Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq
elmi-texniki konfrans keçirilib. Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası və
Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı
ilə keçirilən "Mikroelektron çeviricilər və onların
əsasında yaradılan cihazlar" mövzusunda konfrans 3 gün 5
bölmə iclasında davam edib.
SDU-nun rektoru, professor Nadir Qəhrəmanov
iştirakçıları salamlayaraq konfransın mahiyyəti və
əhəmiyyəti barədə məlumat verib. Rektor bildirib ki,
konfransa ölkəmizin ali məktəblərindən, AMEA-nın
institutlarından, eləcə də Rusiya, Ukrayna, Gürcüstan və
Özbəkistandan elmi məqalələr daxil olub. Ümumilikdə isə
konfransda 80-dən artıq məruzə dinləniləcək.
Daha sonra konfransın plenar iclası olub. Azərbaycan
Milli Aviasiya Akademiyasının Elmi tədqiqat İnstitutunun
aviasiya elektronikası şöbəsinin müdiri, texnika elmləri
doktoru, professor Rasim Nəbiyevin, Sumqayıt Dövlət
Universitetinin yarımkeçiricilər kafedrasının müdiri,
professor Mamed Zərbəliyevin və Azərbaycan Texniki
Universitetinin elektronika kafedrasının müdiri,
professor Hüseyn Orucovun məruzələri dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Konfrans çərçivəsində bölmələrdən ikisi Sumqayıt Dövlət
Universitetində, ikisi Azərbaycan Texniki
Universitetində, biri isə Azərbaycan Milli Aviasiya
Akademiyasında keçirilib. Konfrans öz işini noyabrın
30-da Sumqayıt Dövlət Universitetində yekunlaşdırıb.
Bölmə sədrləri hesabat verib, təklif və rəylərini
bildiriblər.
Konfransın işinə SDU-nun elmi işlər üzrə prorektoru,
professor Yadigar Hüseynov yekun vurub. |