Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogika və
psixologiya fakültəsinin tərkibində Polşa
Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə
yaradılan Uşaq İnkişaf Mərkəzinin açılışı olub.
Açılış mərasimində ADPU-nun rəhbərliyi, Polşa
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri cənab Mixal Labenda, həmçinin səfirliyin
əməkdaşları, Təhsil Problemləri İnstitutunun
nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən müxtəlif
uşaq inkişaf mərkəzlərinin rəhbərləri, kütləvi
informasiya vasitələrinin təmsilçiləri və digər şəxslər
iştirak ediblər.
Tədbiri ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, professor Yusif Məmmədov giriş sözü ilə
açaraq qonaqları universitetdə görməkdən məmnun olduğunu
ifadə edib. Belə bir mərkəzin ərsəyə gəlməsində
göstərdiyi hərtərəfli dəstəyə görə Polşanın
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab
Mixal Labendaya öz dərin minnətdarlığını bildirib.
Y.Məmmədov həmçinin pedaqogika və psixologiya
fakültəsinin dekanı, dosent Şəhla Əliyevaya və
fakültənin kollektivinə bu mərkəzin yaradılmasında fəal
iştirak etdiklərinə görə təşəkkür edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin həyatımızın bütün sahələri kimi,
bu sahəyə də böyük qayğı və diqqət göstərməsi sayəsində
son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün bir çox qanunlar qəbul edilib, müxtəlif mərkəzlər
yaradılıb. Eyni zamanda ölkənin birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da bu
qəbildən olan uşaqlara yüksək qayğı və diqqət
göstərir. "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda belə uşaqların təhsili
xüsusi təsbit olunmuşdur.
Rektor çıxışına davam edərək bildirib ki, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar ətraf mühitə uyğunlaşa
bilmir və onların özlərini sosial mühitdə tənzimləmələri
müxtəlif çətinliklər yaradır. Xüsusi qayğıya ehtiyacı
olan uşaqların cəmiyyətə adaptasiyası isə çox vaxt tələb
edir. Buna görə də bu sosial adaptasiyada onlara peşəkar
mütəxəssislərin köməyi vacibdir. Bu mənada xüsusi
qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün peşəkar
mütəxəssislərin hazırlanması vacibdir və bu, müstəqil
dövlətimizin təhsil siyasətinin ayrılmaz tərkib
hissəsidir. ADPU-da belə bir mərkəzin açılması da bu
siyasətin vacib elementlərindən biridir.
Universitetimizin pedaqogika və psixologiya fakültəsinin
tələbələri bu mərkəzdən öyrəndikləri bilikləri və əldə
etdikləri təcrübəni gələcəkdə öz pedaqoji
fəaliyyətlərində tətbiq edə biləcəklər.
Açılış mərasimində çıxış edən Polşanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labenda son
illər təmsil etdiyi ölkə ilə Azərbaycan arasında siyasi,
iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə inkişaf
etdiyini bildirib və bundan razı qaldığını ifadə edib.
M.Labenda eyni zamanda Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı
olan uşaqlara böyük qayğı və diqqət göstərməsindən
məmnun qaldığını xüsusi qeyd edib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |