Rusiyada dövlət və özəl ali məktəblərin filialları
bağlanacaq
Dekabrın 2-də Moskvada Rusiya ali təhsil sistemində
təmsil olunan ali məktəblərin keyfiyyət monitorinqini
aparan işçi qrupun araşdırmalarının yekunlarına həsr
olunmuş brifinq keçirilib. "Uçitelskaya qazeta"nın
məlumatına əsasən, işçi qrup ali məktəblərin effektivlik
göstəricilərini ətraflı təhlil edib. Bu barədə Rusiya
təhsil və elm nazirinin müavini Aleksandr Klimov
açıqlama verib. Onun sözlərinə görə, monitorinqdə həm
dövlət, həm də özəl sektora aid 934 ali məktəb və
onların 1478 filialı iştirak edib. Bütün ali məktəb
müəssisələrinə eyni tələblər irəli sürülüb. Nazir
müavini qeyd edib ki, ötən il fəaliyyətlərində dönüş
etməli olan ali məktəblər də cari ildə öz
göstəricilərini yaxşılaşdıraraq qeyri-effektiv ali
məktəblər sırasını tərk edə biliblər. Ali məktəbin
qeyri-effektiv elan olunması bu təhsil ocağının dərhal
bağlanması demək deyil. Söhbət ali təhsil ocağının
yenidən təşkilindən gedir. İstər dövlət, istərsə də
qeyri-dövlət ali məktəblərinin filiallarını saxlamaq
məqsədəmüvafiq deyil. Qeyri-effektiv filiallar
bağlanmalıdır.
Rusiya Rektorlar Birliyinin baş katibi Olqa Kaşirina da
bildirib ki, monitorinq dövlət-ictimai tərəfdaşlığının
inkişaf etdirilməsində mühüm vasitədir. Rektorlar
Birliyinin isə ali məktəblərin keyfiyyət monitorinqinin
keçirilməsi proseduru ilə bağlı heç bir etirazı
yoxdur. Onun sözlərinə görə, monitorinq regional ali
məktəblərin inkişaf etdirilməsində ciddi motivasiya
olub. Brifinqdə pedaqoji ali məktəblərin keyfiyyət
monitorinqinin keçirilməsi ilə bağlı problemlərə də
toxunulub.
Dərsliklərin elektron versiyası tətbiq olunacaq
Yaxın vaxtlarda Rusiya Federasiyasının ümumtəhsil
məktəblərinin şagirdləri üçün hər bir dərsliyin elektron
versiyası tətbiq olunacaq. "Uçitelskaya qazeta"nın
məlumatına görə, bu barədə ölkənin təhsil və elm naziri
Dmitri Livanov bildirib. Onun sözlərinə görə, məktəb
dərslikləri üçün elektron versiyanın mövcudluğı mütləq
şərt olacaq. Bu isə məktəbli çantasının olduqca yüngül
olmasını təmin edəcək. Nazir qeyd edib ki, hazırda
müasir məktəblinin portfeli bəzi hallarda 8 kiloqramı
aşır.
"Əlbəttə ki, uşaqlar üçün, xüsusən də ibtidai
məktəblərdə oxuyan kiçikyaşlılar üçün portfelin bu
qədər ağır olmasına yol vermək olmaz. Lakin təbiidir ki,
informasiyaların həcmi artır, bunun qarşısını almaq
olmaz. Buna görə də müasir informasiya
texnologiyalarından istifadə olunması çox vacibdir.
Dərsliklərin elektron versiyalarının yaradılması mütləq
tələbdir", - deyə nazir bildirib.
Yaponiyada ağıllı robot qəbul imtahanlarına hazırlaşır
Yaponiyada Milli İnformatika İnstitutu və bir sıra
texnologiya kompaniyaları (Fujitsu və IBM) ilə
əməkdaşlıq proqramı çərçivəsində alimlər Tokio
Universitetinə keçirilən qəbul imtahanlarında iştirak
edə biləcək ağıllı robotun yaradılması layihəsinə
başlayıblar. Tokio Universitetinə qəbul qaydaları
olduqca çətin hesab olunduğundan xüsusi olaraq ağıllı
robot bu ali məktəbdə sınaqdan keçiriləcək. Bu
yaxınlarda robot ilk sınaqdan keçib, belə ki, o,
riyaziyyat üzrə 10 sualdan 4-nə düzgün cavab verib.
Robotu yaradanlar hesab edirlər ki, 2016-cı ildə o ən
yüksək balla imtahan verə, 2021-ci ildə isə ali məktəbə
qəbul olmaq üçün tələb olunan bütün balı yığa biləcək.
Norveçdə əcnəbi tələbələr üçün təhsil pulsuz olacaq
Norveçdə xarici tələbələr üçün ali təhsil yaxın
vaxtlarda hələlik pulsuz olacaq. Bu barədə Norveç
hakimiyyət orqanları qərar qəbul edib. "Uçitelskaya
qazeta"nın yazdığına görə, Avropa Birliyinin üzvü olan
bir ölkə kimi Norveç Avropanın digər ölkələrindən də
tələbə qəbul etməlidir. Lakin Norveç Krallığında AB
üzvü olmayan digər dövlətlərdən gəlmiş əcnəbi tələbələr
də təhsil alır. Onlar isə aldıqları ali təhsilə görə pul
ödəməlidirlər.
"Hökumətin belə bir qərar qəbul etməsinin səbəbi odur
ki, əlavə maddi kömək almayan bir çox norveçli gənc
Amerika və ya Rusiyada pullu ali təhsil alır. Bu
ölkələrdən olan tələbələrin Norveçdə təhsilini isə yerli
vergiödəyiciləri öz üzərlərinə götürüblər", - deyə
ölkənin təhsil və elmi tədqiqatlar nazirinin müavini
Bern Xeuqstad bildirib. Hakimiyyətdə təmsil olunan
mühafizəkarlar qeyd edirlər ki, xarici tələbələr üçün
pullu təhsil sisteminin tətbiqi ölkədə təhsilin
keyfiyyətinin yaxşılaşmasına gətirib çıxaracaq.
Digərləri isə əmindirlər ki, pullu təhsil ölkədə tələbə
sayının kəskin azalmasına səbəb olacaq. Misal üçün,
qonşu İsveç pullu ali təhsilə keçdikdən sonra bu ölkədə
xarici tələbələrin sayı 80 faiz azalıb.
Uşaqların məktəbə iki yaşdan getməsi təklif olunur
Böyük Britaniya parlamentində uşaqların 2 yaşdan
məktəbə göndərilməsi barədə təklif müzakirəyə çıxarılıb.
Təşəbbüsün müəllifi deputat Salli Morqan 2 yaşdan
başlayaraq uşaqların ümumi icbari təhsilə cəlb olunması
vacibliyini bildirib. O bunu orta məktəbə daxil olarkən
imkanlı və sosial cəhətdən imkansız ailələrdən olan
uşaqlar arasındakı fərqin böyük olması ilə izah edib.
Uşaqlardan bəziləri çox aşağı sosial davranışlara
malikdir, onlar oxuya, yaza bilmirlər, tədris prosesinə
hazır deyillər. Buna görə də deputat S.Morqan özündə
ibtidai və orta təhsil səviyyələrini cəmləşdirən xüsusi
məktəblərin açılmasını təklif edib. Bu mərhələ
azyaşlıların icbari təhsilə hazırlığı yolunda ən yaxşı
vasitə olacaq.
Siyasətçi 2 yaşlı uşaqlar və 18 yaşlı yeniyetmələrin
əhatə olunduğu təhsil şəbəkəsinin genişləndirilməsinin
vacibliyini qeyd edib. Onun sözlərinə görə, məhz erkən
yaş dövrü uşaqların inkişafında təhsil prosesində
zəruri olan davranış və bacarıqların formalaşmasında
əlverişli şəraitdir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında |