ARDNŞ-ın Nanotexnologiyalar Departamentinin rəisi,
YUNESKO mükafatı laureatı,
texnika elmləri
doktoru,
professor
Eldar
Şahbazovla
söhbət
Eldar
Qəşəm oğlu Şahbazov neft-qaz avadanlıqlarının
etibarlılıq, uzunömürlülük problemləri üzrə tanınmış
alimdir. O, neft sahəsində yüksək texnologiyalar üzrə-
Nano proqramının müəlliflərindın biri olmaqla, həmçinin
ARDNŞ-də elmi və texnoloji problemlərin həlli və tədqiqi
ilə məşğuldur. Neft və qaz hasilatında innovasiya
texnologiyalarının tətbiqi ilə xeyli səmərəli nəticələr
əldə edib. 150-dən çox elmi məqalənin, 12
monoqrafiyanın, 22 patentin müəllifi, yeddi elmlər
namizədinin elmi rəhbəridir. Neft-qaz hasilatı və
nəqlində bir sıra ixtiralar onun adı ilə bağlıdır.
- Eldar müəllim, bu gün dünya elmində üçüncü
elmi-texniki inqilab adlandırılan nanotexnologiya nə
deməkdir?
- Müasir dövrdə inkişaf etmiş ölkələrdə dəqiq elmin
səviyyəsi nanotədqiqatların həcmi ilə müəyyənləşdirilir.
Yəni, hansı ölkədə nanotexnologiya ilə bağlı tədqiqatlar
varsa, deməli, o ölkədə elmi inkişaf da var.
"Nano" yunanca "karlik" deməkdir. Nanotexnologiya elmdə
yeni dünyaya açılan bir qapıdır. Bir nanometr metrin
milyardda bir, millimetrin isə milyonda bir hissəsinə
bərabərdir. Nanotexnologiya nanometr ölçülü hissəcikləri
və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji
hadisələri öyrənir. İndiyə kimi tədqiqatlar mikrometr,
yəni metrin milyonda biri səviyyəsində aparılırdı.
Nanotexnologiya 1-100 nm miqyasda atom və molekulların
manipulyasiyasına əsaslanan yeni texnologiyadır.
Nanotexnologiya
sadəcə nanoölçülü hissəciklərin, materialların,
məhsulların texnologiyası deyil. Bu texnologiya elmin və
texnikanın bir çox sahələrini əhatə edən son dərəcə incə
bir texnologiyadır. İnsan fəaliyyətinin elə bir sahəsi
yoxdur ki, orada nanotexnologiyanın nailiyyətlərindən
istifadə edilməsi nəzərdə tutulmasın.
Nanotexnologiyanı tətbiq etməklə nanometr- yəni metrin
milyardda biri- səviyyəsində olan obyektlərdə
tədqiqatlar aparılır. Belə kiçik ölçülü tədqiqat aləmi
fizikada tamamilə yeni sahədir. Nanotədqiqatlar fizikaya
nanoborular, nanoliflər, nanomillər, nanonaqillər, kvant
naqilləri və kvant nöqtələri kimi yeni anlayışlar
gətirib. Nanoölçülərdə maddələrin kimyəvi xassələri də
dəyişir.
- Nanotexnologiya termin kimi nə vaxtdan işlədilir?
- Nanotexnologiya elmi, onun metodları və imkanları
haqqında ilk dəfə dünyaşöhrətli fizik, Nobel mükafatı
laureatı Riçard Feynman 1959-cu ildə "Aşağıda çoxlu yer
var" adlı məqaləsində məlumat verib.
Elmi termin kimi nanotexnologiya sözünü ilk dəfə 1974-cü
ildə yapon fiziki, Tokio Universitetinin professoru
Norio Taniquçi işlədib.
Nanotexnologiyadan bəhs edən ilk kitabın müəllifi isə
Erik Drekslerdir. Nanotexnologiya elmi anlayış kimi
1986-cı ildən istifadə edilir.
Biz artıq yeni nəsil nanotexnologiyalar üzərində
işləyirik. Bunu qısaca olaraq belə şərh etmək mümkündür:
Departament tərəfindən "kiçik təsir və həyəcan effekti"
nəzəriyyəsi işlənmişdir. Bu kiçik və super kiçik metal
nanohissəciklərin karbohidrogen mühitinə təsiri
öyrənilmişdir. Artıq kiçik ölçülərlə karbohidrogen
mühitinə təsir əsasında bir sıra nanotexnologiyalar
işlənmişdir. Bunlar qalıq neftin çıxarılması, qum
təzahürü və duzçökməyə qarşı mübarizə, nanostrukturlu
sementin alınması və nanobentonitin işlənməsidir.
Hazırda sadalanan nanotexnologiyalar neft sənayesində
tətbiq edilir.
- Dünya elmində nanotexnoloji tədqiqatların yeri?
- Bu gün nanotexnologiya möcüzələr yaradır.
Nanotexnologiyanın təsir və tətbiq sahələri
sərhədsizdir. Bu texnologiya ilə materiallar və emal
sənayesində, elektronika və kompüter texnologiyasında,
tibb və sağlamlıq, ətraf mühit və enerji, biotexnologiya
və kənd təsərrüfatı, aeronavtika və kosmosun
öyrənilməsi, hərbi və milli təhlükəsizlik, nəqliyyat və
qablaşdırma sənayesində, bir sözlə, insan fəaliyyətinin
bütün sahələrində artıq mühüm nəticələr əldə edilib.
Nanotexnologiyanın nailiyyətləri XXI əsr elminin
inkişafına daha da güclü təkan verəcək. XXI əsrin
məşhur alimi, "nanotexnologiyaların atası" Erik Dreksler
belə demişdir ki, "Nanotexnologiyaların inkişafı
nəticəsində cəmiyyət dəyişəcək, məişətdə, qida
məhsullarında, təbabətdə, bir sözlə, həyatın bütün
sahələrində nanotexnologiya möcüzələr yaradacaq".
Karbohidrogen mühitində nanotexnologiyaların elmi
əsaslarla işlənməsindən, tətbiqindən yararlanıb biz də
möcüzələr etməyə çalışırıq. Əgər XX əsr atom
texnologiyaları əsri idisə, XXI əsr nanotexnologiyalar
əsridir. Erik Dreksler həm Nanotexnologiyalar
Departamentində olarkən, həm də "Baku Futures Forum"da
çıxış edərkən bizim gördüyümüz işlərə belə münasibət
bildirmişdir: "SOCAR-ın nanotexnologiyaların inkişafında
özünəməxsus yolu var. Siz bu sahədə inqilabi işlərlə
məşğulsunuz".
- Sivilizasiyanın hansı dönəmindəsə nanotexnologiya
mövcud olubmu?
- Mətbuatdan məlumdur ki, "Big-Bang" (böyük partlayış)
nəzəriyyəsinə görə dünyanın yaranmasından 300 000 il
sonra kainat yalnız nanohissəciklərdən ibarət olub.
Milyard illər ərzində bu nanohissəciklər fiziki
qüvvələrin təsiri altında bir-biri ilə birləşib -
dağılaraq indi mövcud olan və ya bizə məlum olmayan
materiyanın hədsiz sayda formalarını əmələ gətiriblər -
sözün həqiqi mənasında, kainat nanotexnologiya ilə
haçansa məşğul olub. Həmin dövrlərdə nə baş verdiyini
indi alimlər nanotexnologiyanın vasitəsilə başa düşməyə
cəhd edirlər.
- Azərbaycanda nanotexnologiya ən çox hansı sahələrdə
tətbiq edilir?
- Bizdə nanotexnologiya əsasən neft sahəsində tətbiq
edilir.
Təbii ki, neft-qaz ölkəsi olduğumuz üçün geniş
nanotexnoloji tədqiqatlar, araşdırmalar ən çox elə
neft-qaz üzrə aparılır. Bu gün bizim əsrin sonuna kimi
neftimiz, qazımız, təbii sərvətlər ehtiyatımız var.
Ancaq biz intellektual bir məhsulun yaranması barədə
düşünməliyik.
- Rəhbəri olduğunuz Nanotexnologiyalar Departamentinin
əsas vəzifəsi nədir?
- Neft hasilatının artırılması, mürəkkəbləşmələrin
qarşısının alınması ilə əlaqədar xərclərin azaldılması
başlıca məqsədimizdir.
Dövlət Neft Şirkətinin Baş Ofisinin Nanotexnologiyalar
Departamentində əsas etibarı ilə "Nanoneft" proqramından
irəli gələn vəzifələrin yerinə yetirilməsi, neft-qaz
hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış
yataqlarda karbohidrogenlərin çıxarılması və bu
istiqamətdə xərclərin azaldılmasına nail olunması
istiqamətində iş aparırıq.
- "Nanoneft" proqramının mahiyyəti nədir?
- "Nanoneft" proqramı 4 hissədən ibarətdir:
"Nanohasilat", "Nanoqazma", "Nanoneftkimya" və
"Ekonanoneft". Dünya qazma praktikasında ilk dəfə olaraq
"kiçik təsir effekti" əsasında quyuların qazılması
prosesində mürəkkəbləşmələrin və qəzaların aradan
qaldırılması üçün "Nanoneft", "Nanobitum", "Nanoqudron"
və "Nanomay" sistemlərinin elmi əsasları işlənib. Bu
sadalanan texnologiyalar Almaniyanın Münster, Aachen,
Currenta və Dortmand elmi mərkəzlərində müasir analitik
cihazlarda tədqiq olunmuş və çox mühüm elmi nəticə
olaraq metal nanohissəciklərin dayanıqlılıq və
davamlılığı öyrənilmişdir. 2010-cu ildə Parisdə nanoelm
və nanotexnologiyalar sahəsində bizim əldə etdiyimiz
nəticələr YUNESKO mükafatına layiq görülmüş və medalla
təltif edilmişdir. Sonra isə bu nəticələr YUNESKO-nun
hazırladığı ensiklopediyada dərc edilmişdir. Praktiki
olaraq bu nanosistemlər "Qum adası", "Bibiheybət",
"Balaxanı" "Bəyimdağ-Təkçay", "Günəşli" kimi yataqlarda
tətbiq edilib, 41 quyu mürəkkəbləşmələrsiz layihə
dərinliyinə çatdırılıb. Bundan başqa, ARDNŞ-ın bir qrup
alimi qazma prosesi zamanı quyu dibi zonasında qum
tıxaclarının aradan qaldırılması məqsədi ilə yeni
nanotexnologiya yaradıb. Nəticədə qum hissəciklərinin
fəzada (çıxarılan mayenin tərkibində) dayanıqlığı artıb,
həm praktik, həm də elmi cəhətdən böyük nəticələr əldə
olunub. Mürəkkəbləşmələrin və qəzaların qarşısının
alınmasında nanotexnologiyanın rolu müstəsnadır. Qazmada
baş verəcək, gözlənilən qəzaların qarşısının alınması
məqsədilə indiyədək nanotexnoloji üsulların tətbiqi ilə
41 quyu qazmışıq. Tədricən qazmada kimyəvi reagentlərin
get-gedə azaldılmasına nail olmuşuq.
- Azərbaycanda nanotexnologiyanın sabahı haqqında nə
deyə bilərsiniz?
- Respublikamızda nanotexnologiyaların sabahını uğurlu
görürəm. Bizim təbii sərvətimiz, ehtiyatlarımız çoxdur.
Ancaq tədricən bu ehtiyatların hamısından gələcək nəslə
də qalmalıdır. Bu isə yalnız nanotexnologiyanın verdiyi
imkanlar nəticəsində mümkündür.
- Azərbaycanda nanotexnologiya sahəsində yetərincə
mütəxəssis varmı?
- Respublikamızda hələ ki, yalnız Bakı Dövlət
Universitetində Nanomaterialların kimyəvi-fizikası
kafedrası açılıb və orada nanotexnologiya üzrə kadrlar
hazırlanmaqdadır. Əsas məqsədlərimizdən biri də bizim
kadrların Almaniyada fəaliyyət göstərən aparıcı
universitetlərdə təhsillərini davam etdirməsi, yəni
ixtisasartırmasıdır ki, buna da tədricən nail oluruq.
Belə ki, yuxarıda sadalanan texnologiyalar üzrə müasir
analitik cihazlarda çox ciddi nəticələr əldə edilib.
Həmin bu nəticələr üzrə tədqiqatlar vaxtaşırı müzakirə
olunur və yeni proqramlar hazırlanır.
- Nanotexnologiyanın sərhədsiz inkişafı bəşəriyyətdə
fiziki-kimyəvi fəlakətin baş verməsinə səbəb olmaz ki?
- Siz fəsadları nəzərdə tutursunuz. XX əsrdə atomun icad
olunması ilə atom bombası, atom elektrik stansiyası,
istilik stansiyaları yarandı. Ötən əsrin sonlarında
Çernobıl hadisəsi baş verdikdə bəşəriyyət vahiməyə
düşdü ki, deyəsən, atomun fəsadları başlayır.
Artıq XXI əsrin əvvəlindəyik. Bəşəriyyət enerji
mənbəyini indi də təbii üsullarla - küləyin, günəşin
və sairənin vasitəsilə əldə etməyin axtarışındadır.
- Nanotexnologiya və "qızıl kəsik". Bunların bir-birilə
əlaqəsi varmı?
- "Qızıl kəsik" nəzəriyyəsinə görə, bir hissənin o
birisinə olan nisbəti 1,618 olmalıdır. Bu həm təbiətdə,
həm həndəsədə var, həm də nanotexnologiyada.
- Elmlə məşğul olmaq hər zaman gərgin zəhmət deməkdir.
Təhlillər, tədqiqatlar sizi usandırmır ki?
- Səmimi deyirəm, həyatımı sərf etdiyim işimdən heç vaxt
yorulmuram. Peşəm mənim artıq həyatımdır, ayrılmaz
həyatım: gecəm və gündüzüm. Demək olar ki, əsas hobbim
öz peşəmdir. Həyatımın axarı budur- araşdırmalar və
yenə də araşdırmalar... Bəzən gecə saat ikiyə, üçə kimi
nanotexnologiya üzərində çalışıram. Arada vaxt tapanda -
o da nadir hallarda olur -velosiped sürməyi xoşlayıram.
Mənim 2 nəvəm var: Leyla və Hüseyn. 7 yaşlı Hüseyni
götürüb dəniz kənarıında gəzməkdən zövq alıram, onun
düşüncələri məni heyran edir. Axı o, tam mükəmməl olacaq
"nanoəsr"də yaşayacaq. Bu isə gələcək dövrün özünəməxsus
düşüncələri ilə zəngindir.
- Nanotexnologiyada sizi heyrətləndirən xüsusiyyətlər?
- Təbiətdəki hakim olan qüsursuz nizam! Bu nizam Allahın
əsəridir. Adi bir toz zərrəciyi nanotexnologiya
dünyasına sığışmayacaq qədər böyük formadır.
Bilirsinizmi, nanotexnologiyanı tətbiqə yararlı edən
cəhət atomların quruluşu və aralarındakı mükəmməl
təşkilatlanma xüsusiyyətidir.
Bütün bunların özü də ilahi bir qanunauyğunluqdan xəbər
vermirmi?
Müsahibəni hazırladı: Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |