Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik
etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.
Səfərin məqsədi İstanbulda YUNİSEF və Türkiyə hökuməti
tərəfindən təşkil olunmuş "Bütün uşaqların keyfiyyətli
təhsilə cəlb olunması" mövzusunda təhsil nazirlərinin
regional konfransında iştirak etməkdən ibarətdir.
Nazir müavini konfrans çərçivəsində "Yeniyetmələr,
bərabərlik və təhsil" mövzusunda keçirilmiş işgüzar
iclasda məruzə ilə çıxış edib.
C.Bayramov Azərbaycanda həyata keçirilən təhsil
islahatları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" və uşaqların təhsilə cəlb edilməsi
sahəsində atılan addımlarla bağlı konfrans
iştirakçılarına geniş məlumat verib. Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində
minlərlə azərbaycanlı uşağın keyfiyyətli təhsildən
kənarda qaldığını nəzərə çatdıran nazir müavini bu
istiqamətdə Azərbaycan hökuməti tərəfindən həyata
keçirilmiş tədbirlərin uğurlu nəticələrindən söhbət açıb.
Tədbirin ekspertlər səviyyəsində keçirilmiş
müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları
müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər. |