Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

Qafqaz Universitetində mexanika mühəndisliyi laboratoriyalar kompleksi istifadəyə verilib

 

Böyütmək üçün şəkili seçinDekabrın 9-da Qafqaz Universitetinin mexanika mühəndisliyi laboratoriyalar kompleksi istifadəyə verilmişdir.

Laboratoriyalar kompleksi bp şirkəti və Qafqaz Universitetinin birgə layihəsi çərçivəsində bu şirkətin dəstəyi ilə yaradılmışdır.

AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

bp şirkəti ilə Qafqaz Universiteti arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayan rektor bu əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirlərdən danışmışdır.

Qeyd olunmuşdur ki, bp şirkəti 2009-cu ildə Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinin yaradılmasına və 2011-ci ildə bu fakültə üçün dünya səviyyəli 5 laboratoriyanın təşkil olunmasına dəstək vermişdir. 2011-ci ildə şirkət universitetin mexanika mühəndisliyi fakültəsini yaratmış və hazırda isə bu fakültə üçün 11 laboratoriyanın qurulmasına dəstək göstərmişdir.

Professor Ə.Saniç universitetlərarası əlaqələrin vacibliyini də diqqətə çatdırmışdır.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirmişdir ki, dünya səviyyəli yerli mütəxəssislərin hazırlanması istiqamətində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq edirik. Hazırlanan mütəxəssislər Xəzər regionundakı gələcək böyük layihələrimizə cəlb olunacaqlar.

Qeyd edilmişdir ki, mexanika mühəndisliyi laboratoriyalar kompleksi üçün 1,3 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. bp şirkəti indiyədək universitetə iki fakültənin açılması və laboratoriyaların qurulması üçün layihələrə, ümumilikdə 2,5 milyon ABŞ dollarından artıq vəsait xərcləmişdir.

Universitetdə müasir tələblərə cavab verən, bacarıqlı mütəxəssislərin hazırlanacağına əminliyini vurğulayan Q.Birrel müəllim və tələbələrə təhsildə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs etmiş, bu xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.

Dövlətimizin başçısı İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdıran R.Abdullayev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin ayrı-ayrı ölkələrin nüfuzlu universitetlərində oxuduqlarını söyləmişdir.

Mexanika mühəndisliyi laboratoriyalar kompleksi barədə fikirlərini diqqətə çatdıran R.Abdullayev, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında onun mühüm rolu olacağını bildirmişdir.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi haqqında" 2013-cü il 24 oktyabr tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır.

Nazir müavini Qafqaz Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, qazanılan uğurlar barədə fikirlərini də diqqətə çatdırmışdır.

Sonra tədbir iştirakçıları ən müasir avadanlıqla təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyalar kompleksi ilə tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov