Sarıyeva Yekaterina Andreyevna 1995-ci ildə Bakıda
anadan olub. 11 yaşından atletika idman növünün
üçtəkanla tullanma bölməsi ilə məşğul olur. Hazırda
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının I kurs tələbəsidir. Yekaterina sentyabrın
27-də İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü
İslam Həmrəyliyi Oyunlarında atletikanın üçtəkanla
tullanma növü üzrə I yerə çıxıb. İdmançımız əldə etdiyi
qələbə, qazandığı uğurlar və özü haqqında bunları əlavə
etdi: Ən böyük arzum olimpiya oyunlarında ölkəmizi
layiqli təmsil edərək olimpiya çempionu olmaqdır.
- Mən idmançı ailəsində böyümüşəm. Atam və anam idmanın
atletika növü üzrə veteran idmançılardır. 3-4
yaşlarımdan atam mənə evdə akrobatik hərəkətləri
öyrədirdi. Hər gün müxtəlif idman hərəkətlərini
öyrənirdim. Atamın ən böyük arzusu məni bu idman növü
üzrə təcrübəli bir idmançı kimi görmək olub. Məktəbə
gedəndə artıq mən sinif yoldaşlarıma və müəllimlərimə
akrobatik hərəkətlər göstərirdim. Onlar da mənim bu
istedadımı görüb heyrətlə baxırdılar. Məktəbdə keçirilən
tədbirlərə də məni dəvət edirdilər. Məktəb illərində
idman dərslərini digər dərslərdən çox sevirdim. İdmana
maraq mənə babamdan və ata-anamdan keçib. Kiçik
yaşlarımdan idmanla məşğul olmuşam. Ancaq professional
idmana 11 yaşından, daha dəqiq desəm , 2002-ci ildə 32
kq çəki dərəcəsində başladım. Mən 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbində yeniyetmələr üzrə baş məşqçi,
respublika dərəcəli hakim, yığma komandanın üzvü Nazim
İsrafilovdan idmanın gimnastika növünün sirlərini
öyrənməyə başladım. İki ildən sonra məşqçi-müəllimim
Nazim İsrafilovun məsləhətini qəbul edib, müəyyən
təcrübə qazanıb yarışlarda iştirak etməyə başladım.
Məşqçi-müəllimimlə mənim birgə gəldiyimiz qərar
gələcəkdə qazanacağım bütün uğurlar üçün bir zəmin oldu.
- Bir idmançı kimi ölkəmizi beynəlxalq turnirdə təmsil
etmək nə deməkdir?
- Təbii ki, milliyyətindən asılı olmayaraq bütün
idmançıların ən böyük arzusu o olur ki, qatıldığı
yarışmalarda qalib olsun. Mən qalib gəldiyim yarışlarda
çox sevincli dəqiqələr yaşayıram. Zəfər qazanandan sonra
çempionatların keçirildiyi dövlətlərdə qalibiyyətimin
nəticəsi olaraq, təmsil etdiyim ölkəmin himni mənim
qələbəmə görə səsləndirilir... bayrağımız
qaldırılır... dalğalandırılır. İnanın ki, o anlarda
keçirdiyim hisslərimi sözlə ifadə etməkdə acizəm.
Nazim İsrafilov, baş məşqçi:
- Bəzi idmançılar haqqında ilk gündən rəy vermək olur.
Belə idmançılar arasında Yekaterinanın adını xüsusi qeyd
etmək lazımdır. Bu idmançı çalışqanlığı, verilən
tapşırıqları dərhal yerinə yetirməklə idmançılar
arasında həmişə seçilib. Onun yaxşı bir idmançı kimi
yetişməsində valideynlərinin də rolu çox böyük olub.
Yekaterinanın valideynləri də akrobatika ilə məşğul olub
və idman aləmində tanınıb. Onun yaxşı idmançı kimi
ölkəmizi layiqli təmsil edəcəyinə inanıram.
Elman Rzazadə, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru:
- Yekaterina haqqında onu demək olar ki, bu idmançının
yaşının az olmasına baxmayaraq çox güclü bir
idmaçımızdır. O, ölkədaxili çempionatlarda həmişə yaxşı
nəticə qazanmışdır. Birinci ildən məşqçilər onun
haqqında müsbət rəy verdilər. Onun güclü bir idmançı
kimi yetişməsində, şübhəsiz, müəllimləri ilə birgə
valideynlərinin də böyük köməyi olmuşdur. Çünki
valideynləri idmanı çox sevir və özləri də zamanında
atletika ilə məşğul olublar. Sonradan məşqlər davam
etdikcə verilən proqnoz özünü doğrultdu. Bundan da
qabaq Qazaxıstanda keçirilən beynəlxalq yarışda o,
birinci yerə çıxıb.
Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |