Bakıdakı 61 nömrəli tam orta məktəbdə metodik işlərə
geniş yer verilir.
Məktəbin direktoru Zenfira Şıxəliyeva bildirir ki,
metodiki iş "Təlim və tərbiyə metodlarını həyatın
tələblərinə müvafiq quraq" və "Yaradıcılıqla işləyən
müəllimdən yaradıcılıqla işləyən kollektivə" devizləri
altında aparılır.
Təhsil ocağında metodik iş müəllimlərin özünütəhsil ilə
üzvi şəkildə əlaqələndirilir, dərsin
təkmilləşdirilməsinə, proqram materiallarının şagirdlər
tərəfindən dərindən mənimsənilməsinə kömək etməklə
bərabər, həm də müəllimlərin vaxtaşırı fikir mübadiləsi
aparmasına şərait yaradır.
Hazırda məktəbdə ayrı-ayrı fənlər üzrə metodbirləşmə
sədrləri tərəfindən "açıq dərs"lərin təşkili və ya
aktual məsələlərlə bağlı qabaqcıl müəllimlərin çıxışı,
seminar və konfransların keçirilməsi planlaşdırılır.
Pedaqoji kollektiv çalışır ki, məktəbdə aparılan metodik
işlər gənc müəllimlər üçün daha faydalı olsun. |