Müasir cəmiyyətimizin formalaşmasında və milli mənəvi
dəyərlərimizin qorunub saxlanılmasında gənclərin rolu
çox önəmlidir. Təbii ki, gənclər yaşlı nəslin davamçısı
olmaqla yanaşı cəmiyyətin ən dinamik zümrəsi hesab
edilirlər. Cəmiyyətdə sağlam mühitin formalaşması üçün
savadlı, yaradıcı və yüksək vətənpərvərlik ruhuna sahib
olan gənclər yetişdirilməlidir. Məhz buna görə də
dünyanın istənilən ölkəsində gənclərə xüsusi diqqət
yetirilir və onlar sosial-iqtisadi, ictimai-siyasi, eyni
zamanda mədəni həyatın aparıcı qüvvəsi kimi ölkədə baş
verən bütün proseslərin mərkəzində dayanırlar. Bütün
bunlarla yanaşı, yaşlı nəsil gənclər üçün örnək olmalı,
onları daima dəstəkləməlidirlər.
Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda
tərbiyə edir. Bu deyimə əsaslansaq, həqiqətən də görərik
ki, bir çox ölkələrdə bu hal genetik olaraq gənclərə
ötürülmüşdür. Məsələn, amerikalılar öz övladlarına
sahibkarlıq bacarığı və rəqabəti, çinlilər loyallığı,
yaponlar isə əməkdaşlığı təlqin edirlər. Tarixən
imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda
yaşayan Azərbaycan xalqı isə mübarizliyi və igidliyi
ilə öz gənclərinə örnək olmuşdur. Bəli, elə bu səbəbdən
bizim gəncliyimizin devizi də mətin və mübariz olmaq,
dövlətçilik ənənələrimizi qorumaq və nəsildən nəslə
ötürməkdir. Sevindirici haldır ki, bu gün gənclərimiz
istənilən sahədə inkişafa doğru addımlayır və bir çox
yeni yaranmış sahələrdə yüksək nailiyyətlər qazanırlar.
Nəinki ölkə daxilində, ölkə hüdudlarından kənarda
yaşayan, təhsil alan Azərbaycan gəncləri məmləkətimizi
layiqincə təmsil etməyə çalışır və bu istiqamətdə bir
çox layihələr həyata keçirirlər. Gənclərlə bağlı bir
sıra işlərin həyata keçirilməsində Azərbaycanın
diplomatik nümayəndəliklərinin və diasporalarının çox
böyük rolu vardır.
Gənclərin yüksək elmi və intellektual səviyyəsinin
inkişafında xüsusilə dövlətin gənclər sahəsində
apardığı siyasət durur. Respublikamızda gənclər
siyasətinin əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub. Ümummilli liderimiz dəfələrlə "Azərbaycanın
gələcəyi gənc nəslin əlindədir" deyərək həmişə
gənclərlə bağlı məsələləri öz siyasətinin tərkib hissəsi
kimi görərək onların imkan və bacarıqlarını yüksək
qiymətləndirmiş və onların problemlərinin həlli
istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm
vermişdir. Məhz ona görə də gənc nəslə diqqət və qayğı
dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biri
olaraq 1994-cü ildə yaradılmış Gənclər və İdman
Nazirliyi ölkədə gənclər siyasətinin istiqamətlərini
müəyyənləşdirdi və qarşısında duran vəzifələrin həyata
keçirilməsi ilə bağlı fəaliyyətə başladı. Bununla yanaşı,
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30
avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət
gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm
fəaliyyət sənədi oldu ki, həmin Dövlət Proqramının
icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet
sahələrində müsbət dəyişikliklər baş verdi və bir sıra
uğurlar əldə edildi.
Yuxarıda sadalananları nəzərə alsaq, ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər
siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi:
*
Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin
rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı
olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini
təmin etmək;
*
Gənclərin elmi, intellektual potensialının artırılması
üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək,
*
Gənclərin təşkilatlanmasını təmin etməklə, onları
müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə
səfərbər etmək;
*
Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli
dərəcədə artırmaq və onların məsuliyyət hissini
formalaşdırmaq;
*
Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının
yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə
yararlanmasına möhkəm əsaslar yaratmaq.
Göründüyü kimi, bu sahədə atılan addımlar qısa müddət
ərzində gənclər siyasətinin hərtərəfli inkişafını təmin
etmişdir.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər
ili" elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə
həyatındakı fəallığını daha da artırıb. Təbiidir ki,
ölkənin istənilən sahəsində gənclərin sayının artması
onlara göstərilən etimadın nəticəsidir. Belə ki, bir
sıra beynəlxalq tədbirlərin iştirakçısı və təşkilatçısı
olan Azərbaycan gəncləri yüksək potensiala sahib
olduqlarını bir daha sübut etdilər. 2011-ci il mayın 14-də
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Avroviziya
- 2011" mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər
qələbə qazandılar. Bu qələbə isə mötəbər yarışmanın
2012-ci ildə Azərbaycanda keçirilməsinə səbəb oldu.
Ölkəmiz isə bu yarışmaya yüksək səviyyədə ev sahibliyi
etməklə öz adını "Eurovision" tarixinə böyük hərflərlə
yazdı.
Yuxarıda sadalananları nəzərə alsaq demək olar ki,
artıq gənclər bütün bu işləri həyata keçirə biliblər.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən
artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər
təşkilatı vardır. Onların əhatə etdikləri məsələlər də
kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda
tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması,
gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi,
mədəniyyətin geniş kütlələr arasında təbliği və s.
məsələlər kifayət qədər aktualdır. Məhz buna görə də
gənclərin hərtərəfli inkişafında bütün təminatların
sürətləndirilməsi müvafiq illər üçün dövlət
proqramlarının hazırlanmasına zəmin yaradır. Bunun
nəticəsi olaraq 6 aprel 2011-ci il tarixində Prezident
İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam
imzalanmışdır. Sadalananlarla kifayətlənmək olmaz, eyni
zamanda gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət
və digər sosial sahələrə yönələn fəaliyyətlərin
stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılmışdır.
Ümumiyyətlə, gənclərlə bağlı təsis edilən qurumların bir
məqsədi vardır ki, bu da Azərbaycan gəncliyinin
tərəqqisinə xidmət etməkdir. Bütün bunları nəzərə alaraq
demək olar ki, Azərbaycanın gələcək inkişafına gedən yol
biz gənclərin əlindədir.
Şəhla SEYFƏDDİNOVA,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun əməkdaşı |