Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq
Elmi Layihə yarışmasında Bakı Oksford məktəbini təmsil
edən şagirdlər Selin Çıraqzadə və Cəmilə Rzayeva yarışda
təqdim ediləcək elmi mövzu ilə əlaqədar olaraq (bitki
mənşəli bir sıra bioloji fəal maddələrin alınması
texnologiyalarının mənimsənilməsi) tədqiqatlar aparmaq
məqsədilə AMEA-nın Botanika İnstitutunun bitki
ehtiyatları şöbəsində təcrübə keçmişlər.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, şagirdlər
laboratoriyada aparılan elmi-tədqiqat işləri ilə tanış
olmuş, bioloji fəal maddələrin rolu, bitki
materiallarının analizə hazırlanması, təcrübə aparmaq
üçün avadanlıq və aparatlardan istifadə qaydalarını
öyrənmişlər.
Oksford məktəblilərinə bitki ehtiyatları şöbəsinin
müdiri, biologiya elmləri doktoru Eldar Novruzov və
başqaları tərəfindən modifikasiya edilmiş metodla yabanı
halda bitən Zəfəran (Crocus sativa) bitkisinin müxtəlif
hissələrində rütubət, quru maddələrin, C vitamininin,
həmçinin çiçək ləçəklərində antosianların miqdarının
təyin edilməsi metodu öyrədilmişdir.
Məktəbin müəllimləri T.Qədirova, G.Rzayeva və biologiya
elmləri doktoru E.Novruzov müzakirələrdə çıxış edərək
şagirdlərdə biologiya elminə marağın artırılması
istiqamətində belə təcrübələrin əhəmiyyətli olduğunu və
institut əməkdaşları ilə məktəb arasında əlaqələrin
genişləndirilməsinin zəruriliyini qeyd etmişlər. |