Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Təhsil strategiyası - hədəflər

Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri müəyyənləşdirilib

 

Müasir dövrdə təhsilin keyfiyyətinə və əhatəliliyinə  qoyulan yeni tələblər təhsil sistemi anlayışına olan baxışları da yeniləmişdir. Bu sahədə mühüm sənəd olan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsi üzrə ictimaiyyəti düşündürən məsələlərin həlli istiqamətində atılacaq addımları özündə ehtiva edir. Peşəkar bilik və bacarıqlara yiyələnən, rəqabətədavamlı insan qaynaqlarının yetişdirilməsi missiyasına xidmət edən bu sənəddən irəli gələrək Təhsil Nazirliyi ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetlərini müəyyənləşdirib. Həmin prioritetlər barədə ətraflı məlumat almaq üçün nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevə müraciət etdik.  E.Əmrullayev bizimlə söhbətində ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün idarəetmənin müasir tələblər səviyyəsində təmin edilməsindən, sağlam və səmərəli təhsil mühitinin yaradılmasından və digər vacib məsələlərdən bəhs edib.  

-   Emin müəllim, Təhsil Nazirliyi artıq məktəb rəhbərləri üçün təlimlərə başlayır.  Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi dedikdə, nəyi düşünə bilərik?

- Biz bu məsələyə yenə də keyfiyyət standartları baxımından yanaşmalıyıq. Məktəb direktorlarından da idarəetmə sahəsində müəyyən bilik, bacarıq tələb olunur. Təhsil Nazirliyi tərəfindən məktəb direktoru vəzifəsinə uyğun standartların hazırlanması yolu ilə məktəb direktorlarının gələcəkdə eynilə müəllimlərlə iş istiqamətində olduğu kimi, müəyyən bir qiymətləndirmədən keçirilməsi və bu işin ilkin olaraq könüllü qaydada aparılması planlaşdırılır. Hazırda bu standartlar hazırlanır. Nazirlik tərəfindən direktor təyin edilən şəxsin bir sıra zəruri şəxsi keyfiyyətlərə və təhsil prosesinin təşkili ilə bağlı bilik və bacarıqlara malik olması vacibdir. Kurikulum, qiymətləndirmə, keyfiyyətə nəzarət mexanizmləri ilə bağlı məlumatlılıq, valideynlərlə işin aparılması, məktəb icmasının məktəbə cəlb olunması sahəsində bilik və bacarıqlar, qərar qəbuletmə, hesabatvermə, düzgün və şəffaf maliyyə idarəetmə bacarığının olması, məktəbin əsas fəaliyyət göstəriciləri ilə bağlı sadə də olsa, müəyyən statistik məlumatların toplanması və təhlilinin aparılması, onların digər qurumlarla bölüşülməsi müasir dövrdə Təhsil Nazirliyinin məktəb direktorlarından gözlədiyi  keyfiyyətlərdir. Bu keyfiyyətlər üzrə məktəb direktorları, həmçinin gələcəkdə direktor olmaq istəyən  şəxslər nazirlik tərəfindən təşkil olunan təlimlərdə iştirak edə bilərlər.

Bu tədris ilinin sonunda təlimlərdən keçmiş kifayət qədər şəxslərin olmasını gözləyirik. Məqsəd təhsilin keyfiyyətinin, məktəb direktorlarının idarəetmə səriştəliliyini artırmaq, onları məktəblərdə nazirlik üçün prioritet olan hədəflərə çatmaqda əsas menecerlərə çevirmək  və ümumilikdə, məktəb idarəetməsinin səriştəli, bilikli kadrlar tərəfindən həyata keçirilməsinə nail olmaqdan ibarətdir.

- Nazirliyin keçirəcəyi bu təlimlərdə iştirak üçün müraciətlər varmı?

- Bəli, var. Artıq gözlənildiyi kimi, kifayət qədər insanlar təlimlərə maraq göstərirlər. Bu günədək təlimlərdə iştirak üçün 200-ə qədər şəxs müraciət edib. Nəzərə alsaq ki, hələ son müraciət tarixinə bir neçə gün qalıb, biz 300-400 arasında namizədin müraciət etməsini gözləyirik. Təlimdə iştirak üçün cəmi 50 yer olmasını nəzərə alaraq, seçim prosesinin rəqabətli olmasını gözləyirik. 

Bu prosesdə 3 mərhələli seçim mexanizmi tətbiq ediləcək. I mərhələdə namizədlər müvafiq formanı dolduraraq Təhsil Nazirliyinə müraciət edirlər. Daha sonra layihənin əsas icraçısı olan Qafqaz Universiteti, həm də nazirliyin cəlb etdiyi ekspertlər tərəfindən seçim aparılır. Bu mərhələdə daha çox diqqət minimum tələblərə, 5 il pedaqoji təcrübəyə malik olmağa, ali pedaqoji təhsilə fikir verilir.

II mərhələdə biz maksimum 150-200 nəfər namizəd üçün imtahanın keçirilməsini nəzərdə tuturuq. Bu imtahan iki hissədən ibarət olacaq - yazı və məntiq. İmtahanda rəhbər şəxs olacaq namizədin yazı savadı yoxlanılır, bu şəxsin öz fikir və düşüncələrini yazılı şəkildə ifadə etməsi, yuxarı qurumlara çatdırma bacarığı çox önəmlidir. Həmçinin, yazı əllə yox, birbaşa kompüterlə yazılmalıdır ki, artıq bununla biz namizədin ilkin İKT bacarığına malik olduğunu da yoxlayırıq.

Seçim imtahanının 2-ci hissəsində idarəetmədə tətbiq olunan müxtəlif məntiq, sadə riyazi təfəkkür, qərar vermək üçün zəruri olan düşüncə tərzini yoxlayan testdən istifadə ediləcək. Minimumları toplayan hər bir şəxs növbəti mərhələyə keçir. Ən önəmli olan III mərhələdə müsahibə zamanı həm I, həm də II mərhələdə iştirak etmiş namizədin təcrübəsi, biliyi, qısa zaman ərzində problemi həll etmə qabiliyyəti, insanlarla ünsiyyət qurma bacarığı yoxlanılır. Bundan sonra ən yüksək nəticə göstərmiş 50 nəfər təlimlərə cəlb olunacaqdır.

- Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əməkhaqqına əlavələrin edilməsi barədə nə deyə bilərsiniz?

-  Bu, çox sadə məsələdir. Yəni, kim ki, sonda qiymətləndirmədə səriştəli direktor adını ala bilirsə, onların əməkhaqqında diferensasiya müşahidə olunmalıdır. Ümumiyyətlə, yanaşma budur ki, fərqi yoxdur, müəllim, direktor, əgər insan keyfiyyətli iş görürsə, bu halda onun əməkhaqqı digərlərindən fərqli olmalıdır. Əlavələrin verilməsinin məhz bu yanaşma əsasında reallaşması təklifi nəzərdən keçirilir.

- Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflıq və aşkarlığın  artırılması üçün nə kimi tədbirlərin həyata keçirilməsi düşünülür?

-  Hazırda ümumi təhsil məktəblərində aparılmış tədqiqatların nəticəsi və bu təhsil müəssisələri rəhbərlərinin mövqeyi bundan ibarətdir ki, məktəb direktorları bir çox məsələlərdə qərarvermə səlahiyyətlərinə malik deyil. Məsələn, müəllimin işə qəbulu, qiymətləndirmə sahəsində vasitələrin hazırlanması və s. Bunlar hamısı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Məktəb direktorlarına bu səlahiyyətlər tədricən könüllülük əsasında verilə bilər. Önəmli məsələ ondan ibarətdir ki, özünüidarəetmə o demək deyil ki, məktəb direktorları bu və ya digər şəkildə hər şeyi özləri etməlidirlər. Burada söhbət qanunvericilik çərçivəsində fəaliyyət göstərməklə səlahiyyətlərin artırılmasından gedir. Səlahiyyətlərin artırılması isə öz növbəsində daha yüksək cavabdehlik və hesabatvermə tələb edir.

Səlahiyyətlər aşağı olduğuna görə məktəb rəhbərliyi nəticələrə görə cavabdehlikdən boyun qaçıra bilir və "idarəetmə məsələləri səlahiyyətimdə olmadığından, nəticəyə də mən məsuliyyət daşımıram" deyir.

Bilirsiniz ki, müəllim mərkəzləşdirilmiş imtahan verdikdən sonra məktəbə işləməyə gəlir. Əgər məktəb direktorunun müəllim işə qəbul etmək səlahiyyəti varsa, sabah həmin müəllimin göstərdiyi nəticəyə görə də məhz özü cavabdehlik daşımalıdır. Bu, çox önəmli bir dəyişikliklərə səbəb ola bilər.

- Emin müəllim, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunmasının önəmliliyi də danılmazdır.

- Bildiyiniz kimi, ötən tədris ilinin sonunda və bu tədris ilinin əvvəlində təhsil nazirinin müvafiq göstərişləri, həmçinin nazirlik əməkdaşlarının mütəmadi və gərgin işi nəticəsində ümumi təhsil müəssisələrində korrupsiya ilə mübarizə tədbirləri gücləndirilib. Lakin həmişə deyildiyi kimi, bir daha təkrarlamalıyıq ki, korrupsiya ilə mübarizə yalnız Təhsil Nazirliyinə aidiyyəti olan bir məsələ deyil, bu, həm də cəmiyyətin və valideynlərin birbaşa məsuliyyətidir. Bununla bağlı dəfələrlə ictimaiyyətə məlumatlar verilib və açıq şəkildə söylənilib ki, anonimliyi qorumaqla valideynləri bu və ya digər şəkildə narazı salan məsələlərə vaxtında, operativ reaksiyanın verilməsi nazirliyin prioritet istiqamətlərindəndir. Yenə də bu, zaman tələb edən məsələdir, birdən-birə dəyişən məsələ deyil.

Düşünürük ki, bu istiqamətdə qayda və prosedurların tətbiqi vəziyyəti əsaslı şəkildə dəyişməyə imkan verəcək. Əsas məsələ məktəblərdə valideyn icmalarının, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi, şəffaf mühitin yaradılmasıdır. Bu asan məsələ deyil ki, onu qısa şəkildə təsvir etmək mümkün olsun. Dövlət tərəfindən bir çox xərclər ödənilir, dövlət bu xərcləri qarşılamaq üzrə öhdəlik götürüb. Eyni zamanda Təhsil Nazirliyi mərkəzi icra strukturu olaraq bu istiqamətdə vətəndaşlarla əməkdaşlığın çox açıq şəkildə həyata keçirilməsində maraqlı olmasını dəfələrlə bəyan edib. Bu prosesdə yalnız Təhsil Nazirliyinin səyi nəticəsində məktəblərdə müəyyən vəsaitlər yığılmasının qarşısının alınmasını gözləmək kimi birtərəfli baxışla səmərəliliyin olması mümkün deyil. Burada əsas məsələ ondan ibarətdir ki, valideynlər Təhsil Nazirliyinin, Təhsil Nazirliyi də valideynlərin yanında olmalıdır. Valideynlər öz məsuliyyətlərini başa düşməlidirlər ki, əgər hər hansı bir qeyri-qanuni formada onlardan müəyyən fond pulu, yaxud vəsait tələb olunursa, onlar öz adlarını göstərməklə anonim olmadan Təhsil Nazirliyinə müraciət etməlidirlər. Təhsil Nazirliyi bu şikayətlər əsasında məsələləri araşdıra bilir.

- Hazırda müəllimlər üçün maraqlı olan daha bir məqam var. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması barədə məlumat verməyinizi xahiş edirəm.

- "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri zamanında səmərəliliyin artırılması üçün innovativ bir təşəbbüs idi. Bunun tətbiqi ilə artıq müəllimlərdə bir hərəkətlilik, müəyyən bir rəqabətlilik və istək yaranmışdı ki, hamı ilin müəllimi olmağa can atırdı. Təbii ki, bundan qazanan şagirdlər idi. Digər tərəfdən, ilkin illərlə müqayisədə artıq bir qədər təkmilləşməyə, yanaşmaların müasirləşməsinə ehtiyac var. Bu istiqamətdə həyata keçiriləcək dəyişikliklərin əsas müddəaları müvafiq müsabiqələrdə "ən yaxşı" məfhumunun müəyyən edilməsidir. Yəni,  ilin ən yaxşı müəllimi heç də ilin ən savadlı, ən bacarıqlı, ən fədakar müəllimi formatında yox, məhz innovativ yanaşmaları tətbiq edən müəllimlər olmalıdır. Sual verilə bilər ki, niyə? Çünki savadlı müəllim başqa bir şəkildə stimullaşdırılmalıdır, onun əməkhaqqı yüksək olmalıdır, dövlət tərəfindən mükafatlandırılmalıdır və s. Amma həmin müəllim həm də innovativ təcrübələri uğurla tətbiq edərsə, bu halda "ilin ən yaxşı müəllimi" adına iddia edə bilər.

"Ən yaxşı ümumtəhsil  məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində daha çox verilmiş təhsil müddəti ərzində müəllimin və məktəbin həyata keçirdiyi innovativ yanaşmaların dəstəklənməsindən söhbət getməlidir. Müəllimin yaradıcı yanaşması, hər hansı problem yaratmadan digər bir problemi həll etmə qabiliyyəti, bunu çox resurs sərf etmədən həyata keçirməsi, risklərin olmaması və digər məsələləri tətbiq etməklə təhsildə keyfiyyətin artırılmasına nail olması, eləcə də bu yanaşmanın geniş tətbiqi mümkündürsə, həmin müəllim və ya məktəblər müsabiqələrin qalibləri ola bilərlər. Burada nəticələrin yayılması və nəticələrdən bəhrələnmə, innovativlik çox önəmli məsələdir.

Müəllim zatən bilikli olmalıdır, müəllimin öz sahəsini yaxşı bilməsi vəzifə borcudur. Mükafatlandırma vəzifə borcundan daha çoxa nail olanlar üçün nəzərdə tutulmalıdır. Yenilikçi, yeni metodlardan istifadə edən ən yaxşı müəllim və ən yaxşı məktəb bu kriteriyalara cavab verməlidir.

- Bu gün ictimaiyyətin diqqətində olan ən önəmli məsələlərdən biri də dərsliklərdir. Sizcə, dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi bu işdə irəliləyişlərin əldə olunmasına səbəb ola bilərmi?

- Bilirsiniz ki, bu il dərsliklərin hazırlanması və çatdırılması, həmçinin onların monitorinqi və qiymətləndirilməsi, dərslik siyasəti, onun müxtəlif detalları və komponentləri ilə bağlı bir sıra önəmli addımlar atılmışdır. Amma düşünmürük ki, bu, kifayətdir. Dərsliklərlə bağlı daha  çox, daha geniş, onların keyfiyyətinin daha da artırılması üçün müəyyən tədbirlər görülməlidir. Bu tədbirlərdən biri də fənn kurikulumlarının, ümumiyyətlə, yeni tələblərin dərslik müəllifləri tərəfindən mənimsənilməsi məsələsidir. Dərslik müəlliflərinin də fənn kurikulumlarını anlaması, düzgün mənimsəməsi vacib şərtdir. Bu baxımdan müəlliflər üçün belə bir təlimlərin keçirilməsi ümumilikdə dərsliklərin keyfiyyətinin artırılmasına xidmət edir. Yalnız dərsliklərin deyil, müəllimlər üçün paralel hazırlanan vəsaitlərin də tələblərə daha da uyğunlaşması, sözün əsl mənasında, müəllimlər üçün vasitəyə çevrilməsi istiqamətində də təkmilləşdirmə işlərinin aparılması önəmlidir.

Bu tədbirlər uzun sürən bir proses olsa da, sonunda ümid edirik ki, müəyyən bir vaxt çərçivəsində dərsliklərin həm məzmunu, həm də müəllimlər üçün hazırlanan vəsaitlərin yardımçı vəsait olması baxımından əsaslı keyfiyyət dəyişikliyinə müsbət mənada nail olunacaqdır.

Təhsil Nazirliyi ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatları ilə gələcəkdə bu istiqamətdə sıx əməkdaşlıq etmək niyyətindədir.

- Cəmiyyətdə ümumi təhsil sahəsində problemlərin olması, kurikulumların ağırlığı, kurikulumların ləğvi barədə fikirlər səsləndirilir. Sizə elə gəlmirmi ki, doğrudan da fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac vardır?

- Ümumiyyətlə, təhsil ictimaiyyətinin, valideynlərin, müəllimlərin çox tez-tez müxtəlif problemləri səsləndirməsi, həmin problemlərin Təhsil Nazirliyi tərəfindən qısa zamanda həll olunması barədə deyilənlər normal qarşılanmalıdır. Sadəcə olaraq, hər bir problemin ayrı-ayrılıqda səbəbləri, kökləri araşdırılmalı və problemlərə adekvat yanaşılma mövcud olmalıdır. Biz problemlərin ümumi yox, məhz ayrı-ayrılıqda və prioritetlərin müəyyən edilməsi ilə həll edilməsinin tərəfdarıyıq. Məhz bu sənədin də əsas mahiyyəti müxtəlif problemlərin həlli istiqamətində islahatyönümlü tədbirlərin həyata keçirilməsi və yaxud onların təşviqi, ictimaiyyətin məlumatlandırılmasıdır.

Bəzən valideynlər və ya ictimaiyyət nümayəndələri "kurikulumlar ləğv olunacaqmı" sualını verirlər. Artıq sualdan da görünür ki, belə bir təklif və yaxud  iddia ilə çıxış etmək kurikulumların, kurikulum sözünün mahiyyətini başa düşməməkdən irəli gəlir. Kurikulum ləğv oluna bilməz. Kurikulum  tədrisin məzmunu deməkdir.

Yeni fənn kurikulumları ənənəvi fənn kurikulumlarından daha çox şagirdlərin bacarıqlarının inkişafını, fəal təlim metodlarını, yeni qiymətləndirmə yanaşmalarını və digər məsələləri özündə əks etdirir. Biz düşünürük ki, valideynlər yeni fənn kurikulumlarının mahiyyətini başa düşməzsə,  "kurikulumları ləğv etmək lazımdır" -  kimi yersiz ifadələr işlədə bilərlər. Ona görə də bu sənəddə valideynlərin kurikulumların mahiyyəti haqqında maarifləndirilməsi və onların uzun müddətdə kurikulumların tələblərinin reallaşdırılmasında partnyorlara çevrilməsini dəstəkləyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Belə tədbirlərin bir istiqaməti məktəblər səviyyəsində müxtəlif təlimlərin təşkili,  digər istiqaməti isə kütləvi informasiya vasitələri ilə həyata keçirilməsidir. KİV-in imkanlarından istifadə edərək valideynlərə bəlli mesajları çatdırmaq çox önəmlidir.

Qeyd edək ki, bu layihələr ilkin mərhələdə yalnız Bakı şəhərini əhatə edəcək. Ona görə də Bakı şəhərində fəaliyyət göstərən müxtəlif  ictimai təşkilatlar vasitəsilə bu tip layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, Təhsil Nazirliyi artıq ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində bir sıra işlər görür, layihələri dəstəkləyir. Gələcəkdə bu işin daha da intensivləşdirilməsi və prioritetləşməsi nəzərdə tutulur.

- Sizcə, fənn kurikulumlarının mahiyyətinin valideynlər tərəfindən mənimsənilməsi nəzərdə tutulan işlərlə nə dərəcədə effektli ola bilər?

- Valideynlərin məktəbdə aparılan tədrisin evdə dəstəklənməsi, müəyyən mənada tamamlanması, öz övladları üçün dəstəkləyici vasitələrin və yaxud düzgün öyrənmə mühitinin formalaşdırılması baxımından rolu vacibdir. Bu həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Valideyn 20-30 il əvvəl oxuduğu və gördüyü tədris prosesini XXI əsrin əvvəllərində öz övladına tətbiq etmək istəyir, müəllim isə tamamilə başqa yöndə tədris aparır. Təbii ki,  bu yöndə zərər görən tərəf yenə də şagird olur.

Biz şagirdlərdə müxtəlif bacarıqları formalaşdırmaq istəyiriksə, bu baxımdan yeni fənn kurikulumlarının əhəmiyyəti çox böyükdür. Valideyn bunu başa düşərsə, övladının müasir zamanın və məzun olduqdan sonra gələcəkdə əmək bazarının tələblərinə uyğun bacarıqlarının formalaşdırılması istiqamətində, tərbiyə və təlimində iştirakının səmərəliliyini artırmış olar.

- Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində dərs ili 38 tədris həftəsindən ibarətdir. Bəs bizdə necə, bu sahədə hansı yeniliklər nəzərdə tutulub? Ümumiyyətlə, şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə illik dərs müddətinin 2-3 həftə artırılması və bu işin növbəti tədris ilində bütün ölkəni əhatə etməsi barədə nə deyə bilərsiniz?

- Bu sənəd növbəti tədris ilindən illik dərs müddətinin 2-3 həftə artırılmasını nəzərdə tutur. Bildiyimiz kimi, tədris dövrü ilə həftəyə düşən oxunan material və yaxud bu və ya digər məsələnin mənimsənilməsi üçün ayrılan vaxt arasında riyazi olaraq ciddi əlaqəlilik var. Tədris müddətinin uzadılması şagirdlərə müəyyən mövzuları daha yaxşı mənimsəməyə, öyrədilməsi vacib olan materialın hər həftəyə düşən həcmi baxımından daha da asanlaşdırılmasına, azaldılmasına gətirib çıxarır.

Ümumilikdə, tədris həftəsi müddətinin uzun olması ilə ölkənin inkişafı, həm də beynəlxalq qiymətləndirmədə göstərdiyi nəticələr arasında ciddi əlaqəlilik mövcuddur. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində, tam dəqiqliyi ilə desək, İqtisadi Əməkdaşlıq və  İnkişaf  Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi, təxminən 38 həftədir. Azərbaycanda isə bu, hazırda 32 həftədir. Nəzərə alsaq ki, il ərzində kifayət qədər bayramlar, tətillər var,  o zaman tədris müddətinin təxminən 142-143 gün olması məlum olur. Yəni, bizim şagirdlər 365 gündən 142-143 gününü məktəbdə keçirirlər ki, bu da ilin yarısından da azdır. Təbii ki, bu mənada dünya standartlarına, dünyanın orta göstəricilərinə yaxınlaşmaq həm ölkə, həm valideynlər, həm də şagirdlər səviyyəsində yüksək nəticələrin əldə olunmasına gətirib çıxara bilər.

- Bu məqamda yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılmasından danışsaq, daha məqsədəuyğun olar, elə deyilmi?

- Yuxarı siniflərdə təhsil alan şagirdlərin yüklənməsi müşahidə olunur.  Bilirsiniz ki, yuxarı siniflər şagirdlərin həm ali təhsil müəssisələrinə hazırlıq, həm də peşə seçimi baxımından kifayət qədər məşğul olduğu bir dövrdür. Bütün bunlarla yanaşı, dərs yükünün də çox olması, çox sayda fənnin tədrisi, düşünmürük ki,  şagirdlərin daha da yaxşı öyrənməsinə və daha yaxşı vətəndaş, daha keyfiyyətli əmək qüvvəsi kimi yetişməsinə səbəb olur. Əksinə, ixtisaslaşmanın müəyyən məsələ və mövzuların dərindən öyrənilməsində, ümumiyyətlə, təhsilə olan həvəsin formalaşmasında çox ciddi rolu vardır.

-  Sənəddə məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi də əsas məsələ kimi diqqətdə saxlanılır. Yuxarı sinif şagirdlərinin meyil və maraqlarının nəzərə alınacağı bu tədris planlarından gözləntiləriniz nədir?

-  Yuxarı sinif şagirdləri ilə iş zamanı onların artıq formalaşmış meyil və maraqlarına diqqət təhsilin keyfiyyətinin artırılması baxımından çox önəmli məqamdır. Əvvəlcə seçmə və məcburi fənn məsələlərinə bir az aydınlıq gətirək. Bildiyiniz kimi, bir sıra fənlərin şagirdlər tərəfindən seçilməsi ancaq maraq yox, məcburi formada olmalıdır. Məsələn, Azərbaycan dili, riyaziyyat. Əlbəttə, müəyyən standartlar fənn kurikulumlarında nəzərdə tutulmuş şəkildə şagirdlər tərəfindən mənimsənilməlidir. Amma digər tərəfdən, bütün fənlərin şagirdlər tərəfindən mənimsənilməsi real görünmür. Çox az şagird bu yüksək nəticəyə nail ola bilir. Ona görə də hər hansı bir sayda, 7, 8, yaxud 10 sayda fənnin məcburi saxlanılması ola bilər. Məcburi fənlərdən savayı, şagird maraq dairəsinə, dünyagörüşünə, meyilinə uyğun olaraq müxtəlif seçmə fənlər də seçə bilər. Bu müddəanın önəmliliyi bütün şagirdlərə hər bir fənni keçmək əvəzinə müəyyən fənlərin bütün şagirdlər tərəfindən keçirilməsi (məcburi fənlər), digər fənlərin isə seçmə fənn olaraq şagirdin maraq və meyilinə uyğun seçilməsindən ibarətdir. Şagird yalnız məcburi dərsləri keçməklə kifayətlənməməli, həmçinin məzun olmaq üçün tələb olunan fənn sayını ödəmək məqsədilə əlavə olaraq seçmə fənlər də müəyyənləşdirməlidir.

İnanırıq ki, bu modelin tətbiqi həm şagirdin xüsusi maraqlarına daha çox vaxt ayırmasına səbəb olacaq, həm də onların müvafiq məsələləri dərindən öyrənməsinə, dünyagörüşünün formalaşdırılmasına imkan yaradacaqdır.

-  Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması üçün nə kimi tədbirlər nəzərdə tutulur?

- Ümumiyyətlə, Təhsil Nazirliyi üçün prioritet istiqamətlərdən biri budur ki, məktəblərdə verilən qidalar, həmçinin göstərilən xidmətlər müəyyən dövlət standartlarına cavab verməlidir. Bu həm qida təhlükəsizliyi, həm də sağlamlıq baxımından çox önəmlidir. Artıq gələn ilin yanvarından bu məsələ yalnız dövlət standartlarına uyğun qida və xidmətlər göstərmək öhdəliyini öz üzərinə götürmüş təchizatçılarla həyata keçiriləcəkdir.  Ümid edirik ki, bu istiqamətdə müsbət irəliləyiş əldə olunacaq.

-  Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması da günümüzün ən aktual məsələlərindəndir. Bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, təhsil dedikdə, ənənəvi olaraq, insanlar ancaq təhsili və biliklərin mənimsənilməsini əsas götürürlər. Unutmaq lazım deyil ki, şagirdlər demək olar ki, günün kifayət qədər böyük bir hissəsini məktəbdə keçirirlər. Məktəb mühitinin sağlam olması, sağlam vətəndaşların yetişdirilməsi ən önəmli məsələlərdən biridir. Bu baxımdan fiziki tərbiyə dərslərinin müvafiq formatda aparılması əsas məsələdir. Fiziki tərbiyə dərsləri uşağın düzgün fizioloji inkişafını qarşıya məqsəd kimi qoymalıdır. Fiziki tərbiyə dərsləri hansısa boş, əhəmiyyətsiz dərslər deyil, bu dərslər şagirdlərin sağlamlılığı baxımından çox əhəmiyyətlidir.

Əsas məsələlərdən biri də pis vərdişlərin şagirdlərin həyat tərzinə çevrilməsinin qarşısının alınmasıdır. Reproduktiv sağlamlıq, şəxsi gigiyena məsələləri də diqqətdə saxlanılmalıdır. Burada məlumatlandırılmanın vacibliyini qeyd etmək lazımdır. Bütün bunlar nazirlik üçün prioritet istiqamətlərdir.

Şagirdin psixoloji və fiziki baxımdan sağlam böyüməsi onun ətraf mühiti qavramasında, gələcəkdə özünə olan münasibətin formalaşmasında çox önəmli rol oynayır. Şagirdin sağlam olması,  onun savadlı olması qədər, bəlkə də ondan da vacib bir məsələdir.  

Müsahibəni hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov