Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Xaricdə təhsil alan tələbələrimiz

Elmi kitabın yazılmasında müəllimimə kömək etmişəm

 

1992-ci il iyunun 5-də  Bakıda anadan olmuşam.  1998-2009-cu illərdə Bakıdakı 46 nömrəli tam orta məktəbdə təhsil almışam.  Orta məktəbdə oxuyarkən ən çox xoşladığım texniki fənlər olub. Məktəb illərində fənn olimpiadalarının fəal iştirakçısı olmuşam. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsində təhsil almışam.

Universiteti bitirdikdən  sonra orta məktəbdə riyaziyyat və informatika fənnini tədris etmişəm.   Orta məktəb və ali təhsil illərində ən böyük arzum gələcəkdə riyaziyyatçı və kompüter proqramçısı kimi işləmək olub.    2013-cü ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Rusiya Federasiyasının ən nüfuzlu ali təhsil müəssisələrindən hesab olunan Moskva Fizika-Texnik İnstitutuna (MFTİ) tətbiqi-riyaziyyat və informatika ixtisası üzrə  magistr ixtisasına  qəbul olunmuşam.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı çox yüksək qiymətləndirirəm. 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi çox  yüksək səviyyədə təşkil olunub. Mən də tələbə seçimi  prosesinin çox düzgün və şəffaf keçməsinə inanaraq Təhsil Nazirliyinə müraciət etdim. Çox şadam ki, ən yaxşı, istedadlı tələbələr seçilərək xarici ölkələrin ali məktəblərində təhsil almağa  göndərilir.  Dövlət proqramı tələbələrimiz üçün gözəl imkanlar açır.  Proqram həm tələbələrin gələcək həyatı, həm  ölkəmizin, həm də təhsilimizin perspektiv inkişafı  baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil aldığım Moskva Fizika-Texnik İnstitutu Rusiyanın müasir elm və texnikanın müxtəlif sahələrində  yüksək ixtisaslı, peşəkar mütəxəssis hazırlığını həyata keçirən  ali təhsil müəssisəsidir.  Ali təhsil ocağının tarixi haqqında qısa məlumat vermək istəyirəm. 1946-cı il noyabrın 25-də Moskva Dövlət Universitetinin nəzdində fizika-texnik fakültəsi təşkil olunub. 1951-ci il oktyabrın 1-də isə onun əsasında Moskva Fizika-Texnik İnstitutu yaradılıb. İnstitutda mütəxəssis  hazırlığının orijinal sistemi yaradılıb. Burada fundamental təhsil, mühəndislik fənləri, tələbələrin elmi-tədqiqat işləri bir-birini tamamlayır.   Ali məktəbin çox şanlı və zəngin tarixi var. İnstitutun ilk yaradıcıları və əməkdaşları, sovet və dünya elminin görkəmli nümayəndələri,  Nobel mükafatı laureatları - Pyotr Kapitsa, Nikolay Semenov və bakılı Lev Landau olublar. İnstitutun məzunları arasında da Nobel mükafatına layiq görülmüş alimlər var. 2010-cu ildə ali məktəbin iki yetirməsi - Andrey Qeym və Konstantin Novoselov fizika sahəsində ali elm mükafatına layiq görülüblər.  İnstitutun bir çox professorları ölkənin aparıcı alimləridir. Onların arasında  Rusiya Elmlər Akademiyasının 80-dən  artıq akademiki və müxbir üzvü var.  

 Moskvada təhsilimə gəldikdə, deməliyəm ki, universitet həyatı çox maraqlı və yüksək səviyyədə keçir. Tələbə həyatı olduqca maraqlı və rəngarəngdir. Boş vaxtlarım çox azdır, institutumuzda müxtəlif elmi konfranslar keçirilir. Mən mümkün qədər bu tədbirlərdə iştirak etməyə çalışıram.  Burada mən bir neçə yeni fənləri öyrənirəm. Əsas ixtisasım "aeromexanika və uçuş aparatları"dır.  Təhsil ocağında çoxsaylı elmi bölmələr fəaliyyət göstərir. Bu bölmələrdə iştirak etməyə can atır, boş vaxtlarımda bir sıra proqramlara maraq göstərir və müəllimlərimin verdiyi müxtəlif layhələr üzrə tapşırıqları yerinə yetirirəm.  Öz müəllimimə  elmi kitabın yazılmasında kömək etmişəm.    Moskvadakı təhsilim çox xoşuma gəlir. Burada oxumaq və olduqca cəlbedici  mövzularda tədqiqatlar aparmaq maraqlıdır. Biz tələbələrə bir neçə fəndən layihələr təqdim olunur. Əldə etdiyimiz bilikləri və öyrəndiklərimizi bu layihələrdə göstərməyə çalışırıq. Moskva Fizika-Texnik İnstitutunda tələbələrin yüksək səviyyədə təhsil almaları, səmərəli elmi  tədqiqatlarla məşğul olmaları üçün hər cür imkanlar mövcuddur.  Öz vaxtlarını elmə və təhsilə həsr edən tələbələrin bir çoxu müxtəlif olimpiadaların fəal iştirakçısıdırlar və elmi tədqiqatlarda mühüm nailiyyətlər əldə edirlər.

Bu ali məktəb Moskva ətrafındakı Jukovsk şəhərində yerləşir və Rusiya aviasiyasının elmi mərkəzi hesab olunur. Bu şəhər çox sakit elm-mədəni bir mərkəz kimi diqqətimi çəkir.   Burada mənim öyrənməli olduğum çox sahələr var.  Bu gün MFTİ müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrlar,  eyni zamanda  gözəl iqtisadçılar, siyasətçilər, iri müəssisələrin rəhbərlərini hazırlayır.  Bu təhsil ocağının tələbələrinə tez-tez Amerika, Almaniya, Böyük Britaniya kimi ölkələrin aparıcı elmi tədqiqat mərkəzlərində öz təcrübələrini artırmaq imkanı  yaradılır.  Mənim planlarıma  da  təhsilimi Avropa ölkələrində, xüsusən də Almaniyada davam etdirmək daxildir. Bizim institutda da   tələbələr üçün gələcəkdə ixtisasartıma imkanları  mövcuddur. Mən kompüter proqramçısı olmaq və ya innovasiyalar texnologiyaları sahəsində işləməyi arzulayıram. 

Qeyd edim ki, gələcəkdə xarici ölkələrin ali məktəblərində, universitetlərində təhsil alan tələbələrimiz öz uğurları ilə Azərbaycan təhsilini daha ləyaqətlə təmsil edəcək və ölkəmizin adını daha yüksəkliklərə qaldıracaqlar.  Xarici ölkədən baxdıqda biz tələbələr Azərbaycanın, Azərbaycan təhsilinin yüksək inkişafını görürük.  

İlahə AĞAYEVA,
Moskva Fizika-Texnik İnstitutunun tələbəsi   

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov