Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan
əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş
ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün
pillələri - məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta
ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı
hər il növbəti il üçün prioritetləri elan edəcək.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
ümumi təhsil sistemində aktual problemlərin həllinə
istiqamətlənmiş islahatyönlü tədbirlər planı
hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində əsas
məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin
yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və
məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə
çatdırılmasından ibarətdir.
İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və
keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə
biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin
mərhələdə yalnız Bakı şəhərinin məktəblərində
keçiriləcəkdir. Bakı şəhərində ölkə üzrə ümumtəhsil
məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin
sayı baxımından şagird kontingentinin 28 faizi əhatə
olunmuşdur. Şagirdlərin sayı, idarəetmə heyətinin və
müəllimlərin nisbi peşəkarlığı, həmçinin Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin mövcudluğu həmin yeniliklərin
tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirmişdir.
Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris
ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur:
1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin
etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında
təlimlərin keçirilməsi;
2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının
əməkhaqqına əlavələrin edilməsi;
3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi
prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin
idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması;
4. Korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı
aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində
cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam
münasibətlərin bərqərar olunması;
5. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrindən qaynaqlanan müasir yanaşma və
layihələrin dəstəklənməsinə şəraitin yaradılması;
6. Dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin
təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə
təlimlərin keçirilməsi;
7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə
çatdırılması üçün maarifləndirmə işlərinin
gücləndirilməsi;
8. Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi
məqsədilə illik dərs müddətinin 2 - 3 həftə artırılması
(2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə
etməklə);
9. Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün
azaldılması, onların meyil və maraqlarını nəzərə alaraq,
məcburi və seçmə fənləri əhatə edən tədris planlarının
tətbiqi;
10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına
cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin
edilməsinə nail olunması;
11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki
tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis
vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə
şəraitin yaradılması. |