Bakı
Dövlət Universitetinin professoru, Prezident
təqaüdçüsü, əməkdar müəllim Şirməmməd Hüseynovla
söhbət
* 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların
çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar
olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı,
qəlbində olanları, düşündüklərini söylədi. Buradakı
jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs
keçdi.
* Kommunist, sosialist məktəbini keçən adamlardan indiki
informasiya cəmiyyətinin müəllimi səviyyəsini tələb
etmək baş tutan şey deyil.
* Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. Çox
yemək insanın başına fəlakətlər gətirir. İnsanın ömrünü
qısaldır.
* Mənim bu saat ən üstündə əsdiyim şey varsa , o da
vaxtımdır.
* Hazırlıqsız auditoriyaya girmərəm.
* Müəllim özü nümunə olmaqla tələbəsini
tərbiyələndirə bilər.
- Şirməmməd müəllim, çox sağ olun ki, dəvətimizi qəbul
edib redaksiyamıza gəldiniz.
- Mən vaxtilə "Azərbaycan müəllimi" qəzetində şobə
müdiri, həm də jurnalistika şöbəsində tələbəsi
olduğum universitetin
"Lenin
tərbiyəsi uğrunda" qəzetində redaktor müavini
işləmişəm. Baxın, redaksiyanızdan mənə verilən vəsiqəni
hələ də saxlayıram.
- İnşallah, 2014-cü ildə qəzetimizin 80, sizin də 90
illik yubileyinizdir. Ötən illəri necə xatırlayırsınız?
- Mən 1924-cü il dekabrın 17-də Şəkidə anadan olmuşam.
Üç yaşım hələ tamam olmamış atam dünyasını dəyişib. Üç
qardaş, üç bacı anamızın himayəsində böyümüşük.
- Orta məktəbdə necə oxumusunuz?
- Məktəbdə fərqlənən şagirdlərdən sayılırdım.
Keçirilən respublika olimpiadalarında həmişə
müvəffəqiyyət qazanardım. Məktəbimizin,
müəllimlərimin başını uca edərdim.
1940-cı ilin yayında on beş müttəfiq respublikadan
olimpiadalarda yer tutmuş əlaçı şagirdləri seçib
Soçiyə dincəlməyə göndərmişdilər. Olimpiadada fəxri
yer tutduğuma görə respublikamızdan Soçiyə
göndərilmiş beş nəfər azərbaycanlı şagirdin biri
mən idim. O günlərin yadigarı olan şəkli bu gün də
dəyərli xatirə kimi qoruyub saxlayıram.
-
Şirməmməd müəllim, təhsillə bağlı demək olar ki, əksər
təhsil ocağında birinci buraxılış olmusunuz. Bunlar alın
yazısıdı, yoxsa...?
- Hər yerdə birinci buraxılış məzunu olmağımı özüm
hətta bilərəkdən istəsəydim belə, birinci olmaq
tarixlərini bu cür ardıcıllıqla düzə bilməzdim.
- Birinci buraxılışı olduğunuz təhsil ocaqları?
- Şəki şəhəri, Mirzə Fətəli Axundov adına 2
nömrəli orta məktəbi on altı yaşımda əla
qiymətlərlə başa vurmuşam. Məktəbin birinci
buraxılış məzunlarındanam.
1941-1943-cü illərdə Şəki ikiillik Müəllimlər
İnstitutunun fizika-riyaziyyat fakültəsində oxudum. Bu
məktəbin də birinci buraxılış məzunlarından oldum.
1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinin nəzdindəki jurnalistika
şöbəsində təhsil aldım, universiteti fərqlənmə diplomu
ilə bitirdim. Yenə də birinci buraxılış.
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin jurnalistika
fakültəsi 1952-ci ildə yaradılıb. 25 iyun 1954-cü
ildə həmin fakültənin Elmi Şurasında namizədlik
dissertasiyasını birinci müdafiə edən mənəm.
- Şirməmməd müəllim, sizi Rəsulzadə irsinin ən böyük və
ilk tədqiqatçısı kimi tanıyırıq. Bu günlərdə cənab
Prezidentimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam
imzaladı. Daha sonra cənab Prezidentlə görüşdə siz də
iştirak etdiniz. O görüş barədəki təəssüratlarınız?
- Orada etdiyim çıxışda mən öz fikrimi demişəm. Yəni
ölkənin Prezidenti ilə görüşmək hər adama nəsib olmur.
Prezidentin dediyi fikirlər həm də elə mənim
fikirlərimdi. Yəni o, bu mövzuda hər şeyi dedi. Əlavə
eləməyə bir kəlmə yoxdu. Özü də biz jurnalistlərin
yazdığı qanun xarakteri, göstəriş xarakteri daşımır.
Amma Prezidentin dediyi rəhbər göstərişidir, o icra
olunmalıdır. Çox yüksək qiymətləndirdim. 65 ildir
dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını
eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub.
Qarşımızda yalnız Prezident şparqalkasız danışdı,
qəlbində olanları, düşündüklərini söylədi. Buradakı
jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs
keçdi. Mən o görüşdə çıxış edəndə öz fikirlərimi
Prezidentə dedim. "Biz camaat tərəqqisindən yazanlarıq.
Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir?
Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət
salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq
etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata
keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar.
Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz
bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim
vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin
dostu" adını vermək qanunidir, təbiidir, seçim düzdür.
Sizi təbrik edirik".
Həmçinin,
Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı sərəncama
görə də təşəkkürümü bildirdim: "Təşəkkürüm var Sizə.
Mənim səksən doqquz yaşım var, gələn il 90 olacaqdır.
Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük
bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf
etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra
1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan
etdi. Bu işin təşkilatçıları var idi. Srağagün Məhəmməd
Əmin Rəsulzadə ilə bağlı sərəncam vermisiniz. Mən
Məhəmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap
edən adamam. Dörd cildini buraxmışam. Beşincini
hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası
ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam,
bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları mən
yazmışam və heç yana da müraciət edən deyiləm. Srağagün
sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident
haradan bilirdi ki, mənim ürəyimdən bu keçirdi?
Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki,
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi
tamam olur. Məhəmməd Əminlə mənim aramda cəmisi 40 yaş
fərqi vardır".
Türk-islam aləmində ilk demokratik respublikanı
Azərbaycan türkləri yaradıb. Bundan böyük nə ola bilər?
Prezident dedi ki, bizim müstəqillik bayramlarımızın
içərisində ən böyük bayramımız 28 maydır.
Tarix həmişə hər millətə müstəqillik yaratmaq şansını
vermir.
Bizə ikinci şans da verildi. Kim gəldi o ikinci şansda?
Cənab Heydər Əliyev. Kim birinci şansı həyata keçirməyə
müvəffəq olmuşdu - Məhəmməd Əmin Rəsulzadə. Bu
şəxsiyyətlər özləri deməyiblər ki, mən dahiyəm, mən
öndərəm, mən rəhbərəm. Xeyr! Xalq deyib. Türklər o
millətdirlər ki, tarixdə 128 müstəqil dövlət yaradıblar.
O dövlətin altısını Azərbaycan Türkləri yaradıblar.
Azərbaycan Xalq Cümhuriyyəti tarixdə 114-cü Türk
dövlətidir. Bunu türk tarixçiləri yazırlar.
- Şirməmməd müəllim, illər sizə yorğunluq gətiribmi?
- Hələ yorulmamışam. İndi də imkan düşdükcə
arxivləri araşdırıb yeni mənbələr tapır, əski
əlifbadan yeni əlifbaya köçürür, kompüterdən
çıxartdırır, nüsxələdirəm... Sonra aparıram
şərqşünaslıq fakültəsinə, göstərirəm ərəbşünaslara,
farslara. Onlar da öz qeydlərini edirlər. Sovet
dövründən üzü bəri öz halal maaşımdan, təqaüdümdən
etdiyim qənaət hesabına demək olar ki, ildə bir
kitabım işıq üzü görür.
- Şirməmməd müəllim, tələbələriniz hər zaman sizdən
ağızdolusu danışırlar.
- Bu, sizin fikrinizdir. Ancaq bildiyim odur ki,
dərsimə gecikən deyiləm - bu bir. Hazırlıqsız
auditoriyaya girmərəm - bu da iki. Hətta bütöv
auditoriyaya deyil, ikicə nəfərə belə dərsim olsa,
yenə də irəlicədən dərsə hazırlaşıram. Bilirsiniz,
müəllim özü nümunə olmaqla tələbəsini tərbiyələndirə
bilər.
- Şirməmməd müəllim, neçə övladınız var?
- İki qızım var. Fərəh və Lalə. Böyük qızım Fərəh
Əliyeva həyat yoldaşının soyadını daşıyır.
Sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının
professorudur. Mədəniyyət və Turizm Nazirliyində
incəsənət şöbəsinin müdiridi. O biri qızım Lalə
Hüseynova (bu qızım mənim soyadımı daşıyır) da
sənətşünaslıq namizədidi, dosentdi. Bəstəkarlar
İttifaqının məcul katibi işləməklə bərabər, həm
konservatoriyada, həm də Heydər Əliyev adına
məktəbdə mədəniyyət tarixindən dərs deyir.
- Maraqlıdır, qızlarınızın heç biri jurnalistikaya meyl
etməyib?
- Dörd-beş yaşları olanda apardım qızlarımı
bəstəkar Süleyman Ələsgərovun yanına, musiqi
qavrama qabiliyyətlərini yoxlatdırdım. Rəhmətlik
Süleyman Ələsgərov hər iki qızımın musiqi duyumundan
razı qaldı. Birincisi, onları musiqi sahəsinə ona
görə qoydum ki, gördüm konservatoriyada Azərbaycan
musiqişünaslığı ilə məşğul olanlar cuhudlardı...
ermənilərdi, bir də ruslaşmış azərbaycanlılardı...
nə dilimizi bilirlər, nə də musiqi mədəniyyətimizi.
İkincisi, o sahədə nə oğurluq var, nə də
rüşvətxorluq. Çalıb oxumaq üçün, oynamaq üçün yox,
musiqişünaslıq elmi ilə, musiqi tariximizlə məşğul
olmaq üçün qızlarımı musiqi sahəsinə yönəltdim...
Qızlarımın ikisi də Bülbül adına musiqi məktəbini
bitirib.
- Həyat yoldaşınız necə?
- Həyat yoldaşım Ülkər Hüseynova "Elm və həyat"
jurnalında redaktorun müavinidir. Bizim dördümüzün -
mənim, yoldaşımın və iki övladımızın son on ildə 25
kitabımız çıxıb. Yeri gəlmişkən, Lütfi Zadə haqqında
Azərbaycan dilində ilk kitabın müəllifi Ülkər xanımdı.
132 nömrəli məktəbin tarixinə həsr edilmiş kitabı da
Ülkər xanım hazırlayıb...
- Nəvələriniz də elm yolunu seçiblər?
- Mənim dörd nəvəm var: iki oğlan, iki qız. Dördü də
ali təhsil alıb, dördü də magistratura bitirib. Ən
kiçik nəvəmin 24 yaşı var: Nilufər Rəhimova.
Oğlanlar Fərəhin uşaqlarıdı, qızlar Lalənin.
- Şirməmməd müəllim, diplom işi, imtahan, yoxsa kredit?
Bəzi ali məktəblərdə saxta diplom işləri, saxta
buraxılış işləri olur...
- Bilirsiniz, bu saat ali məktəblərimizin hansını
götürsək orada həm diplom işi var, həm dövlət imtahanı
var. Çünki jurnalistin qabiliyyəti onun yazısı ilə
ortaya çıxmalıdır. Mən Təfəkkür Universitetində o vaxt
kafedra müdiri olanda məsələ qaldırmışdılar ki, ya
tələbə dövlət imtahanı verməlidi, ya da diplom işi
müdafiə eləməlidir. Mən ali məktəb qanunvericiliyindən
bunlara istiqamət verdim ki, tələbə həm diplom işini,
həm də dövlət imtahanlarını verməlidir. Mənim özümün
diplom işim sonra oldu dissertasiyam. Yəni diplom işi
elmi iş üçün, tədqiqat işi üçün əsasdır, vacibdir. Əgər
tələbə istedadlıdırsa, savadlıdırsa, elmi tədqiqat işinə
meyillidirsə, ona diplom işi verilir. Dünyada da
belədir. Tələbə ilə işləmək lazımdır, tələbəyə yazmağı,
tədqiqatı, hadisələrə münasibəti öyrətmək lazımdır.
- Əsl jurnalist kimlərə demək olar?
- Jurnalist günün tarixini yazana deyirlər. Tarixçi isə
illərin, onilliklərin tarixini yazır.
- Təhsilimizin bugünkü vəziyyəti ilə bağlı nə
fikirdəsiniz?
- Bizim təhsilin ən böyük nöqsanı odur ki, biz tələbəyə
informasiya veririk, düşünmək vərdişi vermirik. Biz
deyirik oxumaq, oxumaq, yenə də oxumaq. Amma Amerikada
deyirlər, düşünmək, düşünmək, yenə də düşünmək.
- Bu yaxınlarda cənab Prezident təhsilin inkişafı ilə
bağlı bir strategiya da qəbul elədi. Təhsil sistemilə
bağlı yeni addımlar atılır. Siz bu təhsilin, elmin,
jurnalistikanın zirvəsində duran adamlardan birisiniz.
Münasibətinizi bilmək maraqlı olar.
- Biz baxırıq demokratik ölkələrə. Müxtəlif sistemlər
var. Bolonya sistemi, Amerika sistemi, Yaponiya sistemi.
Yaponlar ali məktəbdə jurnalist hazırlamırlar. Onların
ali məktəblərində jurnalistika fakültəsi yoxdur. Onlar
jurnalist hazırlayırlar ali təhsili olan, müxtəlif
ixtisaslara yiyələnmiş mütəxəssislərdən. Bizdə
jurnalistika nədir? Humanitar elm sahəsi. Amma dünyada
ən aparıcı jurnalistika elmi-texniki jurnalistikadır.
Hərbi jurnalistika var, ixtisaslaşmış jurnalistika var,
beynəlxalq jurnalistika var. Amerikada bəs nə təhər
jurnalist hazırlayırlar? Universitetin bütün
fakültələrində 4-cü kursu qurtarmış, hüquqşünas, fizik,
riyaziyyatçı, bioloq istedadı, bacarığı varsa
jurnalistika ixtisasına qabiliyyət imtahanı verir.
Tələbə bir redaksiyadan zəmanət məktubu da gətirir ki,
onu jurnalistika fakültəsinin 1-ci kursuna qəbul
etsinlər. İl yarım oxudurlar. Olur bioloq-jurnalist,
hüquqşünas-jurnalist, fizik-jurnalist və s.
Əvvəlcə öyrənmək lazımdır. Bizim müəllim kadrlarımızın
böyük bir qismi sovet məktəbini keçən müəllimlərdir.
Kommunist, sosialist məktəbini keçən adamlardan indiki
informasiya cəmiyyətinin müəllimi səviyyəsini tələb
etmək baş tutan şey deyil. Çingiz Aytmatov bizim
dostumuz idi, mənim də, Bəxtiyar Vahabzadənin də. Mən
bir dəfə ona bu barədə sual verdim. Dedi bizim Avropaya,
inkişaf etmiş ölkələr səviyyəsinə çatmağımız üçün ən azı
5-6 nəsil dəyişməlidir.
- Şirməmməd müəllim, aldığınız əməkhaqqı sizi qane
edibmi? Öz istədiyiniz kimi yaşaya bilmisinizmi?
- Mənim gündəlik xərcim 6-7 manatdan artıq tutmur. İçən
deyiləm, həddən artıq yeyən deyiləm. Papiros çəkən
deyiləm. Səhər 9-da herkules sıyığı yeyirəm, saat 11-də
də yağ, kəsmik, bir loxma da çörək, gündə üç stəkan adi
su içirəm. Saat 3-4 arası nahar edirəm. Axşam da yüngül
nəsə yeyirəm. Mənim həyat tərzim ailəmin də həyat
tərzidir. Yoldaşımın 80 yaşı var. O da sağlamdır.
Qızlarım da sağlamdılar. Evin böyüyü nəyi nümunə kimi
göstərirsə, hamı o yolla gedir. Mən 7-dən sonra heç bir
nemətə əlimi uzatmaram. Buna iradə lazımdır. İnsanın
iradəsi, hərəkətlərini ölçüb biçməsi, özünü idarə etməsi
vacib bir şeydir. Mənim xərclədiyim pul elmi işimə daha
çox sərf edilir. Bu il iki kitab buraxdırmışam. Biri
Məhəmməd Əminin 4-cü cildidi, ikincisi də
M.Ə.Rəsulzadənin "Bakı və Azərbaycan tarixinə dair
əsərlər" (1918-1919-cu illər) kitabıdır.
Uzun illər işləyib 2-3 yerdən maaş almışam.
Universitetdə həm dekan idim, həm kafedra müdiri, həm də
partiya tarixi institutunda yarımştat işləyirdim.
Leninin əsərlərinin 23, 24, 25, 26, 27, 28-ci
cildlərinin redaktoru olmuşam. Hər ay oradan maaş
alırdım. Televiziyada etdiyim çıxışlara görə
universitetdən aldığım maaşdan çox oradan qonorar
alırdım. Həftədə iki dəfə çıxış edirdim, ayda 1000-1200
manat qonorar alırdım. İndiki dövrdə Bakı Dövlət
Universitetində işləyirəm. 2005-ci ildən ayda 1000 manat
Prezident təqaüdü alıram. Heç vaxt zəhmətdən
qorxmamışam.
- Gələn il qəzetimizin 80 yaşını qeyd edəcəyik. Sizi də
qəzetimizin yubiley tədbirində görmək istərdik.
- Mən "Azərbaycan müəllimi"ndə 1948-50-ci illərdə
işləmişəm. O dövrdə sizin qəzetdə işləyənlərdən bir adam
qalıb? Deməli, əgər qalmayıbsa, qəzetinizin 80 illik
yubileyinə qalan bir adam lazımdı ya yox? Təkcə qəzetin
komplekti qalmır ki, adamlar da - canlı komplekt də
lazımdır. Sizə bir tövsiyəm var: Qocalar ömürlərini
yaşayıblar, işlərini görüblər, qocalara hörmət yaxşı
şeydir. Amma gərək cavanları işləməyə həvəsləndirəsən,
mükafatlar verəsən. Ən böyük hünər, cavanları işə cəlb
edə bilməkdir. Qəzetinizə kim əla yazı yazırsa, ona
mükafat vermək, həvəsləndirmək lazımdır.
- İctimai nəqliyyatdan istifadə edirsiniz?
- Universitetə avtobusla yox, taksiynən gəlib-gedirəm.
Niyə? Çünki mən avtobusla getsəm, 1 saat ordan bura
gəlmək, bir saat da qayıtmaq. Mən ömrümün iki saatını
indi yola sərf eliyə bilmərəm. Yola sərf eləməyə bir
saat bəsdir. O biri bir saatımı da işləyərəm. Ona görə
də bu saat ən üstündə əsdiyim şey varsa, o da mənim
vaxtımdır. Ən çox istədiyim odur ki, Məhəmməd Əminin
5-ci cildini çapdan çıxarda bilim. Yəni, o qədər ömür
qalmayıb ki, onu hədər yerə sərf edim.
- Haqqınızda yazılan məqalələrdən yadınızda daha çox
hansı qalıb?
- 3 yanvar 1992-ci ildə sizin qəzetdə məqalə çıxıb mənim
haqqımda. "Ali məktəb müəllimlərimiz" rubrikasından
"Cədvələ düşməyən dərs".
Mən həftədə bir dəfə cədvələ düşməyən dərs keçirdim,
yığışırdıq, deyirdim kimin nə sualı varsa, bizim
sənətimizlə əlaqədar, beynəlxalq vəziyyətlə əlaqədar -
mənə desin. Bildiyimi cavab verəcəm. Bilmədiyimi də
öyrənib deyəcəyəm. O sual-cavab dərsiydi. Təkcə
fakültənin yox ey, bir də görürsən başqa fakültələrin
tələbələri də gəlirdilər ki, Şirməmməd müəllimin "açıq
dərs"i var - Cədvəldə olmayan dərs. Çünki elə şeylər var
ki, onları proqramla tələbəyə demək olmaz. Gərək
auditoriyada proqrama uyğun dərs keçəsən. Amma həftədə
bir dəfə "açıq dərs"də proqram yoxdur. Təkcə proqramnan
sinfə girmək hələ işin hamısı demək deyil.
- Uzunömürlülüyün bir açarı varmı?
- Bir hədis var: Deyir ki, insanların xeyirlisi uzun
ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il
Moskvada yaşadım, mənə bir qram belə araq içirə
bilmədilər. Nəfsinə hakim olasan gərək. Bu günə qədər
bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən
yaradandı. Amma Allah adama ağıl da, baş da verir də.
Yəni insan yaşayış tərzini özü seçir. Ana babam 97
yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı,
uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də
fiziki əməkdi. Yəni hər bir canlı özü üçün yaşayış
vəsaiti əldə etmək qabiliyyətinə malik olmalıdır.
Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdırır.
Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. İnsanın
ömrünü qısaldır. Çox yemək insanın başına fəlakətlər
gətirir.
Bu gün gözüm yaxşı görür, qulağım yaxşı eşidir, beynim
yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan
artıq televizorun qarşısında oturmaram. Gözümü
qoruyuram. Səsinə qulaq asıram. Hər gün ən azı
4000-5000 addım atıram. Axşam saat 11-dən o tərəfə oyaq
qaldığım vaxt yadıma gəlmir. Səhər 7-də dururam.
Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da
yaxınlığıma qoymuram. Arxivə gedəndə yarım saat
işləyirəm, 15 dəqiqə durub gəzirəm, dincəlirəm. Hər bir
insan özü özünə rejim yaratmalıdır. Hər şeyin öz vaxtı
olmalıdır. Gərək hərə öz həkimi ola. Hər gün qan
təzyiqimi ölçürəm, nizama salıram. Xalq təbabətindən də
istifadə edirəm. Mən heç vaxt maşın da sürməmişəm.
- Şirməmməd müəllim, bu gün Azərbaycanda demək olar ki,
əksər jurnalistlər, qəzet nümayəndələri sizinlə görüşmək
istəyirlər. Çox sağ olun ki, bizə böyük bir diqqət
ayırdınız. Siz bizim dəvətimizi qəbul etdiniz, Bu elə
bizim redaksiyamıza, bütövlükdə təhsil sisteminə olan
hörmətinizdir.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |