ABŞ
Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycan
Diplomatik Akademiyasında (ADA) Azərbaycan Biznes Keys
Müsabiqəsinin final mərhələsini təşkil etmişdir.
Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl
universitetlərini təmsil edən tələbə komandalarının
iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə
tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və
idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq
etməklə real biznes problemlərini həll edir və onları
Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən
ibarət olan münsiflər heyətinə təqdim edirlər.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin
sədri Aynurə Piriyeva AzərTAc-a müsahibəsində demişdir
ki, müsabiqə 2002-ci ildən həyata keçirilir.
Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını
nəzərə alan "MBA Enterprise Corps" təşkilatının
könüllüləri bu layihənin əsasını qoymuşlar. 2006-cı
ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ABŞ
Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə
verilmişdir.
Bildirilmişdir ki, Azərbaycan Biznes Keys Müsabiqəsi
tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf
etdirilməsində və karyera inkişafında çox önəmli rol
oynayacaq vərdişlərin aşılanmasında və tələbələrə biznes
idarəçiliyinin öyrədilməsində əvəzsiz rol oynayır.
Müsabiqədə iştirak etmək üçün 16 universiteti təmsil
edən 84 komanda ərizə vermişdir. Onlardan yalnız 18-i
final mərhələsinə çıxmağa nail olmuşdur.
Bütün komandalar beş həftə ərzində biznes analizi,
strategiyanın qurulması, təqdimat etmək bacarığı və s.
mövzularda təlimlər keçmiş, final mərhələsindən öncə
sınaq təqdimatlarında iştirak etmişlər.
Qaydalara uyğun olaraq yarımfinal mərhələsində
komandalar öz layihələrini yerli və beynəlxalq biznes
qurumlarını təmsil edən hakimlər qarşısında təqdim
etmişlər. Dörd yarımfinal qalibi olan komanda isə
birinci yer uğrunda mübarizə məqsədilə hakimlər
qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış etmişlər.
Müsabiqənin sonunda qalib komandaya mükafat təqdim
olunmuşdur. |