Lənkəran Dövlət Universitetində
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş
anım mərasimi keçirildi.
LDU-nun Mətbuat və informasiya xidmətindən aldığımız
məlumatda bildirilir ki, universitetin rektoru Asəf
İsgəndərov tədbiri açdıqdan sonra ümummilli lider Heydər
Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rektor sözünə davam edərək bildirdi ki, ulu öndər bütün
ömrünü xalqa həsr etmiş, dövlət müstəqilliyinin
möhkəmlənməsi, ölkənin hərtərəfli inkişafı və onun
iqtisadi cəhətdən güclü, beynəlxalq sahədə nüfuzlu
dövlətə çevrilməsi istiqamətində çox mühüm işlər
görmüşdür.
Universitetin dil və ədəbiyyat kafedrasının müdiri,
filologiya elmləri doktoru, dosent Yədulla Ağazadə "Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və
bəşəriyyət tarixinin dahi şəxsiyyətidir" mövzusunda
məruzə edərək ümummilli lider Heydər Əliyevin müstəqil
dövlətimizin yaranması, möhkəmlənməsi və dünya ölkələri
arasında tanınmasında tarixi xidmətlərindən danışdı.
Universitetin tarix və fəlsəfə kafedrasının müdiri Rakif
İbadov, iqtisadi təhlil və idarəetmə kafedrasının müdiri
Tofiq Paşayev respublikamızın iqtisadi, sosial və mədəni
sahələrində qazanılan nailiyyətlərin ümummilli lider
Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu
siyasi kursun Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
bildirdilər.
Tələbələrdən Rüfanə Mahmudlu, Səbinə Həsənova, Aynur
Tağıyeva və başqaları çıxış edərək ümummilli lider
Heydər Əliyevin ideyalarına həmişə sadiq qalacaqlarını,
bundan sonra da yaxşı oxuyacaqlarını və universitetin
ictimai həyatında fəal iştirak edəcəklərini bildirdilər.
Sonda ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə
həsr olunmuş film nümayiş etdirildi.
Sonra universitetin kollektivi Lənkəran şəhərindəki
Heydər Əliyev Xatirə parkında dahi rəhbərin abidəsi
önünə çiçək dəstələri düzdülər.
Tədbirdə təhsil müəssisələrinin və ictimaiyyətin
nümayəndələri iştirak edirdilər.
***
Bakıdakı 54 nömrəli tam orta məktəbdə müasir
Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər
Əliyevə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə ulu
öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Məktəbin direktoru Sahibə Abbasova
ulu öndər Heydər Əliyev haqqında danışaraq bildirib ki,
Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının və
mədəniyyətinin inkişafı, xalqın rifahının yüksəlməsi
üçün böyük xidmətlər göstərmiş ikinci belə tarixi
şəxsiyyət olmayıb. Ümummilli lider xüsusilə elm və
təhsilin inkişafına həmişə böyük diqqət və qayğı
göstərib, onun hakimiyyətdə olduğu illərdə yeni-yeni
təhsil müəssisələri yaradılıb, azərbaycanlı gənclərin
respublikadan kənarda təhsil alması üçün geniş imkanlar
açılıb. Qeyd olunub ki, Azərbaycan gəncləri dövlətimizin
başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməklə
hər sahədə fəallıq göstərir, ulu öndərimizin müqəddəs
amallarına sadiqlik nümayiş etdirirlər. Vurğulanıb ki,
dahi şəxsiyyətin ideyaları nə qədər yaşayırsa, deməli, o
özü də yaşayır. Əminlik ifadə olundu ki, Azərbaycan
Respublikası bir dövlət kimi mövcud olduğu qədər Heydər
Əliyev də yaşayacaq. Hər bir azərbaycanlı fəxr etməlidir
ki, o, ulu öndərin yaratdığı müstəqil Azərbaycan
dövlətinin vətəndaşıdır.
Tədbirin aparıcıları qeyd etdilər ki, bu böyük şəxsiyyət
xalqımız tərəfindən hər an anılır, hər gün yad edilir.
Ulu öndər bu məhəbbəti xalqına, vətəninə, dövlətinə,
böyük türk dünyasına əvəzsiz xidməti ilə qazanıb,
əbədiyaşar liderə çevrilib.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Şagirdlər söylədikləri şeirlərlə, ifa etdikləri
mahnılarla ulu öndərə olan sevgilərini bildiriblər.
***
Bakıdakı 159 nömrəli tam orta məktəbdə ümummilli
lider Heydər Əliyevə həsr olunmuş anım tədbirində
əvvəlcə iştirakçılar müstəqil Azərbaycanın qurucusu və
memarı Heydər Əliyev haqqında şagirdlərin hazırladıqları
divar qəzetləri və fotostendlərlə tanış olublar.
Məktəbin akt zalında təşkil olunmuş tədbir Dövlət
himninin ifası və Dövlət bayrağının Üzeyir Hacıbəylinin
"Koroğlu" uvertürasının sədaları altında səhnəyə
gətirilməsi ilə başlayıb. Tədbir iştirakçıları xalqın
sevimlisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər. Ulu öndər haqqında
danışan məktəbin direktoru Vahid Xəlilov bildirib ki,
tarix güclü şəxsiyyətləri sevir. O şəxsiyyətləri ki,
onlar öz xalqını yüksəklərə qaldırır və gözəl gələcəyə
aparır. O adamlar ki, gələcək nəsillər naminə qurub
yaradır və milli dövlətçilik binasının özülünü qoyur. Bu
gün xatirəsini anmaq üçün bura yığışdığımız ümummilli
liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.
Dahi lider hələ 1969-cu ildə ilk dəfə hakimiyyətə
gələndən sonra ölkəmizdə bütün sahələrdə sürətli dönüş
yarandı. Həmin dövrdən başlayaraq respublikamızda bir
çox sənaye müəssisələri, zavod və fabriklər tikildi,
aqrar sahə sürətlə inkişaf etdirildi, yeni məktəblər
yaradıldı. Çox keçmədi ki, Azərbaycan keçmiş SSRİ-nin
aparıcı respublikalarından birinə çevrildi. Ümummilli
lider bununla yanaşı, Azərbaycanın gələcək intellektual
kapitalının formalaşması istiqamətində də bir sıra ciddi
layihələr həyata keçirdi.
Ümummilli lider Heydər Əliyevin zəngin və qədim tarixə
malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyini,
ölkəmizin müstəqilliyini əbədi etdiyini vurğulayan
tədbirin aparıcıları olan X "a" sinif şagirdləri
xalqımızın təkidli tələbi ilə ulu öndərin ikinci dəfə
hakimiyyətə gəlməsini, xalqı ağır bəlalardan xilas
edərək çox güclü və müstəqil dövlət qurduğunu diqqətə
çatdırıblar. Qeyd olunub ki, ümummilli liderin siyasi
kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Məktəbin tarix müəllimləri Xəyalə Əhmədova və Vüsal
Məmmədov ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu
haqqında danışıblar.
Tədbir Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə
başa çatıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |