Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Məktəb-lisey kompleksində alman dilinin tədrisi genişləndirilir

 

BSU-nun nəzdindəki məktəb-lisey kompleksində alman dili mərkəzi fəaliyyət göstərir. Mərkəzin məqsədi burada tədris olunan alman dilinin azərbaycanlı məktəblilərə dərindən mənimsədilməsinə nail olmaqdan, alman dili tədris olunan sinifləri lazımi dərslik və tədris vəsaitləri ilə təchiz etməkdən ibarətdir. Almaniyalı mütəxəssis Hiltrut Elbert Fano ilə bağlanmış müqavilə əsasında kompleksin alman dili müəllimlərinə lazımi metodik dəstək verilir.

Cari tədris ilindən alman dilinin tədrisinin genişləndirilməsi, pedaqoji kadrların səviyyəsinin yüksəldilməsi, şagirdlərə praktik danışıq vərdişlərinin aşılanması məqsədilə xarici dil dərslərinə qoyulan tələb və yanaşmaların yenidən nəzərdən keçirilməsi istiqamətində alman dili mərkəzi konkret iş planını yerinə yetirməkdədir. Oktyabr ayında kompleksdə təşkil olunan alman dili üzrə "açıq dərs"lərdə Cənubi Qafqaz üzrə koordinator Angela Şmidt də iştirak edib. "Açıq dərs"lərin müzakirələrindən sonra qonaq kompleksin rəhbərliyi və müəllimlərlə görüşüb. Görüşdə kompleksdə alman dilinin tədrisi perspektivləri müzakirə edilib. Sonra qonaq və müəllimlər BSU-nun Humbolt adına alman dili və mədəniyyəti mərkəzində olublar. Alman həmkarlara universitet haqqında və alman dilinin öyrədilməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib.

Məktəb-lisey kompleksinin şagirdləri bir sıra Bakı məktəbliləri ilə yanaşı, payız tətili günlərində kirxada keçirilən ənənəvi "alman dili gecəsi"ndə də maraqlı proqramla çıxış ediblər.

Noyabrın 25-də isə Azərbaycanda fəaliyyət göstərən Almaniya səfirliyinin əməkdaşı, səfirin müavini Volfqanq Mössinger BSU-nun məktəb-lisey kompleksində olub və məktəb rəhbərliyi ilə görüşüb, burada alman dilinin dərindən tədrisi və kompleksin DSD məktəb statusu ala bilmə imkanlarını öyrənib. Sonra bu məsələ hərtərəfli müzakirə edilib. Kompleksin direktoru, professor Telman Cəfərov bu məsələnin universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev tərəfindən müsbət qarşılandığını, səfir müavini isə kompleksdə alman dilinin dərindən öyrədilməsi imkanlarının genişləndirilməsi xahişi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət ediləcəyini bildirib.  

Hicran ƏKBƏROVA
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov