Naxçıvan Özəl Universitetində Heydər Əliyev
lektoriyasının "Ulu öndər Heydər Əliyevin dövlətçilik
dərsləri" mövzusunda növbəti məşğələsi keçirildi.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar
təşkil olunan məşğələni giriş sözü ilə universitetin
rektoru, professor İsmayıl Əliyev açdı.
Sonra AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı
Qadir Qədirzadə "Heydər Əliyevin dövlətçilik dərsləri;
elmin və təhsilin inkişafındakı fəaliyyəti" mövzusunda
məruzə ilə çıxış etdi. Qeyd olundu ki, ulu öndər
millətin gələcəyinin elm və təhsillə bağlı olduğunu
bildirərək respublikaya rəhbər təyin olunduğu ilk gündən
bu sahənin inkişafını vacib məsələ kimi ön plana
çəkmişdir. Çünki Heydər Əliyevin elm və təhsil sahəsində
apardığı islahatlar elə bir mərhələyə təsadüf edirdi ki,
bu dövrdə Azərbaycanda milli kadrlar az idi. Məhz
ümummilli lider Heydər Əliyev uzaqgörən və müdrik
siyasətinin nəticəsində güclü kadr potensialı
yaratmaqla bugünkü uğurların bünövrəsini qoymuşdur. Qeyd
olundu ki, ötən əsrin 70-80-ci illərində ümummilli
liderin rəhbərliyi altında təhsil müəssisələrinin
şəbəkəsinin genişləndirilməsi və onların zəngin
maddi-texniki bazasının formalaşdırılması, respublika
hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin,
o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər
Akademiyasının elmi-tədqiqat institutlarında fundamental
elmin inkişafının təmin olunması gələcəkdə milli
müstəqillik üçün zəmin yaratmışdır. Ulu öndər
müstəqillik illərində də təhsilin inkişafını diqqətdən
kənarda qoymamışdır. Ümummilli lider bu sahədə mövcud
olan problemlərin aradan qaldırılması və Azərbaycanda
dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun
təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm
tarixi fərman və sərəncamlar imzalamışdır.
Vurğulandı ki, ulu öndərin təhsil siyasəti bu gün
ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan
muxtar respublikamızda dönmədən həyata keçirilir.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri
|