Dekabrın
10-da Azərbaycan Milli Elmlər Akademiyasında akademik
Mirəsədulla Mirqasımovun anadan olmasının 130 illik
yubileyinə həsr olunmuş mərasim keçirilib.
Yubiley mərasimində AMEA-nın prezidenti Akif Əlizadə,
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov, Azərbaycan Respublikasının səhiyyə naziri
Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru
Əhliman Əmiraslanov, dövlət rəsmiləri, millət vəkilləri,
elm adamları və mərhum akademikin ailə üzvləri iştirak
ediblər.
İlk öncə mərasim iştirakçıları Fəxri xiyabanda mərhum
akademikin məzarı önünə gül dəstələri qoyub və
xatirəsini ehtiramla anıblar.
Sonra AMEA-nın əsas binasında görkəmli akademikin həyat
və yaradıcılığını əks etdirən kitab, jurnal və digər
nəşrlərin sərgisinə baxış keçirilib.
AMEA-nın prezidenti Akif Əlizadə giriş sözü ilə çıxış
edərək tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah,
əməkdar elm xadimi, akademik M.Mirqasımovun şəxsiyyəti,
elmi, elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri
istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti
barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay
Şirəliyev akademik M.Mirqasımovun tibb elminin inkişafı
sahəsindəki xidmətlərindən bəhs edib.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov tədbir iştirakçılarını salamlayıb. Nazir qeyd
edib ki, AMEA-nın ilk prezidenti, ilk azərbaycanlı alim-cərrah
və əməkdar elm xadimi Mirəsədulla Mirqasımovun yubiley
tədbiri ölkəmizin elm-təhsil tarixinin ən əlamətdar
hadisələrindən biridir.
Təhsil naziri bu günün həm də digər əlamətdar təqvimlə
üst-üstə düşdüyünü bildirib. Nazir qeyd edib ki,
Azərbaycan Prezidenti İlham Əliyev 10 il bundan əvvəl
Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya
Sammitində "Qara qızılı insan qızılına çevirək" tezisini
səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf
mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan
etdi. Bu, həm də təhsil və elmin qarşısında qoyulan yeni
çağırışlar idi.
Nazir M.Mirqasımovun həyatının milli-mənəvi-əxlaqi
dəyərlərlə ümumbəşəri idealların vəhdətinə həsr
olunduğunu nəzərə çatdıraraq deyib: "XX əsr Azərbaycan
milli intibahının inkişaf xətti idi. Milli intibahın
şəxsiyyət qalereyasında
-
Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Səməd Vurğun,
Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, Heydər
Hüseynov, Mirzə İbrahimov, Mirəli Qaşqay kimi insanlar
var idi. Bu insanlar həm də Azərbaycanın milli
simvollarından biri olan Elmlər Akademiyasının
yaradıcıları idi.
Akademikin həm də böyük müəllim olduğunu vurğulayan
təhsil naziri onun 1919-cu ildə yaradılan Azərbaycanın
ilk universitetinin həm tələbəsi, həm də ilk elmlər
doktorlarından biri olduğunu söyləyib.
Nazir bildirib ki, bu gün dünyada baş verən qlobal
transformasiyalara təhsil və elmin birgə əməkdaşlığı
fonunda hazır olmalıyıq. Bu əməkdaşlığı bizə akademik
Mirqasımov kimi elm-təhsil fədailəri miras qoyublar. Bu
gün biliklər cəmiyyətinin qurulması Azərbaycan təhsili
və elminin əsas hədəflərindən biridir. Bu hədəflər "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda da əks olunub. Biz düşünürük ki, ali
təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsi təhsil və elmin vəhdətinə xidmət
edəcək.
Təhsil naziri deyib ki, biz Azərbaycan təhsili və
elminin şərəfli tarixinə nəzər yetirərək gələcəyə
baxırıq. Azərbaycan tarixində bir çox ilklərin müəllifi
olan akademik M.Mirqasımov həm də Azərbaycanın ilk
ixtisaslı müəllimlərindən idi. Bu ad isə ümummilli
liderimiz Heydər Əliyevin dediyi kimi, dünyada ən uca
addır. Onun atası da müəllim olub, özü də müəllim idi,
övladları da müəllimdir.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
Əmiraslanov böyük alimin elmi fəaliyyəti və yüksək
təşkilatçılıq keyfiyyətləri barədə söhbət açıb.
Akademiklər İsmayıl İbrahimov, Böyükkişi Ağayev və Vasim
Məmmədəliyev M.Mirqasımovla bağlı xatirələrini danışıb,
onun yüksək insani keyfiyyətlərindən bəhs ediblər.
Tədbirin sonunda akademik M.Mirqasımovun oğlu, professor
Oqtay Mirqasımov yubiley mərasiminin təşkilində əməyi
olan hər kəsə təşəkkürünü bildirib.
Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadığı binada
yeni xatirə lövhəsinin açılışı olub. |