçün də maraqlı olar.
Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu
Məktəbə psixoloji hazırlıq uşaq həyatının ən önəmli
dövrlərindən biridir. I sinfə daxil olacaq uşaqlarla
psixoloji hazırlığın təşkil edilməsi mühüm yerlərdən
birini tutur. Y.L.Kolominski şəxsi hazırlıq,
intellektual hazırlıq və sosial-psixoloji hazırlığı
məktəbə psixoloji hazırlığın əsası hesab edir. Bu dövrdə
hazırlığın önəmli hissəsi kimi oyun əsas fəaliyyət
formasıdır. Uşaq yeddi yaşa qədər üç mühüm mərhələni
keçir: ümumi insani dəyərləri mənimsəmək, onu dərk etmək
və ətraf aləmi emosional şəkildə öyrənmək. Üç yaşdan
yeddi yaşa qədər uşağın idrak, iradi və emosional
inkişafı üçün yeni imkanlar yaranır. Yalnız yeddi yaşın
başlanğıcında nəzəri təfəkkür formalaşmağa başlayır.
Yaşıdları ilə ünsiyyətə girmək qabiliyyəti təlim
fəaliyyətinə keçid üçün yetərli olur. İxtiyari diqqət
təlim materiallarının mənimsənilməsi, iradi səy
çətinliklərin aradan qaldırılmasına imkan verir. Məktəbə
uyğunlaşmanın iki əsas yolu var. Biri hələ məktəbəqədər
yaş dövründə uşağın tədricən oyun prosesində təlimə
alışması, digəri isə təlim fəaliyyətinin müəyyən müddət
oyun xarakteri daşıması ilə bağlıdır.
Məktəbəqədər hazırlıqda aşağıdakılara diqqət edilməlidir:
*
Uşağın məktəbə kommunikativ hazırlığı
*
Məktəbli mövqeyinin mənimsənilməsi
*
Məktəb həyatı haqqında bilik və təsəvvürlərin yaranması
*
Təlim fəaliyyətinin çətinliklərinə alışmaq
*
Təlim motivasiyasının yaranması və tədricən
möhkəmlənməsi.
Məktəb təliminin başlaması ilə uşağın davranışına təsir
edəcək amillər də dəyişir. Belə ki, gün rejiminin
dəyişməsi - səhər tezdən yuxudan durmaq, ev
tapşırıqlarını hazırlamaq, əşyalarını səliqəli saxlamaq
kimi məsuliyyətlər qoyulur uşaq qarşısında. Əgər bu
proseslər məktəbəqədər hazırlıq dövründə düzgün
qurulmayıbsa, uşaq üçün müəyyən çətinliklər yaranacaq.
Məktəbəqədər hazırlıqda artıq uşaqda 1-ci sinfə aid
ilkin məlumatlar formalaşdırılmalıdır. Onlar fiqurları,
rəngləri, səbəb-nəticə əlaqələrini, ümumi və
xüsusiləşdirməyi bacarmalıdırlar ( məsələn, suda və
quruda yaşayan heyvanları, meyvələrin rəngini, dadını,
meyvələrlə bitkiləri ayırmaq kimi və s.). Bunlarla tanış
olmayan uşaq ilk dəfə gəlir məktəbə və adaptasiya ola
bilmir. Bu da uşağı gərginliyə salır. Məktəbə
getməmişdən əvvəl istədiyi vaxt oynayan uşaq bundan
qismən məhrum olur. Həmin prosesə uşağı yavaş-yavaş
alışdırmaq lazımdır.
Uşağın məktəb həyatı bütövlükdə müəllim şəxsiyyəti ilə
əlaqədar olur. Müəllimin məktəbdəki mövqeyi birbaşa
təlimlə bağlıdır. Onlar daha ciddi və daha işgüzar bir
münasibətdə olurlar. Bağçadakı tərbiyəçinin mövqeyi isə
daha mülayim, mehriban olur və uşaq üçün bir növ
valideyni əvəz edən bir rolu xatırladır. Bu rolların
dəyişilməsi də uşaq üçün yeni bir sosial şəraitin olması
deməkdir. İbtidai sinif müəllimləri 1-ci sinfə daxil
olan uşaqlara fərdi yanaşmağı bacarmalıdırlar. Hər bir
uşaq məktəbə yeni bir mədəniyyət, yeni bir münasibət
gətirir.
Məktəbə hazırlığın əsas xüsusiyyətlərini
konkretləşdirsək, məktəb proqramının mənimsənilməsi üçün
lazım olan bilik, qabiliyyət, motivasiya və davranışın
optimal səviyyəyə çatdırılmasını aid etmək olar. Bura
əqli fəaliyyət, idrak prosesləri, maraqları, diqqət və
hafizənin xarakterik xüsusiyyətlərini də aid etmək olar.
Məktəbə hazırlıqda uşaq fəaliyyətini iradi tənzimləməyi
bacarmalıdır. Bunun üçün uşaqları rollu, təlim
xarakterli oyunlarla həmin prosesə hazırlamaq lazımdır.
Məsələn, 6 yaşı tamam olmayan məktəbəqədər hazırlıq
qrupuna gedən bir uşağı müəllim: "Gah stolun altına
girir, gah sumkasından nə isə cıxarır", -deyə
idarəolunmaz bir tip adlandırırsa, günahı uşaqda
axtarmaq yanlış olar. Əslində onu cəzalandıran, ona
qışqıran, onu gücsüz edən təlim prosesinin gedişatına
nəzər salınmalıdır. Öncə uşağın stolun altına niyə
girdiyinin psixoloji səbəbləri araşdırılmalı və sonra
tədbirlər görülməlidir. Bu cür uşaqların dərsə qarşı
qayğıları, qorxuları olur. Bunları məktəb psixoloqu ilə
müəllim birlikdə aradan qaldırmalıdır. Bu çətinlikləri
aradan qaldırmadan 1-ci sinifdə hec bir nəticə əldə
etmək olmayacaq.
Uşaqlara yüksək səviyyəli bilik verərkən, onlara vərdiş
və bacarıqlar öyrədərkən özləri də undulmamalıdır. Yəni,
yaşlıların vəzifəsi uşağı öyrətmək, tərbiyə vermək,
uşaqların borcu isə öyrənmək, sözə baxmaqdan ibarət
deyildir. Artıq qarşımızda yeni bir şəxsiyyət yetişir
və formalaşır.
Məktəbəqədər hazırlıqda məktəb həyatı ilə bağlı oyunlar
keçirilməlidir. Məsələn, indi dərsdir, özünü necə
aparmaq lazımdır? İndi tənəffüsdür. Uşaqlar müəyyən
qədər təcrübə qazandıqdan sonra oyun qaydaları bir qədər
mürəkkəbləşir. Oyun təxminən dərsdə, tənəffüsdə olduğu
kimi qurulur.
Məktəb həyatına başlamamışdan əvvəl uşaqda məktəb
həyatına psixoloji identifikasiya başlayır: "Mən daha
uşaq deyiləm, artıq məktəbliyəm". Məktəb həyatına
identifikasiya uzun və ziddiyyətli bir prosesdir.
Valideynlər və tərbiyəçilər uşaq qarşısında sosial
mövqelərini kəskin şəkildə qoymamalıdırlar. Onlar hesab
edirlər ki, məktəb həyatına başlayan uşaqlar daha oyun (qızlar
kukla oynatmamalı, oğlanlar oyuncaq maşın sürməməli)
oynamamalıdırlar. "Sən daha uşaq deyilsən, I sinif
şagirdisən. Özünü uşaq kimi aparmaq sənə yaraşmaz". Bu
cür qeyri-real tələblər uşağın imkanları ilə üst-üstə
düşmür, onun təlim maraqlarına və motivlərinə mənfi
təsir göstərir. Eyni zamanda, uşağın
özünüqiymətləndirməsini, özünəinamını azaldır. Belə
hallar məktəbəqədər hazırlıq prosesi keçməyən, əzizlənən,
təriflənən, müəyyən qədər eqoist böyüyən uşaqlar üçün
ağır keçir. Yaxşı olar ki, böyüklərin gözləmələri və
tələbləri reallığa uyğun, uşaq üçün başa düşülən olsun.
Bilirsiniz, məktəbə daxil olmaqla uşağın uşaqlığına son
qoyulmur. Uşağa imkan verilməlidir ki, o, dərs
prosesində şagird, ondan kənarda isə uşaq olsun. Lakin o,
məktəbə getməmişdən əvvəl onun məktəbə daxilən hazır
olmasına kömək etmək lazımdır. Məktəbəqədər təhsilin, o
cümlədən uşaqların məktəbə psixoloji hazırlığının
mahiyyəti bu proseslərdə çox vacib bir məsələdir.
Məlahət
ŞİRİNLİ,
Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin ibtidai
sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
Bu gün müəllimin, eyni zamanda şagirdin qarşısında
qoyulan tələblər dəyişib. Müəllim dərs prosesində uşağın
fəallığını yaxşı təşkil etməyi, sinifdə fəal təlim
mühiti yaratmağı bacarmalıdır. Məktəb təliminə hazırlıq
zamanı valideyn, ilk növbədə, öz uşaqlarının daha
hazırlıqlı olması və müvəffəqiyyətlə oxuması üçün onun
bir sıra keyfiyyətlərə yiyələnməsinə xüsusilə diqqət
yetirməlidir. Bu keyfiyyətlərə məntiqi düşünmək və
qavramaq, mühakimə, müqayisə və təhlil etmək, işi sona
qədər çatdırmaq, diqqətli olmaq aiddir. Valideyn
övladlarının nitqinin aydınlığı və rabitəliliyinə,
fikrini sərbəst, düzgün ifadə etməsinə, müxtəlif sahələr
üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən
bilik və bacarıqların nümayiş etdirilməsinə imkan
yaratmalıdır. Üzümü valideynlərə tutub deyirəm ki, əgər
uşağınızın 3 yaşı varsa, deməli artıq onun əqli
qabiliyyətini normal inkişaf etdirməyə gözəl imkan
yaranıbdır. Uşaqlarla pillə-pillə müxtəlif yolla sadə
hesablama vərdişlərinə yiyələnmək, nitqin, əqli
qabiliyyətin inkişafı, ətraf aləmlə tanışlıq sahəsində
işlərin aparılmasına başlanılmalıdır. Məsələn, uşaq nənə-babanın
və yaxud ata-ananın köməyi ilə pazlları (hər hansı bir
fiqurun qurulması üçün istifadə olunan hissəciklər)
quraraq müəyyən bir fiquru düzəldir. Gələn dəfə uşaq
bunu özü düzəltməyə can atır. Bu zaman demək olar ki,
ona kömək az edilir. Nəticədə uşaq həmin fiquru artıq
qısa bir müddətdə özü müstəqil şəkildə qurmağı bacarır.
Bu əyləncəli oyun uşağın məntiqi təfəkkürünün, düşüncə
tərzinin formalaşmasında əhəmiyyətli rol oynayır.
Valideynlər uşaqları ilə danışmalı, boş vaxtlarını
birlikdə keçirməli, müxtəlif mövzularda söhbətlər
aparmalıdırlar. Ata-analar övladlarının onlara
verdikləri sualları bəzən qulaqardına vurur, cavab
vermir, bəzən də hirslənirlər. Belə yanaşma düzgün deyil.
Verilən suallar isə gün ərzində kifayət qədər çox olur.
Ata-analar əslində övladlarına elə bir şərait
yaratmalıdırlar ki, onlar öz fikirlərini düzgün şəkildə
çatdırmağı bacarsınlar, maraqlandıqları müxtəlif
mövzular, baş verən hadisələr barədə düşündüklərini,
təəssüratlarını bölüşə bilsinlər, nəyi isə birlikdə
müzakirə etsinlər. Dialoqları "Nə üçün", "Bu bizə niyə
lazımdır" digər uşaqları maraqlandıra biləcək, onların
məntiqi, yaradıcı təfəkkürünün, ümumiləşdirmə
bacarığının və yaxud hər hansı bir məsələ ilə bağlı
söhbət edərkən müstəqil olaraq müvafiq bir nəticəyə
gəlməsinə kömək edə bilən müxtəlif səpgidə suallar
ətrafında qurmaqla onlarda zehni keyfiyyətlərin
formalaşmasına əhəmiyyətli dərəcədə kömək edə bilərlər.
Valideynin uşağının gördüyü, şahidi olduğu, bilavasitə
iştirakçısına çevrildiyi hər bir hadisə barədə ondan
məlumat almaq bacarığı olmalıdır. Hər günlə bağlı uşağın
öz fikirləri olmalı, gördüklərindən nəticə çıxarmağı,
ünsiyyət qurmağı bacarmalı və yaxud ona müəyyən
təkliflərlə çıxış etmək üçün şərait yaradılmalı,
sərbəstlik verilməlidir. Bundan başqa, müəyyən
inkişafetdirici tapşırıq, test kitabçalarından, digər
əlavə vəsaitlərdən istifadə etməklə uşaqlarla xüsusi
məşğələlər keçmək olar. Məşğələnin müddəti isə 30
dəqiqə, özü də fasilələrlə olmalıdır.
Biz müəllimlər təklif edərdik ki, yerli televiziya
kanallarımızda uşaqlarla, onların məktəb həyatına
hazırlıqları ilə bağlı müəyyən verilişlər hazırlansın.
Bilirsiniz ki, kiçik yaşlarında uşaqlar görüb-götürməyə,
öyrənməyə daha həvəsli olurlar. Məktəb təliminə
hazırlaşan uşaqlar üçün təhsil üzrə mütəxəssislərimiz,
tanınmış pedaqoqlarımız tərəfindən inkişafetdirici
xüsusi disklərin hazırlanması, düşünürük ki, olduqca
əhəmiyyətli olar.
Uşaqlarını məktəb təliminə hazırlamaq üçün
valideynlərdən bəzisi onları uşaq bağçalarındakı
məktəbəqədər və ya ümumtəhsil müəssisəsinin
məktəbəhazırlıq qruplarına, bəziləri isə müxtəlif adlar
altında fəaliyyət göstərən məktəbəqədər hazırlıq
kurslarına qoyurlar. Valideynlərin bir qismi isə
övladları ilə evdə özlərinin məşğül olmasına üstünlük
verirlər. Əlbəttə, uşağın kollektivçiliyə, digər
yaşıdları ilə birlikdə məşğul olmağa öyrəşməsində,
ünsiyyət qurmasında, məktəbə müəyyən qədər hazır
olmasında bağçalar mühüm rol oynayır. Uşağın məktəb
təliminə hazır olmasında ümumtəhsil müəssisəsinin
məktəbəhazırlıq qrupunun rolu da danılmazdır.
Övladlarının məktəbə hazırlığı ilə özü məşğul olmaq
istəyən valideynlərə demək istərdim ki, uşaqların həmin
yaş dövründə əqli inkişafında baş verən proseslər onları
artıq oxumağa və öyrənməyə sövq edir. Bu isə uşaqların
təkbaşına bacaracağı iş deyil. Valideynlər onlara dəstək
olmalı, kömək etməli və düzgün istiqamətləndirməyi
bacarmalıdırlar. Həmin dövr ərzində uşaqlarda diqqət,
hafizə, təfəkkür, təxəyyül kimi ən əsas idrak prosesləri
inkişaf edir. Məhz həmin vaxt onların söz ehtiyatının
zənginliyinə, nitqinin aydın və rabitəliliyinə, fikrini
sərbəst, düzgün ifadə edə bilməsinə xüsusi diqqət
yetirməlidirlər.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Ən yaxşı müəllimin "açıq dərs"i
Milli
Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının
ibtidai sinif müəllimi Leyla Əsgərovanın "Uşaq Hüquqları
Konvensiyası nə deməkdir" mövzusuna həsr olunan "açıq
dərs"ində ilk diqqətimizi cəlb edən plakatdakı sözlər
oldu: "Uşaqlar bizim gələcəyimiz və sabahımızdır, gəlin
uşaqları qoruyaq, uşaq zorakılığına "yox" deyək, onların
hüquqlarının tapdanmasına yol verməyək". İlk öncə
uşaqların məktəbdən yayınması, valideyn himayəsindən
məhrum olan küçə uşaqlarının zorakılığa məruz qalması,
xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatından
görüntülər slaydlarla nümayiş olundu.
Sonra L.Əsgərova Uşaq Hüquqları Konvensiyası haqqında
ətraflı məlumat verdi. Qeyd etdi ki, BMT 1989-cu ildə "Uşaq
hüquqları haqqında" konvensiyanı qəbul edib. Hazırda 190
dövlət həmin konvensiyaya qoşulub. Bu uşaq hüquqlarının
həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması
və qorunması deməkdir. Həmin sənəd uşaq hüquqlarının
müdafiəsi, onların sağlamlığı, qida ilə təminatında
dövlətlərin bir-birinə qarşılıqlı yardım göstərməsinə
imkan verir. Eyni zamanda, konvensiyaya uşaqların
münaqişələrdə iştirakına imkan verməmək, onların
hüquqlarını müdafiə etmək barədə maddə daxil edilib.
Uşaq hüquqları haqqında Azərbaycan Respublikası
Qanununun 11-ci maddəsində deyilir: "Hər bir uşağın
hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə
uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə
almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə,
məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə
müəssisələrində aparılır".
Leyla Əsgərova daha sonra Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açdı.
Slaydlarda Mehriban xanım Əliyevanın gördüyü işlərdən
konkret rəqəmlərlə bəhs olundu.
Dərsdə əqli hücum, müqayisə, diskussiya üsullarından
istifadə olunaraq ilkin mərhələdə motivasiyanın
yaradılmasına üstünlük verildi. Leyla müəllim dərsdə
iştirak edən şagirdləri "Günəş", "Ulduz", "Göy qurşağı"
qruplarına böldü və onlara "Öz hüquqlarınız haqqında nə
bilirsiniz, "Uşaq hüquqları kim tərəfindən qorunur", "Uşaqlıq
dövrü neçə yaşa qədər müddəti əhatə edir" test
tapşırıqlarına və digər suallara cavab verməyi tapşırdı.
Qruplar arasında yarış başlandı. "Günəş" qrupunun
üzvləri test tapşırıqlarında "irqindən, dinindən,
milliyyətindən asılı olmayaraq hər kəs azaddır" dedilər,
öz ana dilində danışmağı, milli adət-ənənələrimizi,
milli dəyərlərimizi qoruyub saxlamağı üstün saydıqlarını
bildirdilər. "Göy qurşağı" qrupunun uşaqları şəkillər
əsasında danışdılar. Səhnəcik nümayiş etdirdilər. Kim
səhv edir, valideyn, yoxsa uşaq? Dördüncülər bu
suallara cavab tapmağa çalışdılar. "Ulduz" qrupu isə
Azərbaycan filmlərində hüququ tapdanan uşaqların
həyatını əks etdirən epizodlardan soz açdılar.
"Buratino" uşaq cizgi filmindən fraqmentlər nümayiş
olundu və filmə aid suallar cavablandırıldı. Lövhədə
uşaq hüquqlarının pozulmasına aid müxtəlif fikirlər
qeyd olundu.
Dərsin sonunda Leyla müəllim verilən tapşırıqların
öhdəsindən bacarıqla gələn dördüncülərin cavablarını
meyar cədvəlinə əsasən qiymətləndirdi. Bilik
yarışmasında müəllim Nuray Quliyevanın, Cəlal Əliyevin
və Seyid Hüseynlinin fərqləndiyini qeyd etdi.
Dərsi dinləyən məktəbin direktoru Mahizər Şabanbəyova
Leyla Əsgərovanın keçdiyi "açıq dərs"i yüksək
qiymətləndirərək müəllimin dərsin gedişində BİBÖ, söz
assosiasiyası, rollu oyunlardan, yeni təlim üsullarından
məharətlə istifadə etdiyini qeyd etdi və "açıq dərs"dən
razı qaldığını söylədi. Vurğulandı ki, uşaqlar sabahın
savadlı kadrları, ölkəmizi düşməndən qoruyan əsgərləri,
bayrağımızı xarici ölkələrdə dalğalandıran idmançıları,
ən əsası sağlam gələcəyimizdir. Buna görə də onları
qorumaq və müdafiəsinə qoşulmaq hamımızın borcudur.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"
"Çin adət-ənənəsi: tarix və müasirlik"
Dekabrın
10-da Azərbaycan Dillər Universitetində Çin dili və
mədəniyyəti mərkəzinin və İnformasiya Resurs
Kompleksinin Folklor mərkəzinin təşkilatçılığı ilə "Çin
adət-ənənəsi: tarix və müasirlik" mövzusunda tədbir
keçirilib.
Mərkəzin direktoru, dosent Rafiq Abbasov Çinin milli
adət-ənənələri, mərasimləri, bayramları haqqında geniş
məlumat verib və bu ənənələrin dünya mədəni irsinin əsas
elementi kimi qorunub saxlandığını bildirib. O, Çinin
özünəməxsus ənənələrini, Azərbaycan-Çin arasındakı
mədəni əlaqələrin çoxşaxəli inkişafını xüsusi qeyd edib.
R.Abbasov Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın
zəngin qeyri-maddi mədəni irsinin qorunmasında və
təbliğində göstərdiyi xidmətlərdən danışıb.
Tədbirdə çıxış edən regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil
alan tələbələr Çin dilində çıxış edib, Çin şairlərinin
şeirlərini səsləndiriblər. Sonra milli Çin toy
mərasiminin xüsusi geyimlərlə teatr tamaşası nümayiş
etdirilib. Çin Xalq Respublikasının Azərbaycandakı
səfirliyinin müşaviri Li Yonghui tədbirdə iştirak
etməsindən məmnun olduğunu bildirib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |