Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Astara Pedaqoji Kollecində valideynlər yığıncağı

 

Böyütmək üçün şəkili seçinAstara Pedaqoji Kollecində tədris ilinin birinci yarısında valideynlər yığıncağının keçirilməsi artıq ənənə halını alıb. Budəfəki valideynlər yığıncağı iki mərhələdə keçirilib. Bunun da səbəbi odur ki, bu dərs ilində əvvəlki illərə nisbətən daha çox tələbə qəbul olunub. Valideynlər yığıncağında 450-yə yaxın valideyn iştirak edib.

Yığıncaqdan əvvəl valideynlər tədris korpusu ilə tanış olub, kollecin şəhərciyini gəzib, fənn-tədris kabinetlərinə və kitabxanaya baxıblar. Valideynlər kompüterlərlə təmin olunmuş fənn kabinetlərində yaradılmış şəraitdən razılıqlarını bildiriblər. Şəhərciyin həyətindəki tələbə yataqxanasında tələbələrin məişət şəraiti ilə yaxından maraqlanan valideynlər akt zalında kollecdə keçirilən tədbirlərdən və qazanılan uğurlardan bəhs edilən videoçarxa baxıblar.

Sonra kollecin direktoru, əməkdar müəllim, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında təhsil sisteminin inkişafında misilsiz xidmətindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın təhsilimizin inkişafı ilə bağlı yeni layihələrin həyata keçirilməsində gördüyü işlərdən danışıb.

Kollecin keçdiyi yol barədə danışan Ə.Həmzəyev vurğuladı ki, müstəqilliyimizin yaşıdı olan Astara Pedaqoji Kolleci 1991-ci ildə filial, 1993-cü ildə müstəqil təhsil müəssisəsi kimi fəaliyyət göstərməyə başlayıb. Artıq 20 ildir müstəqil təhsil müəssisəsi kimi fəaliyyət göstərən kollecin tələbələrinin sayı 1400-ü keçib. Kollecin rəhbərliyi valideynlərlə daim sıx əlaqə saxlayır.

Kollecdə son illərdə böyük işlər görüldüyündən söhbət açan Ə.Həmzəyev bildirdi ki, beynəlxalq əlaqələr sahəsində də mühüm uğurlar əldə edilib. Bu il mayın 4-də Astara Pedaqoji Kollecinin təşəbbüsü, təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans "İKT və qloballaşma" adlanırdı. Hindistandan, Rusiyadan, Türkiyədən və Özbəkistandan görkəmli alim və professorlar, eləcə də Azərbaycanın tanınmış filosofları konfransda iştirak etmişlər.  

Uğurlarla yanaşı nöqsanlardan, çatışmazlıqlardan və problemlərdən də söhbət açan Əlihəsən Həmzəyev valideynləri açıq dialoqa çağırdı. İmtahan sessiyalarında aşkarlığı və obyektivliyi təmin etmək məqsədilə yaradılan "Qaynar xətt"in fəaliyyətindən danışan natiq valideynlərə müraciət etdi ki, belə məsuliyyətli proseslərdə daha fəal olsunlar və övladlarının bilik səviyyəsi ilə yaxından maraqlansınlar, onların bütün hərəkətlərinə ciddi surətdə nəzarət etməyə çalışsınlar.

Tədbirdə müasir təhsilin qarşısında duran tələblərdən, təhsildə yeniliklərdən, dünya təhsilinə inteqrasiya olunmanın əsaslarından, İKT-dən düzgün və səmərəli istifadədən, gənclərin, tələbələrin hər yerdə, xüsusən, ictimai-siyasi yerlərdə və tədbirlərdə öz davranışı, nəcib danışığı ilə nümunə olmalarından, bu sahədə valideynlərin köməyindən ətraflı danışıldı.

Valideynlərdən Lənkərandan Qurbanulla Quliyev, Mübariz Rəhimov, Masallıdan Qafur Abiyev, Səkinə Əsədova, Zabil Hüseynov, Kamil Məmmədov, Şahin Həsənov və başqaları xüsusilə vurğuladılar ki, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti vardır.

Sonda yığıncağı yekunlaşdıran kollecin direktoru, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev valideynlərə gənc nəslin tərbiyəsi və onların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində pedaqoji kollektivlə daha sıx əlaqə saxlamağa və bu prosesdə daha yaxından iştirak etməyə çağırdı. 

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov