Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

"Azərbaycan abidələri uşaqların gözü ilə" rəsm müsabiqəsinə yekun vurulub

 

Bakıdakı M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə TuranBank, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində Ümumdünya Uşaq Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin mövzusu ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının üzvü İlham Səfərlidən bir sıra məsləhətlər alınıb və rəssamın daha çox üstünlük verdiyi "Azərbaycan abidələri   uşaqların gözü ilə" mövzusu seçilib.

 Bir neçə gün davam edən bu müsabiqədə şagirdlər müxtəlif və hətta  unudulmuş abidələrin rəsmlərini istər karandaş, istər sulu, istərsə də yağlı boya ilə çəkiblər.

Müsabiqənin son günü məktəbin akt zalında valideynlərin və pedaqoji kollektivin iştirakı ilə şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunub. 

Müsabiqənin qalibləri "TuranBank"ın nümayəndələri, rəssam və dizaynerlər tərəfindən müəyyən edilib. Münsiflər heyətinin qərarı ilə 1-ci yeri məktəbin 8-ci "a" sinif şagirdi Şövkət Zeynalovanın çəkdiyi "İçərişəhər",  2-ci yeri 6-cı "c" sinif şagirdi Samir İsmayılovun "Şirvanşahlar sarayı",  3-cü yeri isə 5-ci "b" sinif şagirdi Sahil Mirzəyevin "Şuşa qalası" rəsmləri qazanıb. Daha 10 gənc rəssam: 4-cü "b" sinif şagirdi Kərim  Məmmədov "Qız qalası", 5-ci "ç" sinif şagirdi Nərmin  Əliyeva "Qız qalası", 4-cü "b" sinif şagirdi Xədicə Allazova "Atəşgah", 6-cı "a" sinif şagirdi Rəqsanə Rəşidova "Yusif İbn Küseyr məqbərəsi", 5-ci "c" sinif şagirdi Aysel Rəhimova "Şirvanşahlar sarayı", "Qız qalası", "Mərdəkan türbəsi", 6-cı "ç" sinif şagirdi Şirxan Əbilov "Azərbaycanın tarixi abidələri", 5-ci "a" sinif şagirdi Xəlil Osmanlı "Nəiminin türbəsi", 6-cı "a" sinif şagirdi Murad Balayev "Ramana qalası", 7-ci "a" sinif şagirdi Elcan İsmayıllı "Şəki Xan Sarayı" və 11-ci "d" sinif şagirdi Coşqun Əhmədovun "İçərişəhər" rəsmləri diplom və hədiyyələrlə  mükafatlandırılıb.

Müsabiqə məktəbin şagird və müəllim heyətinin marağına səbəb olub. Məktəbin direktoru Vaqif Hüseynli belə müsabiqələrin çox tərbiyəvi əhəmiyyətə malik olduğunu bildirib və bu təşəbbüsü irəli sürən "TuranBank"ın nümayəndə heyətinə,  təşkilatçılara təşəkkür edib.

"Azərbaycan abidələri uşaqların gözü ilə" mövzusunda keçirilən rəsm müsabiqəsinin əsas məqsədi uşaqların ölkəmizin qədim tarixi abidələri haqda biliklərini genişləndirmək, istedadlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaqdır.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov