Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına rəsmi
səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində
olub. Səfir təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsindəki Geologiya, mineralogiya və yerşünaslıq,
habelə botanika və zoologiya muzeylərində, beynəlxalq
münasibətlər və xarici dillər fakültəsindəki tərcümə
tədris, Cənubi Koreya mədəniyyət və dil tədrisi
mərkəzlərinə baş çəkib.
Universitetin rektoru, professor Saleh Məhərrəmov qonağı
salamlayaraq Naxçıvan Dövlət Universitetinin Azərbaycan
ali təhsil sistemində yüksək reytinq qazandığını, müasir
tipli, dünya standartlarına cavab verə biləcək güclü
maddi-texniki bazaya, çoxsaylı professor-müəllim
heyətinə malik ali məktəb olduğunu bildirdi,
universitetin tələbə kontingenti, burada fəaliyyət
göstərən fakültə və ixtisaslar barədə məlumat verdi.
Bildirdi ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar
Respublikasında elmin və təhsilin inkişafına göstərilən
diqqət və qayğıdan yetərincə bəhrələnən bu ali təhsil
ocağı dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq
təcrübənin mənimsənilməsi və tətbiqi istiqamətində mühüm
nailiyyətlər qazanıb.
Azərbaycanda diplomatik fəaliyyətə yeni başlayan İrfan
Siddiq Naxçıvan Muxtar Respublikası, buradakı yüksək
təhsil infrastrukturu haqqında məmnunluqla danışdı,
Naxçıvan Dövlət Universitetinin timsalında ölkədə
təhsilin inkişafına külli miqdarda dövlət investisiyası
qoyulmasını yüksək qiymətləndirdi. Səfir ölkələrarası
münasibətlərin inkişafında elm və təhsil sahəsində
əməkdaşlığın zəruriliyini vurğuladı, Böyük Britaniyadakı
təhsil sistemi haqqında məlumat verdi. Görüşdə
universitetlərarası tərəfdaşlıqla bağlı təkliflər
müzakirə olundu.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin
tələbələri ilə görüş maraqlı diskussiya şəklində keçdi,
səfir tələbələri maraqlandıran sualları cavablandırdı.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |