Emil ABBASOV,
Nyu-York Universitetinin magistri
1989-cu
ildə Bakı şəhərində anadan olub. 1996-1998-ci illərdə 86
nömrəli tam orta məktəbdə təhsil alıb. 1998-2005-ci
illərdə ailəsinin yaşayış yerini dəyişməsi ilə əlaqədar
təhsilini 194 nömrəli tam orta məktəbdə davam etdirib.
2007-ci ildə Heydər Əliyev adına liseyi əla qiymətlərlə
bitirib. Ali məktəblərə qəbul imtahanında 15 ildə ilk
dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət
Universitetinin tətbiqi-riyaziyyat və kibernetika
fakültəsinin informatika ixtisasına qəbul olunub. BDU-da
1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə
Koreya Respublikasının Seul və Suvon şəhərlərində
yerləşən Kyung Hee Universitetində (KHU) kompüter
mühəndisliyi üzrə bakalavr pilləsində təhsil alıb.
2013-cü ildə KHU-nu müvəffəqiyyətlə bitirdikdən sonra
Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York
Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə
magistr dərəcəsinə qəbul olunub.
Orta məktəb illərində bir neçə dəfə riyaziyyat üzrə fənn
olimpiadalarında iştirak etmiş və ilk üçlükdə yerlər
qazanmışam. Həmişə oxuduğum sinfin və hətta məktəbin ən
yaxşı şagirdi olmağa can atmışam və IX sinifdən
başlayaraq ölkənin ən yüksək ballı abituriyenti olmaq
üçün əlimdən gələni etmişəm. Bir şagird kimi bunu özümə
vəzifə bilmişəm. Nəticədə məzun olduğum 2007-ci ildə
ölkə üzrə ilk dəfə olaraq TQDK imtahanlarında maksimum
nəticə göstərmişəm. Əldə etdiyim bu uğurda mənə dəstək
olmuş müəllimlərimə, valideynlərimə və bacıma
minnətdarlığım sonsuzdur.
Bir qədər Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramından bəhs edim. Mən
2013-2014-cü tədris ili üçün tələbələrin seçim
prosesini normal qiymətləndirirəm. Seçim prosesi şəxsən
mənim üçün ədalətli keçdi. Prosesin 3 mərhələyə
bölünməsini müsbət qarşılayıram. Xüsusən də sənəd
qəbulunun və sənəd təqdimetmə gününün təyin olunmasının
elektron şəkildə aparılmasını təqdirəlayiq hal hesab
edirəm. Müsabiqənin son mərhələsi olan müsahibənin
ingilis dilində aparılmasına çox sevindim. Qeyd edim ki,
Cənubi Koreyada və hazırda tələbəsi olduğum NYU-da yerli
və bir sıra xarici ölkələrdən olan tələbə yoldaşlarımın
əksəriyyəti valideynlərinin büdcəsi və ya banklardan
götürdükləri faizli borclar hesabına təhsil
almaqdadırlar. Ancaq mən onlara deyəndə ki, mənim bütün
xərclərim dövlətim tərəfindən ödənilir, onlarda, belə
desəm yanılmaram, mənə qarşı qibtə hissi oyanır. Mən
çox istərdim ki, bunun məsuliyyətini Dövlət Proqramı
xətti ilə xaricdə oxuyan bütün tələbələrimiz dərk
etsinlər. Dövlət hesabına xaricdə təhsil almağım üçün
çox sevinirəm və bu böyük diqqət və qayğıya görə ölkə
Prezidentimizə dərin təşəkkürümü bildirirəm.
Koreya
və ABŞ-dakı tələbə həyatımı müqayisə etsək, həm oxşar,
həm də fərqli cəhətləri qeyd etmək olar. Oxşar cəhət
odur ki, həm Koreya, həm də ABŞ-da vaxtımın çox hissəsi
dərs oxumaqla, verilən tapşırıq və layihələri başa
çatdırmaqla keçir. Fərqli cəhət isə, zənn edirəm ki,
Amerikada dərslərimin daha da maraqlı keçməsi ilə
bağlıdır, çünki dərslər daha çox interaktivlik,
qarşılıqlı müəllim-tələbə müzakirələri və tələbənin öz
üzərində daha çox işləməsinə təşviq edilməsi və s.
şəraitində keçir. Qeyd edim ki, burada bir çox tələbə
elmi cəmiyyətləri var ki, mən onlardan bəzilərinin
üzvüyəm.
Asudə vaxtlarımda Nyu-York şəhərinin tanımadığım
küçələrinə gedir, yeni çıxan filmləri izləyir, stolüstü
tennis oynayıram. Bəzən isə sadəcə, öz otağımda
kompüterlə müxtəlif smartfon tətbiqləri ilə tanış
oluram.
Təhsilimi davam etdirdiyim Nyu-York Universiteti dünya
universitetlərinin akademik sıralamasında 27-ci
sıradadır. Əsası 1831-ci ildə qoyulmuş təhsil ocağının
məzunları və müəllimlərindən 31 nəfər Nobel mükafatı
alıb. Universitetin əsas kampusu Manhettendə Vaşinqton
Meydanı ətrafında yerləşir. Bundan əlavə, universitetin
bütün Amerika və dünya üzrə bir çox institutları da
var. Universitetin 12 mərtəbəli və gündə 7000-ə yaxın
istifadəçisi olan Bobst kitabxanası hər bir tələbəyə və
araşdırmalarla məşğul olan istənilən şəxsə lazım ola
biləcək hər növ məlumatı təmin edir. İxtisasım dünyanın
aparıcı sahələrindən olan kompüter elmidir. Burada
kompüter elmi üzrə magistr dərəcəsi proqramı tələbələrə
bu dərəcəni öz maraq sahələri üzrə almağı təmin edir.
Tələbə kompüter və şəbəkə təhlükəsizliyi, paylanmış
şəbəkə sistemləri, İnternet axtarış texnologiyaları və
s. sahələr üzrə dərslər ala və magistr dərəcəsi üzrə
öz tezislərini bu sahələrdən biri üzrə yaza bilər.
Qeyd edim ki, xaricdə təhsil alan tələbələrimiz diaspor
təşkilatları ilə sıx əlaqə saxlayırlar. Cənubi
Koreyada oxuduğum dövrdə Azərbaycan diasporası ilə
əlaqələrim çox sıx olub. Səfirliyimizin keçirdiyi
tədbirlərdə mütəmadi olaraq iştirak edirdim. Mən
Koreyada təhsil alan azərbaycanlı tələbələrlə birlikdə
yaratdığımız lBUTA» cəmiyyətinin fəal üzvü olmuşam və
bir il cəmiyyətin İdarə Heyətində də yer almışam.
Amerikada isə səfirliyimiz buradan çox uzaqda,
Vaşinqtonda yerləşdiyi üçün hələlik ora getmək imkanım
olmayıb.
Hesab edirəm ki, xaricdə təhsil alan hər bir
azərbaycanlı tələbə oxuduğu təhsil müəssisəsində
göstərdiyi akademik uğurlarla müəllimlərin, tələbə
yolaşlarının və ümumilikdə universitet heyətinin
gözlərində ucalmağı bacarmalı və bununla da onlarda
Azərbaycan və onun mədəniyyəti haqqında maraq
oyatmalıdır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki,
fərqli ölkələrdən olan insanların könüllü olaraq ölkəmiz
və onun mədəniyyəti ilə maraqlanması, səninlə dost
olmağa çalışması ölkəmizi xaricdə tanıtmağın ən effektiv
yollarından biridir.
Bir qədər də gələcək planlarımdan danışmaq istərdim.
Arzum Nyu-York Universitetində magistr təhsilimi başa
vurduqdan sonra bir müddət ABŞ-da qalıb iş təcrübəsi
qazanmaqdır. Sonra isə Vətənə, ailəmin yanına dönüb bir
işə sahib olmaq və eyni zamanda Azərbaycan
universitetlərinin birində öyrəndiklərimi tədris
etməkdir. |