Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun
başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında
səfərdədir.
AzərTAc xəbər verir ki, dekabrın 9-da Çin İdarəçilik
Akademiyasının katibi Çen Baoshen ilə keçirilmiş görüşdə
iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın
genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Tərəflər bu istiqamətdə qarşılıqlı səfərlərin rolunu
vurğulamış, təcrübə, elmi-tədqiqat nəşrlərinin və
hesabatların mübadiləsinin, habelə hər iki ölkədə təşkil
edilən elmi konfranslarda qarşılıqlı iştirakın təmin
olunmasının əhəmiyyətini qeyd etmişlər.
Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası və Çin İdarəçilik
Akademiyası arasında mübadilə və əməkdaşlıq haqqında
Memorandum imzalanmışdır.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan
Ələkbərov Çinin dövlət qurumlarının təmsilçiləri və Çin
İdarəçilik Akademiyasının dinləyiciləri üçün "Davamlı
inkişaf və ekoloji sivilizasiyanın planlaşdırılması və
idarə edilməsi: Azərbaycan təcrübəsi" mövzusunda
mühazirə oxumuş, sualları cavablandırmışdır.
Rektor U.Ələkbərov Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
Azərbaycanın 10 illik inkişafına həsr edilmiş "Desyat
let, izmenivşiye Azerbaydjan: 2003-2013" kitabının
nüsxələrini və digər nəşrləri Çin İdarəçilik
Akademiyasının kitabxanasına hədiyyə etmişdir.
Dekabrın 13-dək davam edəcək səfər çərçivəsində
Azərbaycan nümayəndə heyətinin Şanxay İdarəçilik
Məktəbində görüşləri və mühazirələri nəzərdə tutulmuşdur. |