Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Muğam müsabiqəsinin 12 yaşlı mükafatçısı

 

Mirpaşanın səsi işğal olunmuş Ağdamın harayı, fəryadıdır 

Böyütmək üçün şəkili seçinMirpaşa  Şükürov 2001-ci ildə Bakıda anadan olub. O, Bakıdakı 32 nömrəli Ağdam şəhər tam orta məktəbinin VII sinfində təhsil alır. Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına I nömrəli Uşaq Musiqi Məktəbinin  V sinfini bitirib. İlk muğam müəllimi Barat  Fərhadov olub. Hazırda xalq artisti Mənsum İbrahimovun şagirdidir.  2012-ci ildə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olunub və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Dəfələrlə festival  və müsabiqələrdə iştirak edərək birincilik qazanıb.  

Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrında  Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi, Azərbaycan Televiziyasının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə üç ay davam edən "Muğam televiziya müsabiqəsi-2013"-ün final mərhələsi artıq başa çatıb. Tədbirdə Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında,  təbliğində və  inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz  xidmətləri  xüsusi vurğulanıb. Qeyd olunub ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu, diqqət və qayğısı olub. Təsadüfi deyildir ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan  YUNESKO 2003-cü ildə  onu bəşəriyyətin  şah əsərlərindən biri elan edib.

Bəli, avqustun 6-da  Beynəlxalq Muğam Mərkəzində  start verilən  "Muğam televiziya müsabiqəsi-2013"  Azərbaycan Televiziyası və  Radiosu, eləcə də "Mədəniyyət" kanalı ilə canlı yayımlandı və bu, muğamsevərlər üçün əsl ərmağan oldu. Bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan  dinləmələrdə yaşıdlarından  seçilən istedad sahibləridirlər. Onlardan 14 nəfərə  diplomlar təqdim olunub. Münsiflər heyətinin yekdil qərarı ilə  Sərxan Bünyadzadə  birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü  yerləri bölüşdülər. " Muğam televiziya müsabiqəsi-2013"-ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına "Qran-Pri"yə layiq görüldü.  Bu mötəbər müsabiqə haqqında təəssüratlarını bölüşmək üçün yaşca ən  gənc iştirakçı olan Mirpaşa ilə görüşüb söhbətləşdik. 

- Mirpaşa,  necə oldu ki, muğam sənətini seçdin? Ailənizdə musiqi ilə məşğul olan olubmu?

- Xeyr. 2-ci sinifdə oxuyurdum, məktəbimizə  istedadlı uşaqların üzə çıxarılması ilə məşğul olan  komissiya gəlmişdi. Mən onlara tar musiqi aləti  ilə məşğul olmaq arzusunda olduğumu bildirdim. Amma nədənsə səsimi, oxumaq qabiliyyətimi də yoxladılar və xoşlarına gəldiyinə görə məni Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinə göndərdilər. İkinci sualınıza gəlincə isə kiçik qardaşım Kamal tar sinfinə gedir. Evdəki məşqlərimi mən onun müşayiəti ilə  edirəm. 

-  Yəqin ki, xarici səfərlərin də çox olub?

-  2012-ci ildə Muğam Mərkəzində 7 dövlətdən gələn uşaqların arasında mən Azərbaycanı təmsil edirdim. Həmin müsabiqədə "Qran-Pri" mükafatına layiq görüldüm. Bir çox festival və müsabiqələrdə- Fransada, İtaliyada, Almaniyada, Amerikada müəllimim  Mənsum İbrahimovla bir yerdə olmuşam.  Həmişə də rəğbətlə qarşılanmışam. Yay Olimpiya Oyunları idmançılara dəstək Proqramı çərçivəsində Londonda  konsert  proqramında iştirak etmişəm. Məni alqışlayanlar arasında ölkə rəhbəri İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti,  Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da var idi.

- Muğam müsabiqəsində hansı hissləri keçirirdin?

- Səhnədə münsiflər heyətinin qarşısında oxumaq həm şərəfli, həm də məsuliyyətli bir işdir. Artıq ənənəyə çevrilən dördüncü muğam televiziya müsabiqəsində  münsiflər heyəti həmişə olduğu kimi peşəkarlardan ibarət idi. Birinci dəfə idi ki, belə görkəmli sənətkarların  qarşısında çıxış edirdim. Böyük  ümidlərlə getmişdim. Bütün uşaqlar gözəl oxuyurdular, mən də bacardığımı etdim.

- Son yarışmada  qazandığın qələbə sevincini ilk dəfə kiminlə bölüşdün?

- İlk dəfə sevincimi pərdə arxasında  dayanan atamla və təbii olaraq  sevimli ustadım Mənsum müəllimlə bölüşdüm.

- Hər çıxışında xalq artisti Arif Babayev sənə ən yüksək bal  "qızıl onluq" verirdi, sənin ağır seyid olduğunu da vurğulayırdı. Ən çox səsinə arxalanırdın, yoxsa cəddinə?

- Sözsüz ki, səsimə, ancaq cəddimi də köməyə çağırmağı unutmurdum (gülümsəyir). Mən bütün qələbələrimə görə  xalq artisti, ustadım Mənsum İbrahimova borcluyam.

- Məşqlərə çox vaxt ayırırsan, bu, dərslərinə mane olmur ki?

- Əsla yox, mən dərs əlaçısıyam. Sinif rəhbərim Natella İsmayılovaya və məktəbin direktoru Ülviyyə Hacıyevaya minnətdarlığımı bildirirəm ki, mənə bu müqəddəs sənətə  yiyələnmək üçün şərait yaradıblar.

- Bəs, gələcək planların?

- Arzum  Milli Konservatoriyaya  daxil olmaq, muğam sənətini inkişaf etdirməkdir.

Mirpaşanın müəllimi, ustad xanəndə, xalq artisti Mənsum İbrahimov da  onun haqqında ürəkdolusu danışdı. Dedi ki,  o, fitri istedad sahibidir.  Mirpaşanın parlaq gələcəyi var. 9 yaşından onunla məşğul olur. 10 ölkədə dövlət tədbirlərində iştirak edib.  Az yaşı olmasına baxmayaraq,  bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir.

Mənsum müəllim dərindən köks ötürərək onu da vurğuladı ki, Mirpaşanın səsi işğal olunmuş Ağdamın harayı, fəryadıdır. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov