Dekabrın
9-da 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycanda ilk
peşə-ixtisas təhsilinin inkişaf perspektivlərinə həsr
olunmuş brifinq keçirilib. Brifinqdə Təhsil Nazirliyinin
QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov,
nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov və 18 nömrəli Bakı Peşə Liseyinin direktor
müavini Rəsmiyyə Allahverdiyeva iştirak ediblər.
İlk öncə mətbuat nümayəndələri Təhsil Nazirliyinin yerli
və xarici şirkətlərlə əməkdaşlığına uyğun olaraq, Müasir
Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılmış
"BOSCH" Resurs Mərkəzi və "Bərbər" ixtisası üzrə müasir
tələblərə cavab verən tədris emalatxanası ilə yaxından
tanış olublar. Media təmsilçilərinə ilk peşə-ixtisas
təhsili sahəsində həyata keçirilən islahatların əsas
məqsədləri barədə məlumat verilib.
Brifinqi giriş sözü ilə açan Təhsil Nazirliyinin QHT və
KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov kütləvi
informasiya vasitələri ilə əlaqələrin səmərəliliyinin
artırılması üçün belə tədbirlərin vaxtaşırı
keçiriləcəyini bildirib. C.Valehov Təhsil Nazirliyi
tərəfindən Müasir Azərbaycan Peşəkarları Layihəsi
çərçivəsində görülmüş işlər və "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda ilk peşə-ixtisas təhsilinin inkişafına
dair nəzərdə tutulmuş tədbirlər haqqında ətraflı məlumat
verib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov qeyd edib ki, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" çərçivəsində peşə məktəblərinin
maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə
mərkəzlərinin yaradılması və şəbəkənin
optimallaşdırılması istiqamətində davamlı tədbirlər
həyata keçiriləcəkdir. Xarici və yerli şirkətlərin
iştirakı ilə nəinki Bakıda, hətta regionlarda yeni
müasir tipli peşə təhsili komplekslərinin yaradılması
işinin davam etdiriləcəyini söyləyən şöbə müdiri ehtiyac
duyulan bütün istiqamətlər üzrə ixtisaslı
mütəxəssislərin hazırlanacağını nəzərə çatdırıb.
N.Məmmədov bildirib ki, ilk peşə-ixtisas təhsili
müəssisələrində məzmunun təkmilləşdirilməsi ilə yanaşı,
kadr potensialının gücləndirilməsi də mühüm əhəmiyyət
kəsb edir. Şöbə müdiri, həmçinin peşə məktəbləri
məzunlarının işlə təminatı, əmək qanunvericiliyinə
müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar
təkliflərin hazırlanması, işəgötürənlərlə əməkdaşlıq,
formal peşə təhsili, peşə təhsili üzrə dünya təcrübəsi,
peşə təhsilinin nüfuzunun yüksəldilməsi və digər vacib
məqamlardan söhbət açıb.
Sonra media nümayəndələrini maraqlandıran çoxsaylı
suallar cavablandırılıb. |