Noyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi
Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi
münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə
açan institutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlı xalq şairi Nigar Rəfibəylinin
100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış sərəncamın əhəmiyyətindən, görkəmli
ziyalıların, ədiblərin yubileylərinin keçirilməsinə
dövlət başçısının böyük diqqət göstərməsindən danışıb.
Rektor A.Naxçıvanlı şairin həyat və yaradıcılığından
danışaraq N.Rəfibəylinin poeziyasının Azərbaycan ədəbi
dilinin zənginliyini sübut edən bariz nümunə olduğunu
qeyd edib. Bildirilib ki, ana vətənə bağlılıq, insanın
mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət
gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü xalq
şairinin yaradıcılığının ideya-bədii leytmotivini təşkil
etmişdir.
Sonra institutun xarici dillər kafedrasının baş müəllimi
Sevinc Məmmədova xalq şairi Nigar Rəfibəylinin həyat və
yaradıcılığını əks etdirən video-təqdimat nümayiş
etdirib. Daha sonra Azərbaycan ədəbiyyatı və onun
tədrisi metodikası kafedrasının dosenti Əlizadə Əsgərli
"Rəfibəylilər nəsli və Nigar Rəfibəyli", dosent Nazilə
Abdullazadə "Nigar Rəfibəyli Rəsul Rza poeziyası
ədəbiyyatda qoşa qanad kimi", kafedranın baş müəllimi
Şəlalə Mahmudova "Nigar Rəfibəylinin poetikası"
mövzularında geniş məruzə ilə çıxış ediblər.
Tədbir boyunca xarici dillər kafedrasının tələbələrlə
birgə hazırladığı bədii kompozisiyalar dinlənilib.
AMİ-nin Mətbuat xidməti |