Tərtərin Cəmilli kəndində bir ailənin iki müəllimi ilə
söhbət
Müəllim ömrü! Bu iki söz nə qədər sadə səslənsə də dərin
məna daşıyır, minlərlə yeniyetmə və gəncin taleyinə işıq
saçır. Bütün zamanlarda bu ada, bu peşəyə dərin hörmət
və ehtiram göstərilib, dünyanın ən dahi şəxsiyyətləri
belə əldə etdikləri uğurlara görə müəllimlərinə
minnətdarlıqlarını bildiriblər. Peşəsini sevən və bütün
varlığı ilə bu sənətə bağlı olan müəllim yaşadığı
mühitdən və cəmiyyətdən asılı olmayaraq ancaq bir amal
üçün - şagirdlərə yüksək bilik verməyi, onları bir
şəxsiyyət kimi yetişdirməyi qarşısına məqsəd qoyub.
Qarşılığında isə müəllimin umacağı tək bir şey var ki, o
da ona göstərilən diqqət və ehtiramdır. "Azərbaycan
müəllimi" qəzetinin kollektivi olaraq biz də daim
müəllimlərin həyat tərzini, onların fəaliyyətini
işıqlandırmağı ümdə vəzifəmiz hesab edirik.
Elə bu məqsədlə də respublikamızın ucqar kənd yerlərində
yaşayan müəllimlərin gündəlik yaşayış tərzi ilə tanış
olmaq və bu barədə yazıları oxucularımıza təqdim etmək
üçün təcavüzkar qonşularımızla həmsərhəd olan Tərtər
rayonuna yollandım. Gəlişimin məqsədini rayon təhsil
şöbəsinə bildirdikdən sonra mərkəzdən təxminən 15 km
məsafədə yerləşən Cəmilli kəndinə üz tutdum. Cəmilli
kənd tam orta məktəbinin direktoru Famil müəllimlə
görüşdükdən sonra uzun illər bu təhsil ocağında
Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Qabil
Nuriyevin qonağı oldum. Qabil müəllim gəlişimin səbəbini
öyrənəndə çox məmnun oldu. Həyat yoldaşı və onunla
çiyin-çiyinə bir məktəbdə eyni fənni tədris edən Gülnaz
müəllimi də çağıraraq mənimlə tanış etdi. Düzü,
axtardığımı tapmışdım. Belə ki, bir evdə həm ailənin
başçısının, həm də xanımının müəllim olduğunu biləndə
çox sevindim. Əsl kənd qonaqpərvərliyi ilə məni evinə
dəvət edən Qabil müəllimin halal süfrəsində ətirli çay
içərək şirin söhbətə başladıq.
Qeyd edim ki, Qabil Nuriyev 1955-ci ildə Tərtər
rayonunun Cəmilli kəndində müəllim ailəsində dünyaya göz
açıb. 1981-ci ildə indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsini bitirib. Pedaqoji fəaliyyətə
1977-ci ildə Tərtər rayonunun Dəmirçilər kənd 8 illik
məktəbində başlayıb, 1981-ci ildən Cəmilli kənd tam orta
məktəbində çalışır. Qabil müəllim müxtəlif vaxtlarda
rayon qəzetində korrektor kimi də fəaliyyət göstərib.
Müsahibimin həyat yoldaşı Gülnaz Hümbətova da 1963-cü
ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
1982-ci ildə indiki Gəncə Dövlət Universitetinin
Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib və elə
həmin ildən də Cəmilli kənd tam orta məktəbində ixtisası
üzrə müəllim işləyir.
- Kənddə çalışan müəllim ilə şəhərdə çalışan müəllimin
fərqli cəhətləri haqqında nə deyə bilərsiniz?
Qabil Nuriyev: -
Düşünürəm ki, kənddə çalışan müəllimlər daha çox zəhmət
çəkirlər. Bundan başqa, şəhərdən fərqli olaraq kənddə
sakinlər bir-birini yaxından tanıyır. Belə ki, istər
ictimaiyyət arasında, istərsə də müxtəlif məclislərdə
həmişə diqqət bizə yönəlir. Ona görə də şəhərdən fərqli
olaraq kənd müəllimləri məktəbdən kənarda da şagirdlərlə
ünsiyyətdə olur. Şagirdlər müəllimin davranışını, hətta
geyimini belə örnək götürür. Kənd müəlliminin xalq
arasında həmişə nüfuzu saxlanılır və xüsusi ehtiram
göstərilir. Tədrisə gəldikdə isə bir o qədər hiss
olunmur. Dərslik eyni, proqram eyni. Şükürlər olsun ki,
son illər rayon və kəndlərdə də yüksək səviyyəli yeni
məktəb binaları tikilir və hər bir avadanlıqla təchiz
olunur. Ancaq onu da etiraf edək ki, şəhərdəki
müəllimlər enerjilərinin böyük hissəsini pedaqoji
fəaliyyətə, ictimai işlərə həsr edirlərsə, biz kənddə
çalışan müəllimlər təsərrüfat işlərinin çoxluğundan
enerjimizin bir hissəsini də bu kimi işlərə sərf etməyə
məcbur oluruq. Lakin bütün bunlara baxmayaraq, işimizin
öhdəsindən də layiqincə gəlirik.
- Repetitorluqla məşgul olursunuzmu?
Qabil Nuriyev: -
Kənddə repetitorluqla məşğul olan çox az sayda müəllim
tapılar. Mən də əvvəllər şagirdlərimlə dərsdən kənar
məşğul olurdum. İndi yaşım və səhhətim buna bir o qədər
imkan vermir. Şagirdlərə ali məktəblərə hazırlıq
dövründə və digər vaxtlarda əlavə dərslər keçirdim. Amma
bütün bunları həmişə təmənnasız etmişəm. Müəllimə
şagirdin əlavə pul verməsi və repetitorluq kimi
çalışmağımız ağlımıza belə gəlməzdi. Bütün bunları
özümüzə borc bilmişik. Tək arzumuz ali məktəblərə
hazırladığımız məzunların tələbə adı alması idi. Bu
bizim üçün ən böyük var-dövlət idi. Ali məktəbə daxil
olan məzunların şərəfinə verilən ziyafətlərdə
valideynlər bizi başda oturdub şənimizə xoş sözlər
deyirlər. Biz bu xüsusiyyətləri ənənə kimi yaşlı
müəllimlərimizdən götürmüşdük. Ümumiyyətlə, müəllim
kimi fəaliyyətə başlamazdan öncə həmişə yaxşı
müəllimləri özümə örnək hesab eləmişəm. Məsələn, bizim
kənddə Məcid müəllim adında ədəbiyyat müəllimi var idi.
Həmişə Allahdan diləyirdim ki, mənə Məcid müəllimdə
olduğu kimi tələbkarlığı, Göyüş müəllim kimi dərs demək
qabiliyyəti qismət eləsin. Eləcə də digər müsbət
xüsusiyyətləri başqa müəllimlərdən örnək götürürdüm.
Sözün yaxşı mənasında həmin müəllimlərə qibtə eləmişəm.
Ailəmizdə də atam və böyük bacım müəllim idi. Gənc
yaşlarımda onlar da mənə bir çox məsləhətlər verərdilər.
- Bu peşəyə bağlılığınız hansı istəkdən doğur?
Gülnaz Hümbətova: -
Düşünürəm ki, ən şərəfli bir peşəni seçmişik. Mən
müəllim olmağımla fəxr edirəm. Şagirdlərimdən bir çoxu
hazırda mənimlə çiyin-çiyinə müəllim işləyir. Bundan
başqa, həkim, mühəndis, hüquq-mühafizə orqanlarında və
digər peşələrdə çalışan yetirmələrimiz var. Onları hər
dəfə görəndə böyük qürur hissi keçirirəm. Düzdü, yaxşı
oxumayan şagirdlərimiz də olub. Amma həmin şagirdlərlə
küçədə, yolda, hər hansı məclisdə qarşılaşanda onlardan
daha çox diqqət və hörmət görürəm. Çünki onlar həyatın
sərt üzünü gördükcə başa düşürlər ki, vaxtında onlara
"oxu-oxu" deyərək necə böyük yaxşılıq etmək
istəyirmişəm. Bütün bu gördüklərimiz, yaşadıqlarımız
bizi bu peşəyə daha da vurğun edir və müəllimlik
sənətini seçməyimiz də düzgün addım atmağımızın
nəticəsidir.
- Həm məktəbdə çalışmaq, həm də evdə təsərrüfat işləri
ilə məşğul olmaq sizin üçün çətin deyilmi?
Qabil Nuriyev: -
Səmimi desək, əlbəttə ki, müəyyən çətinliklər törədir.
Kənd yerində istədin, istəmədin, iş elə başdan aşır.
Məktəbdən evə qayıdanda təsərrüfatla məşğul olmaq zehni
yorğunluğumuzu aradan qaldırır. Onu da qeyd edim ki,
kəndimizin çox gözəl təbiəti, münbit torpağı var. Bu
torpaqda istər bağçılıq, istərsə də bostançılıqla məşğul
olmaq insana xüsusi zövq verir. Həm həyətyanı
təsərrüfatla, həm də az da olsa maldarlıqla məşğul
oluruq. Düşünürəm ki, kənd yerində yaşayırıqsa bunları
etmək vacibdir. Necə ola bilər ki, biz kənddə
yaşaya-yaşaya kənd təsərrüfatı məhsullarını bazardan
alaq. Təsərrüfatla məşğul olmaq ailəmizin büdcəsini də
artırır. Bundan başqa, həm də təbii məhsullardan
istifadə etməyə daha çox üstünlük veririk. Onu da qeyd
edim ki, mənə nisbətən Gülnaz xanımın işi daha ağırdır.
O, məndən fərqli olaraq ev işləri ilə də məşğul olur.
Lakin bütün bunlara baxmayaraq, biz gördüyümüz işləri
sevə-sevə, yorulmadan edirik və bundan zövq alırıq. Necə
deyərlər, "iş insanın cövhəridir".
- Təhsilimizdə gedən prosesləri necə
qiymətləndirirsiniz?
Gülnaz Hümbətova: -
Son illər təhsilimiz yüksək sürətlə inkişaf edir. Yeni
təlim metodlarının tətbiqi, İKT-dən geniş istifadə biz
müəllimlərin fəaliyyətinə daha geniş imkanlar yaradır.
Düşünürəm ki, şəhər və kənddən asılı olmayaraq işimizi
günün tələblərinə uyğun qursaq çox müsbət nəticələr əldə
etmək olar. Bunun üçün hər bir şəraitimiz var. Sadəcə
olaraq biz əvvəlkindən daha çox çalışmalı və
şagirdlərimizin bilik və bacarıqlarının artırılması üçün
əlimizdən gələni əsirgəməməliyik. Onu da qeyd edim ki,
məktəbimizin məzunları hər il qəbul imtahanlarında
yüksək nəticələr əldə edirlər. Buna misal olaraq
şagirdlərimdən Aynur Əhmədovanın bu il 593 balla BDU-nun
filologiya fakültəsinə daxil olduğunu göstərə bilərəm.
Kəndimizin və məktəbimizin tarixi təhsil ənənələri var.
Məktəbimizin məzunlarından respublika səviyyəsində elm
adamları, həkimlər və başqa peşələrin sahibləri var.
Kimya elmləri doktoru, professor Vaqif Abbasov və
onlarla adını cəkmədiyimiz məzunlar buna bariz
nümunədir. Biz həmin şəxsləri şagirdlərimizə daim örnək
göstəririk.
- Tərtər rayonu təcavüzkar qonşu dövlətlə həmsərhəddir.
Bu sizin üçün hansı çətinliklər yaradır?
Qabil Nuriyev: -
Aramızda 7-8 km məsafə var. Kəndimizin onlarla oğulları
Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid
olub. Onlardan bir çoxu mənim şagirdlərim olub. Allah
bütün şəhidlərimizə rəhmət eləsin. Çox çətin dövrlər
idi. Demək olar ki, tez-tez ermənilər kəndimizi mərmi
atəşinə tuturdular. İndi də arabir güllə səsləri gəlir,
amma əvvəlki kimi təhlükəli deyil. Kənd camaatı artıq
buna öyrəşib. Bütün bunlara baxmayaraq, biz kənddə
müharibə dövründə belə, təhsili davam etdirmişik.
- Gələn il qəzetimizin 80 yaşı tamam olur. İmkan düşəndə
necə, "Azərbaycan müəllimi"ni vərəqləyirsinizmi?
Qabil Nuriyev: -
"Azərbaycan müəllimi" ölkəmizin mətbuat tarixində öz
ənənələri, dəst-xətti ilə seçilən və biz müəllimlər üçün
çox doğma olan bir qəzetdir. Mən həmişə bu qəzetin
növbəti nömrəsinin məktəbimizə gəlməsini səbirsizliklə
gözləmişəm. Bu qəzetin biz müəllimlərin formalaşmasında
da xüsusi rolu var. Doğrusu, sizin gəlişiniz bizi çox
sevindirdi. Belə bir qəzetə müsahibə vermək, öz
fikirlərimi paylaşmaq mənim üçün çox sevindiricidir.
Bəli, biz də Nuriyevlər ailəsinə bu şərəfli işlərində
uğurlar arzulayır, onlara uzun ömür, cansağlığı
diləyirik.
Söhbəti yazdı:
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |