Uşaq
və yeniyetmələrin sosial mühitdə müvəffəqiyyət
qazanmasına mane olan amillərdən biri də sosial
fobiyadır (qorxu). Belə bir psixoloji kompleksi yaşayan
uşaq, yeniyetmə, gənc cəmiyyət, ailə və idarə işlərində
də çətinliklərlə qarşılaşır. Məsələn, sinifdə şagirdi
lövhəyə çağırarkən o, dərsi yerindən danışmağı xahiş
edir, lövhəyə çıxmaqdan çəkinir, digər şagirdi isə
lövhəyə çıxararkən həyəcandan üzü pörtür, boğazı
quruyur, əllərinin içi tərləyir, ürək döyüntüsü artır və
yaxud da dərsi şifahi şəkildə deyil, yazılı şəkildə
müəllimə vermək istəyir. Belə olan halda müəllim
şagirdin psixoloji cəhətdən vəziyyətini nəzərə almalı,
ona fərdi yanaşaraq söhbət etməli, məktəb psixoloqu ilə
görüşməyi tövsiyə etməlidir.
Qorxu
hissi nədir?
Bəzi sosial qorxu hissi keçirən uşaq və yeniyetmələrdə
müşahidə olunan psixoloji hallar (çırpıntı, titrəmə,
tərləmə, əzələ narahatlığı, mədədə narahatlıq hissi,
sinədə sıxıntı hissi, isti, ya da soyuq tərbasma,
başağrısı) baş verir.
Bütün bu hallar insanda dərin bir qorxu və həyəcan hissi
ilə birlikdə yaranır.
Qorxulu vəziyyətlərdən qaçma xüsusiyyəti əsasən çox rast
gəlinən bir haldır. Və bəzən bu, tam bir sosial
yalqızlıqla nəticələnə bilər.
Sosial
qorxuda yaş məfhumu da az rol oynamır. Bu məsələdə yaşın
az olması ciddi problemlər yaradır. Bəziləri məktəbi
buraxmaq məcburiyyətində qalır və yaxud bir çox
psixoloji çətinliklərlə qarşılaşırlar.
Bunların içində ən çox rast gəlinən hallar ruh
düşkünlüyü, içki və narkotik maddədən asılılıqdır.
Xüsusilə, Qərb ölkələrində aparılan araşdırmalara
əsasən, sosial qorxuya malik olan şəxslər arasında içki
aludəçiliyi normal cəmiyyət üzvlərinə nisbətən 2,5 dəfə
artıq olması şübhə doğurmur. İçki düşkünləri arasında
sosial qorxunun normal şəxslərə nisbətən 9 dəfə çox
olduğu müəyyən edilmişdir. İntihar fikirləri və
təşəbbüsləri sosial qorxuda yaşanan sıxıntıyla,
narahatlıqla bağlı olaraq sosial qorxuya başqa psixoloji
narahatlıqlar əlavə olunduqda daha da artmaqdadır.
Beləliklə, sosial qorxu aşkar edilib müalicə
olunmalıdır.
Qorxular uşağa tərbiyə verərkən yanlış sözlərdən
istifadə etməklə yaranır (yeməyini yeməsən, həkim əmi
sənə iynə vurar; əgər uzağa getsən, qaraçılar səni
qaçırar, sözümə qulaq asmasan, xala sənə hirslənər və
s...).
Sərt rəftara malik olan valideynlərin uşaqları
fərdiləşmə problemi yaşaya biləcəyi üçün uşaq məktəbə
başlama dövründə narahat hisslər yaşaya bilər. Həmçinin
məktəb həyatına uyğunlaşmaq prosesində də ciddi
çətinliklər yaşaya bilər.
1.
Uşaqdan edə biləcəklərindən daha çox vəzifələr
gözlənilirsə və ya ailə uşağın müvəffəqiyyət qazanmasına
həddindən çox əhəmiyyət verirsə və bu mövzu üzərində çox
dayanırsa, uşaqda bütün bunları icra etmək qayğısı
meydana gələ bilər. Xüsusilə, məktəbdə imtahan
qayğıları, müvəffəqiyyətsizlik qorxusu, dərslər
xaricində də ailənin çox xəbərdarlığı varsa, uşaqda
səhvetmə qorxusu ortaya çıxa bilər.
2. Uşaq ani bir qorxu hissi keçirmiş, həqiqətən zərər
görmüş, ya da gözləmədiyi bir hadisəni görmüşsə (it
dişləməsi, evə oğru girməsi, yol qəzası, adam
öldürülməsi, zəlzələ və s.) onda bu hadisələrdən və
insanlardan qorxu hissi meydana gələ bilər.
3. Valideynlərin narahatlığı yüksək səviyyədədirsə və
davamlı olaraq evdə problemlər haqqında danışılırsa,
belə bir ailə daxilində yaşayan uşaqda da qorxu hissləri
meydana gələ biləcək.
Qorxuların mövcudluğu normal əlamət sayılır, lakin uşağa
zərər verəcək ölçüdədirsə, mütləq bir peşəkar
mütəxəssisə müraciət edilməsi zəruridir. Uşaq psixiatrı
və psixoloqu ilə əməkdaşlıq edilməlidir.
Uşağın
verdiyi siqnalları şüurlu bir şəkildə qiymətləndirmək
vacibdir. Bütün bunlara əhəmiyyət verməmək, laqeyd
yanaşmaq, ona lağ etmək, uşağı mühakimə etmək, ya da
daha çox təzyiq edərək "sən kişi adamsan, qorxmamalısan"
kimi mülahizələr irəli sürmək problemi həll etmir,
əksinə, mövcud olan problemi daha da artırır.
Ailələr, hansı qorxuların normal, hansılarının isə
mütəxəssis köməyinə ehtiyac olduğuna nəzarət
etməlidirlər.
Sosial qorxunun şagirdlərdə yaratdığı əks-təsirlər
Şagirdlər tanımadıqları yerdə çox ürkək, səssiz,
hərəkətsiz, utancaq bir davranış göstərirlər.
Yaşıdlarının oyunlarına qoşulmayıb uzaqdan baxmaqla
kifayətlənir, hətta bir küncə sığınıb gizlənərək onları
seyr edirlər. Oyunlara qatılsalar belə, başçılıq edə
bilmir, orada arxa planda qalırlar. Məktəbə getmək
istəməyib müxtəlif bəhanələrlə evdə qalmaq istəyirlər.
Ana
və ata tərəfindən daima danlanma, yaxud da çox kədərli
bir hadisənin şahidi olmaq uşaqlarda bu qorxu hissini
yarada bilər. Bəzi insanlarda hiss olunan sosial
bacarıqlar zəifləyir, sonrakı dövrlərdə sosial qorxuya
gətirib çıxara bilir. Bəzən gənclər sosial həyatda öz
inkişafları üçün müsbət addımlar atmaq fikrinə düşdükdə
ana və ata tərəfindən fikir və hərəkət sərbəstliyinin
verilməməsi onlara maneçilik yaradır və bu qorxu hissini
artırır.
Bəzi araşdırmalara görə, sosial qorxusu olan insanlar
ailələrini daha az ittiham edən, ailə şərəfinin yüksək
dərəcədə qoruyucusu rolunu oynayırlar.
Uşağınız məktəbə getməkdən qorxurmu?
Uşaq üçün qorxu hissi tanımadığı bir şəxsə qarşı
göstərilən reaksiyadır. Normal inkişaf dövründə uşaqda
qorxu hisslərinin mövcud olması təbii prosesdir. Bu,
müdafiə olunma mexanizmlərinin inkişafı baxımından da
lazımlıdır.
Təbii olaraq uşağın necə bir qorxu yaşadığını, onun
dərəcəsini və səbəblərini yaxşı analiz etmək və ailəni
düzgün istiqamətləndirmək mühüm məsələdir.
Körpəlik dövrlərində ani səs və yaxud tanımadığı
şəxslərdən qorxan körpə, sonrakı dövrlərdə ilk dəfə
qarşılaşdığı adam və vəziyyətlərə qarşı qorxu
reaksiyasını göstərə bilər. Uşaq müxtəlif qorxular, yəni
həkim, stomatoloq, heyvan, məktəb və sairədən, ata-anaya
və özünə bir şey olacaq kimi qorxuları yaşaya bilər.
Qorxular hətta fobiyaya çevrilə bilər. Fobiya qorxu
hissinin adamın gündəlik həyatına mənfi istiqamətdə
təsir edən, qeyri-iradi haldır. Uşaqlarda da ən çox
müşahidə olunan ictimai həyat, məktəb, qaranlıq, təbii
fəlakətlər, heyvan, qapalı yerdə qalma (lift və s.) və
təkqalma fobiya növləridir.
Məktəblərin açılış ərəfəsində uşaqları birinci sinfə
qədəm qoyan hər bir valideyn sanki ilk sinfindəki
həyəcanı yenidən yaşayır.
Rahat ev şəraitinə alışmış hər uşağın nizam-intizamla
əhatə olunmuş məktəb həyatına başlaması müvəqqəti və
psixoloji çətinliklər yarada bilər. Yeni dostların
əhatəsində olmaq və müxtəlif paltarlar, rəngarəng
qələmlər və dəftərlər, habelə fərqli oyunlar uşaqlar
üçün yeni bir dünyaya açılmış pəncərə deməkdir.
Valideynlər bu vəziyyətə uşaqlardan əvvəl hazır
olmalıdır. Çünki uşaqların bu dövrdə qarşılaşdıqları
problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların
həlli yollarının tapılması vacibdir.
Məktəb qorxusu nədir?
Məktəb qorxusu məktəbə yeni gedən uşağın məktəbə
getməməkdə inad etməsi, dostlarını qəbul etməməsi,
ağlaması və s. kimi davranışları nümayiş etdirməsidir.
Bu qorxu hissi oğlan və qızlarda eyni dərəcədədir və bu
uşaqların təhsil alacağı mühitə öyrəşməsini əngəlləyir.
Uşaqlara görə qorxu şəraitə uyğunlaşmağın, narahatlıq
doğuran vəziyyətlərin öhdəsindən gəlməyin bir yoludur.
Bu qorxuya tez müdaxilə edildikdə, o unudulur.
Ümumiyyətlə, yeni bir vəziyyətlə qarşılaşdığımız zaman
problemlərin olması normaldır. Bu vaxtlarda uşaqları
məktəbə yola salmaq çətindir, ona görə ki, uşaq ilk dəfə
anasından ayrı qalacaq. Normal inkişaf prosesində bu
vəziyyətlərin yaşanması təbiidir. Bu problemlərin
yaranmasına uşağın ana ilə olan münasibəti də səbəb ola
bilər; ananın uşağın şəxsiyyətinin formalaşmasına imkan
verməməsi, bir növ ananın da uşağa bağlı olması, evdə
təzyiqli və narahat şəraitin mövcudluğu, yeni bir uşağın
dünyaya gəlməsi və uşağın bu prosesi hələ dərk edə
bilməməsi, ata və ananın narahat insanlar olması, ailə
üzvlərindən birinin itirilməsi və ya xəstələnməsi kimi
faktlar buna təsir edə bilər. Uşağın məktəbə başlamazdan
əvvəlki dostluq təcrübəsinin keyfiyyəti, duyğularını və
düşüncələrini çatdırmaqda rahat olması bu dövrdəki
problemlərin öhdəsindən gəlməyə kömək edir.
Başqaları ilə münasibət qura bilməyən, ailəsinə bağlı,
dostları ilə oyun oynamaqdan qaçan, anası ilə normal
münasibəti olmayan uşaqların məktəbə başlarkən problem
yaşaması gözlənilə bilən bir haldır. Belə uşaqlarda
enerji itirilməsi, məhdudlaşma, baş və qarın
ağrılarından şikayətlənmə də qarşıya çıxan əsas
problemlərdəndir.
Uşaqda məktəbə qarşı müsbət fikirlər oyatmaq üçün ona
məktəblə bağlı real məlumatlar verilməli, məktəb
dövründən əvvəl ana öz uşağını yeni dostluqlar qurmağa
yönəltməlidir. Bundan əlavə, ailənin digər üzvləri də
məktəblə bağlı yaşanmış hekayələrini uşağa danışa
bilərlər.
Hər valideyn uşağın özünün geyinməsinə, yeyib-içməsinə
şərait yaratmalı və hər yaş dövründə onları dinləməli,
problemlərinin ola biləcəyini unutmamalıdır.
Valideyn, ilk növbədə, uşağın niyə məktəbə getmək
istəməməsi ilə bağlı narahatlıqlarına qulaq asmalı,
bununla bağlı duyğu və düşüncələrini deməsinə şərait
yaratmalıdır. Unudulmamalıdır ki, bu problem məktəb və
müəllimin ucbatından da ola bilər. Buna görə də ailə və
məktəb daima ortaq olmalı və uşağın məktəbə getməməsinə
imkan verilməməlidir.
Hər ata-ana uşağın narahatlığını başa düşdüyünü və bunun
zamanla keçəcəyini vurğulamalıdır. Bundan əlavə, ailəyə
bağlılığın azaldılması, tək oynaya biləcəyi oyunların
dəstəklənməsi lazımdır.
Valideynlər məktəb üçün bazarlığı uşaqlarla birgə
etməli, bu dövrdə qarşıya çıxa biləcək problemləri
əvvəlcədən öyrənməlidirlər.
Məktəb qorxusuna tutulan uşaqlar üçün ailələr nə
etməlidir?
1. Uşağın qorxusu barədə danışaraq səbəbini
aydınlaşdırmağa çalışmalıdırlar.
2. Məktəbə getmədiyi üçün ona hədə-qorxu gəlməməli və
onu qorxutmamalıdırlar.
3. Müəlliminə uşağın vəziyyətini danışmalı və lazım
gələrsə, müəllimlə birlikdə uşaqla bağlı bir işi təşkil
etməlidirlər.
4. Uşağın məktəbdən uzaq qalmamasına diqqət
yetirməlidirlər.
Valideynlərin uşaqla birlikdə dərsə girməyi doğru bir
davranışdırmı?
Məktəbdə, xüsusilə sinifdə mühitin təşkiledicisi,
idarəçisi müəllimdir. Müəllimin mövqeyi, qərarı
əhəmiyyətli yer tutur. Xüsusilə məktəbin ilk günlərində
israrla anasından ayrılmaq istəməyən və sinif mühitinə
qarşı reaksiyalı olan uşağın yanında, sinif içində
söhbət oluna bilər. Ancaq bu, vəziyyətin davamlı olması
deyil. Bu davranış bir neçə günü keçməməlidir.
Müəllim nə etməlidir?
Müəllim uşaqlara qarşı həssas olmalı və verilən
tapşırıqları mütləq yerinə yetirmələri üçün uşaqlarda
məsuliyyət hissi oyatmalıdır. Uşaqlara qarşı sərt
davranılmamalı, problemlərinin nə olduğu dinlənilməli və
müəllimin hər zaman onların yanında olduğu hissi
aşılanmalıdır. Müəllim uşağa dərsə gəlməyin vacib
olduğunu və ona dəyər verdiyini başa salmalıdır.
Qorxu hissi bağça uşaqlarında 3-5 yaşlar arası və
ibtidai sinfə gedərkən müşahidə olunur. Sözügedən
problem 12-14 yaş arasında da müşahidə oluna bilər.
Bağçada ilk gün stresindən necə yaxa qurtarmaq olar?
Bağçaya ilk dəfə gedən uşaqlarda zaman və məkan
məfhumları tam formalaşmadığı üçün problemlər yaranır.
Evimiz buradan nə qədər uzaqdır?
Anam məni gəlib aparacaqmı?
Buradakı uşaqları tanımıram.
Ehtiyaclarımı kimdən istəyəcəyəm, kömək edərlərmi?
Evdə qanunlar yoxdur, bura isə qanunlarla doludur.
Uşaq bu sualların cavablarını yaşayaraq öyrənəcəyi üçün
narahatlığı yüksək olur. İlk gün ana məktəbdə 1-2 saat
qalıb onu müəllimlə tanış etməli, nə etməli olduğunu
başa salmalıdır. Bir neçə gün uşağın görə biləcəyi yerdə
oturmaq da faydalı ola bilər.
Adaptasiya prosesi
Əgər uşaq 15-25 gün ərzində məktəbə alışmasa, məktəbdən
çıxarılması məsləhətdir. Çünki buna hələ hazır deyil.
Lakin əvvəl bağçaya gedən uşaqlarda məktəb qorxusu
olmur, olsa da tez unudulur. Çünki o buna bənzər mühitlə
tanışdır.
Uşağa laqeyd yanaşmaq və ya bunun tam əksini etmək onda
hissi və şəxsi inkişafı ləngitdiyi kimi, həm də öyrənmə
və adaptasiya problemləri yaradır.
Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu |