Uğurlu addımlar
İnformasiyaların çoxaldığı, texnologiyaların gücləndiyi
bir zamanda cəmiyyətin inkişaf tendensiyalarına
münasibət dəyişir. Tolerant olmaq, informatlaşma
mühitində fəaliyyət göstərmək, informasiya cəmiyyətinin
fəal üzvünə çevrilmək, kommunikativ bacarıqlara
yiyələnmək, ən başlıcası, təfəkkür mədəniyyətinə sahib
olmaq, kreativ keyfiyyətləri əxz eləmək qloballaşan
dünyada hər kəs üçün həyati tələbata çevrilir. Elə bu
səbəbdən də sosial fenomen olan təhsil insanların
həyatının ayrılmaz hissəsi kimi onların ehtiyaclarına
uyğun qurulmaqla yeni bir müstəvidə formalaşmağa
başlayır. Dünyanın, demək olar ki, bütün ölkələrində
təhsil inkişaf etdirilir, onun həyati tələbat kimi daimi
yeniləşməsi istiqamətində tədbirlər həyata keçirilir.
Təhsil humanist və humanitar missiyasını daim insanlara
xidmət göstərmək və onların inkişafı naminə özünü
yeniləşdirməklə yerinə yetirir.
Bu gün ölkəmizin ictimai həyatında, o cümlədən
təhsilində baş verən dəyişikliklər qlobal dünyanın ümumi
tələbatından irəli gəlməklə yanaşı, müstəqil
Azərbaycanda inkişafyönümlü fəaliyyətlərin nəticəsi kimi
meydana çıxır. Əldə olunmuş nailiyyətlər ölkədə
aparılmış sosial-iqtisadi sahədə siyasətin məqsədəuyğun
şəkildə həyata keçirildiyini aydın göstərir. "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd
olunduğu kimi, "Son illərdə nəzərəçarpan nailiyyətlərin
əldə olunması da bilavasitə ölkəmizin
modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi
siyasətlə bağlıdır". Respublikamızın müstəqillik
illərində bütün sahələrə aid fəaliyyətlərin təhlilinə,
eləcə də inkişaf perspektivlərinə həsr olunmuş bu
sənəddə təhsil sisteminə də münasibət bildirilir, onun
irəliləyişlər əldə etdiyi göstərilir. Qeyd olunur ki,
"Təhsilin məzmunca yeniləşməsinə istiqamətlənmiş
islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa
təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli
addımlar atılmışdır".
Lakin bütün bunlar qlobal dünyanın inkişaf sürəti
baxımından, eləcə də cəmiyyətin mühüm göstəricisi olan
əmək bazarının tələblərinə uyğun olaraq yenidən nəzərdən
keçirilməli, boşluqlar aradan qaldırılmalıdır. Bu mənada
Respublika Prezidenti İlham Əliyevin 2013-cü il
oktyabrın 24-də təsdiq etdiyi "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" ölkəmizdə yeni təhsil sisteminin qurulması
və bu məqsədlə təhsil islahatlarının uğurla davam
etdirilməsi baxımından sosial-iqtisadi əhəmiyyətli sənəd
kimi dəyərləndirilir, orada təhsilin bütün pillələri ilə
yanaşı, şəxsiyyətin formalaşmasını bir vəzifə kimi
qarşıya qoyan ümumi təhsilin yeni müstəvidə inkişaf
istiqamətləri müəyyənləşdirilir.
12
illik məktəbə doğru
Dünyanın təhsil təcrübəsində ümumi təhsil quruculuğunda
onun müddətinin müəyyən olunması xüsusi əhəmiyyət
daşıyan problemlərdən biri hesab edilir. Ona görə də
ümumi təhsilin müddəti müxtəlif ölkələrdə müxtəlif cür
müəyyələşdirilir.
Bu o deməkdir ki, ümumi təhsilin müddətinin konkret
olaraq müəyyənləşdirilməsi spesifik xarakter daşıyır və
yerli şəraitə uyğunlaşdırılır. Burada yerli şəraitin
xüsusiyyətləri, araşdırmaların nəticələri əsas
götürülür. Azərbaycanda da ümumi təhsilin müddətinə
ayrı-ayrı zamanlarda müxtəlif yanaşmalar olmuşdur: onun
bir vaxtlar 10, sonralar 11 illik sistemləri tətbiq
olunmuş və bu gün də 11 illik sistemdən istifadə
edilməkdədir. Dövlət Strategiyasında göstərildiyi kimi,
Azərbaycan ümumi təhsili 12 illik sistemə keçidin
astanasındadır. "10 illik icbari ümumi orta təhsil və 2
illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi
təmin etməklə, 12 illik ümumi təhsil sisteminin
yaradılması" strateji tədbirlərdən biri kimi nəzərdə
tutulmuşdur. Təbii ki, burada başlıca missiya ümumi
təhsilin koqnitiv (idraki) xarakterini gücləndirməkdən,
digər pillələrlə yanaşı, onun da beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasından ibarət olacaqdır. Bu zaman başlıca
şərt kimi ölkəmizdəki təhsil şəraiti, vəziyyət əsas
götürüləcəkdir.
Dövlət Strategiyasında "məktəbə hazırlıq təhsilinin (1
il) icbariliyinin təmin olunması" müasir zamanda yeni
yanaşma tərzi kimi özünəməxsus mahiyyət və məzmun
daşıyır. Ümumi icbari təhsil qurularkən onun nəzərə
alınması mühüm bir vəzifə kimi meydana çıxır. İcbari
təhsilin müddətinin 1 il uzadılması şagird şəxsiyyətinin
formalaşdırılmasında, davamlı təhsil üçün zəruri
bünövrənin qoyulmasında xüsusi əhəmiyyəti olan amil kimi
çıxış edir.
Ümumi təhsilin "tam orta təhsil səviyyəsində təhsil
müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi" də
strateji tədbirlərdən biri kimi nəzərdə tutulur. Hesab
edirik ki, burada humanitar ↔
təbiət
↔
riyaziyyat
↔
incəsənət, yaxud humanitar
↔
təbiət
↔
riyaziyyat
↔
incəsənət istiqamətlərində struktur komponentlərindən
istifadə etmək mümkündür. Bütün hallarda tam orta təhsil
özündən əvvəlki səviyyə ilə müqayisədə diferensial
olması, fundamental xarakter daşıması ilə fərqlənir.
Cəmiyyətin ali təhsil almaq məqsədindən irəli gələn
maraqlarını təmin edir. Belə olduğu təqdirdə müasir
dövrümüz üçün az qala ümumi təhsilə alternativ kimi
yaranmış repetitorluq tədricən zəifləyərək sıradan çıxa
bilər.
12 illik təhsil sisteminin yaradılmasında onun
infrastrukturunun müəyyənləşdirilməsi vacib şərt hesab
edilir. Səmərəli infrastrukturun qurulmasında ölkənin
sosial-coğrafi şəraitinə uyğun məktəb şəbəkəsinin, eləcə
də müvafiq normaların, standartların, praktik əhəmiyyət
daşıyan prosedur qaydaların hazırlanması faydalı hesab
edilir. Yeni infrastruktur müvafiq maddi-texniki,
tədris bazasının yaradılmasını mühüm şərt kimi qarşıya
qoyur. Təcrübələr onu göstərir ki, 12 illik təhsil üçün
yeni infrastrukturun məqsədyönlü formalaşdırılması
qabaqlayıcı sosial-pedaqoji tədbirlərin hazırlanmasını
və həyata keçirilməsini tələb edir.
Səriştə
əsaslı standartlar
Dünyanın təhsil tarixində məktəblər həmişə humanist bir
missiya daşımışdır. Onlar insanı formalaşdırmaq, inkişaf
etdirmək kimi müqəddəs bir vəzifəyə qulluq etmişdir.
Zaman-zaman cəmiyyətin ehtiyacları dəyişdikcə məktəblərə
olan tələblər də yeniləşmiş, başqa mahiyyət kəsb
etmişdir. Uzun illər hafizə məktəbi insanların
xidmətində olmuş, əsrlər boyu onların inkişafını
şərtləndirmişdir. Yaddaş məktəbinin mahiyyətində
akademik biliklər vermək, şagirdləri öyrəndiklərinin
həcminə görə dəyərləndirmək üstün yer tutmuşdur. Bu gün
sosial mühit dəyişmiş, insanların düşüncə, idrak
bacarıqlarına, yaradıcılıq qabiliyyətlərinə ehtiyac
yaranmışdır. Aparılmış psixopedaqoji araşdırmalarda da
bu problemlə bağlı müasir dövr üçün diaqnostik
əhəmiyyət daşıyan nəticələrə gəlinmişdir. Belə ki,
müasir dövrdə məktəbin, bütövlükdə təhsilin funksiyası
dəyişir. Bu gün "şagirdlərin əqli inkişafı məktəbin
başlıca sosial funksiyalarından biri kimi
qiymətləndirilir" (Ə.Ə.Əlizadə. Müasir Azərbaycan
məktəbinin psixoloji problemləri. Bakı, Pedaqogika, 2004,
səh.9).
"Müasir təhsil konsepsiyası ənənəvi didaktik sistemdən
fərqli olaraq koqnitiv strukturların inkişafı problemini
sadəcə olaraq hafizə məkanında deyil, yeni psixoloji
məkanda - təfəkkür və hiss məkanında həll edir"
(Ə.Ə.Əlizadə. İdrak prosesləri və hisslər. Psixopedaqoji
məsələlər. Bakı. 2006,
səh.263).
Müasir məktəbin şagirdlərinin nailiyyəti kreativ
bacarıqlarının səviyyəsi ilə ölçülür. Onların məntiqi,
tənqidi, yaradıcı təfəkkürünün formalaşması
inkişafyönümlülüyün mühüm atributu kimi çıxış edir.
Qlobal dünyanın inkişaf etmiş ölkələrindən biri kimi
Azərbaycanın məktəblərində bu keyfiyyətlərin olması
məntiqəuyğun bir zərurət kimi özünü büruzə verir. Bu
səbəbdən də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında konseptual olaraq gələcəyin ümumtəhsil
məktəbi barədə proqnostik müddəa irəli sürülür və onun
həyata keçirilməsi üçün tədbirlər nəzərdə tutulur.
"Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən
mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə
məktəbi"nə keçidin təmin olunması məqsədilə sistemli
tədbirlər görüləcəkdir".
Bu müddəa "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda müəyyən olunmuş beş
strateji istiqamətin hər birinə şamil edilir. İstər
təhsilin məzmununun yaradılmasında, yüksək nüfuzlu
təhsilverənlərin yeni idarəetmə sisteminin
formalaşmasında, istərsə də müasir tələblərə cavab verən
təhsil infrastrukturunun və yeni maliyyə mexanizmlərinin
hazırlanmasında təfəkkür və düşüncə məktəbinə keçidin
izlənilməsi diqqətdə saxlanılır.
Məlum olduğu kimi, artıq 2006-cı ildən ölkəmizdə Milli
Kurikulum yaradılmış, onun ardınca fənn kurikulumları
hazırlanaraq məktəblərimizin istifadəsinə verilmişdir.
Eyni zamanda pedaqoji anlayış kimi təhsil kurikulumları
barədə ümumi konseptual fikir formalaşmışdır. Bu
fikirlər Təhsil Qanununda belə ifadə edilmişdir: "Təhsil
Proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə
təlim nəticələri və məzmun standartlarını, tədris
fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ
saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim
nəticələrinin qiymətləndirilməsi və monitorinqinin
aparılması sistemini özündə əks etdirən dövlət
sənədi"dir. ("Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu. Bakı, "Hüquq ədəbiyyatı"
nəşriyyatı, 2009, səh.8). Azərbaycanda qəbul olunmuş
mövcud kurikulum modelinə təhsilin məzmunu
(standartlar), strategiyalar (pedaqoji texnologiyalar),
qiymətləndirmə mexanizmləri daxil edilmişdir.
Dövlət Strategiyasında kurikulumlara pedaqoji anlayış
kimi müraciət olunmuş, həyata keçiriləcək birinci
strateji istiqamətin hədəfi kimi təhsilin bütün
pillələri üzrə, o cümlədən ümumi təhsil üzrə
kurikulumların inkişaf etdirilməsi qeyd edilmişdir. Bu
gün ölkəmizdə yalnız məktəbəqədər və ümumi təhsil
pillələrində inkişaf etmiş dünya ölkələrinin
kurikulumlarına uyğun kurikulumların hazırlanması
təcrübəsi vardır. Digər təhsil pillələrində də belə
kurikulumların hazırlanması ciddi pedaqoji problem kimi
həllini gözləyir.
Dövlət Strategiyasında strateji hədəflərdən birində
"səriştə əsaslı ümumi təhsil standartları və
kurikulumlarının hazırlanması" vurğulanır. Bu müddəada
standart və kurikulumların ayrıca ifadə olunması, artıq
kurikulum anlayışına bir sıra xarici ölkələrdəki kimi,
yeni yanaşma tərzinin formalaşdığını göstərir.
Standartların kurikulumların strukturundan çıxarılaraq
təkmilləşdirilməsi və ayrıca təqdim olunması zərurətini
meydana qoyur. Hər halda standartlara ayrıca obyekt
kimi yanaşılması onun kurikulumlarla əlaqəsini inkar
etmir. Əksinə, onlar arasında bağlılığa daha çox diqqət
yetirildiyini qabarıqlaşdırır.
Qlobal dünyada təhsilə qoyulan ümumi tələblərdən biri də
onun standartlaşdırılmasıdır. Bu, formalaşan və inkişaf
edən şagird şəxsiyyətinin ardıcıl olaraq müşahidə
edilməsi və istiqamətləndirilməsi baxımından əhəmiyyət
daşıyan bir prosesdir. Artıq ötən əsrin 70-ci illərindən
başlayaraq genişlənən bu sosial proses hazırda daha
geniş vüsət almaqla ölkəmizin təhsil həyatında da tətbiq
olunmaqdadır. Təcrübələr göstərir ki, yaranmaqda olan
təfəkkür məktəbinin inkişaf etdirilməsi məhz bu amillə
daha çox bağlıdır. Şagirdin deklorativ biliklər
qazanmasından ta yaradıcı fəaliyyətdə təzahür edən
qabiliyyətlərinə qədərki inkişaf yolunda hər səviyyənin
müşahidə edilməsi məhz standartlara əsaslanmaqla
mümkündür. Bu mənada təhsil standartları şagirdlərin
inkişafına yönələn və bu inkişafın ardıcıl şəkildə
müşahidə olunmasına imkan yaradan bir alət kimi çıxış
edir. Təhsil standartları həm məzmuna, fəaliyyətə, həm
də nailiyyətə aid olmaqla müxtəlif növdə təsnif olunur.
Ölkəmizin Təhsil Qanununda qeyd olunur ki, "Dövlət
təhsil standartları təhsilin məzmununu, idarə
olunmasını, maddi-texniki və tədris bazasını,
infrasturukturunu, təhsil verənlərin keyfiyyət
göstəricilərini, hər bir təhsil pilləsində
təhsilalanların bilik, bacarıq və vərdişlərinin
səviyyəsini müəyyənləşdirir". ("Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanunu. Bakı, "Hüquq
ədəbiyyatı" nəşriyyatı, 2009, səh.14). Bu standartlar
müəyyən dövrdə sabit qalmaqla sosial-pedaqoji əhəmiyyət
daşıyır. Təhsil fəaliyyəti ilə məşğul olanların işinin
nizamlanmasında özünün idarəetmə funksiyası ilə çıxış
edir. İstər təhsil səviyyəsi, istərsə də ayrı-ayrı
fənlər üçün müəyyən olunmuş bu standartlarda şagirdlərin
sadəcə əldə edəcəkləri bilik və bacarıqlar deyil,
onların şəxsiyyətini keyfiyyət cəhətdən müəyyən edən
qabiliyyətlər ifadə olunur. Bunlar artıq müasir təhsil
məkanında səriştələr (kompetensiyalar) kimi geniş
şəkildə işlənməkdədir. Bu səriştələr şagirdlərdə idraki,
hissi-emosional və psixomotor bacarıqlar əsasında
formalaşır. Dövlət Strategiyasında Azərbaycan
məktəblərinə bu baxımdan münasibət bildirilməklə, ilk
növbədə, onun məzmununun səriştələrə əsaslanmaqla
qurulmasının vacibliyi qeyd olunur. Göstərilir ki, "Son
30-40 il ərzində elmi-pedaqoji tərəqqi, innovasiyalar və
modernləşdirmə nəticəsində praktik bilik və vərdişlərlə
zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz
fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan
təhsilin məzmununun formalaşmasında akademik biliklərlə
yanaşı, praktik bilik və bacarıqların, səriştənin
vacibliyi önə çəkilir. Səriştə əldə edilmiş bilik və
bacarıqları praktik fəaliyyətdə effektiv və səmərəli
tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik
və bacarıqların konkret fəaliyyətinin nəticəsinə
çevrilməsini təmin edir".
Bütün bunlar isə o deməkdir ki, yeni yaranan təfəkkür
məktəbi şagirdlərin səriştəlilik səviyyəsini
yüksəltməklə onlarda idraki qabiliyyətlər,
hissi-emosional, psixomotor keyfiyyətlər formalaşdırmağı
qarşıya ciddi vəzifə kimi qoyur. Bununla yanaşı,
şagirdlərin yaşamağa, yaratmağa, kreativ fəaliyyətlə
məşğul olmağa marağını artırır. Odur ki, Dövlət
Strategiyasında "Səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması" müəyyən olunmuş
istiqamətlərdən biri kimi qeyd olunur.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, respublikamızda
1999-cu ildən başlanan təhsil islahatlarında şagird
şəxsiyyətinin formalaşmasına yönəlmiş, onların
mənafeyinə uyğun, milli və bəşəri dəyərlər əsasında yeni
təhsil sisteminin yaradılmasına başlanılmış və bu sahədə
xeyli təcrübə əldə edilmişdir. Ümumi təhsildə milli və
fənlər üzrə standart və kurikulumların istifadədə olan
nümunələri fikrimizi əsaslandırmaq baxımından xüsusi
əhəmiyyət daşıyır. Milli səviyyədə müəyyənləşdirilmiş
ümumi nəticələr mahiyyət və məzmununa görə şagirdə
yönəlməklə bu gün daha çox aktuallıq kəsb edən
səriştələrdir. Artıq həmin səriştələrin hazırlanmasından
xeyli vaxt keçir. Yeni təsdiq olunmuş Dövlət
Strategiyasında həmin səriştələrin hazırkı dövr
baxımından nəzərdən keçirilməsini, onların 12 illik
ümumtəhsil məktəbinin strukturuna uyğun olaraq
təkmilləşdirilməsini tələb edir. Azərbaycanda minimum
standartların hazırlanması dövlət siyasəti kimi həyata
keçirilir. Tam orta təhsil pilləsində təlimin
istiqamətlər üzrə qurulması istər-istəməz həmin
səviyyəyə aid standartların hazırlanması tələbini
qarşıya qoyur. Bu gün X-XI siniflər üçün konkret
istiqamətlərin müəyyən olunması, heç şübhəsiz, onların
məzmununun hazırlanmasını stimullaşdıracaqdır. Həmin
siniflərdə zəruri fənlərə aid və istiqamətlər üzrə
səriştələrin, minimum standartların hazırlanması həyata
keçəcəkdir.
Respublikamızda təhsilin əsas məqsədi "Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini dərk, xalqının milli
ənənələrinə və demokratiya prinsiplərinə, insan
hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik
və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və
yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək"dən
("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu.
Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2009, səh.8)
ibarətdir. Ümumi təhsil bu məqsədin həyata keçirilməsi
üçün üzərinə düşən missiyanı yerinə yetirir. Şagirdlərin
ümumi təhsil üzrə zəruri bilik, bacarıq və vərdişlərə,
eləcə də qabiliyyətlərə yiyələnmələrinə şərait yaradır.
Bütövlükdə təhsil prosesinin şagird şəxsiyyətinə
yönəlməsini təmin edir. İlk növbədə, bütün təhsil
standartlarında şagirdlərin səviyyələr üzrə inkişafına
qoyulan tələblər konkret olaraq öz ifadəsini tapır. Bu
tələblər şagirdlərin bir şəxsiyyət kimi həm əqli və
kommunikativ, həm də fiziki cəhətdən inkişafını əhatə
edir.
İlkin təcrübələr onu göstərir ki, ümumtəhsil fənləri
təsadüfi, yaxud ənənələrə əsaslanmaqla seçilməməlidir.
Burada sosial şərait, müasir dünyanın inkişaf səviyyəsi,
cəmiyyətin tələbatları, ən başlıcası əmək bazarının
ehtiyacları nəzərə alınmalı, şəxsiyyətin ayrı-ayrı
keyfiyyətləri ilə bağlı bacarıqlarının formalaşmasında
lazım olan zəruri bilik, bacarıq və vərdişlərə yer
ayrılmalıdır. Bu mənada hər bir fənn müəyyən olunarkən
onlara bir vasitə kimi yanaşılmalı, məzmun
komponentlərinin inkişafetdirici xarakterdə olması
diqqət mərkəzində saxlanılmalıdır.
Yeni
dərsliklərin yaradılması
Dövlət Strategiyasında yeni dərsliklərin yaradılmasına
və tətbiq olunmasına səriştəyə əsaslanan
şəxsiyyətyönümlü məzmunun yaradılmasının mühüm
istiqamətlərindən biri kimi yanaşılır. Ona görə də
ümumtəhsillə bağlı müddəalardan birində "Kurikuluma
əsaslanan yeni dərsliklərin yaradılması, şagird və
müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması"
fəaliyyət strategiyasında başlıca vəzifələrdən biri kimi
qeyd edilir. Təhsilin tarixi boyu dərsliklərin
yaradılması həmişə ciddi pedaqoji problem kimi maraq
doğurub, təhsilin məzmununu ifadə edən komponentlərdən
biri kimi dəyərləndirilib. Zaman keçdikcə yeniləşməsinə
ehtiyac duyulan mühüm pedaqoji obyektlərdən birinə
çevrilib. Bu gün də təfəkkür məktəbinin kandarında
dayandığımız bir məqamda dərslik probleminin həll
olunması son dərəcə vacib olan bir məsələ kimi meydana
çıxıb. Nəzərə alsaq ki, müstəqil Azərbaycanda ümumtəhsil
məktəbləri üçün dərsliklərin yaradılması sahəsində vahid
dövlət siyasəti həyata keçirilir (2005-ci ildə "Ümumi
təhsil sistemində dərslik siyasəti" sənədi təsdiq
olunmuşdur), eyni zamanda ölkədə dərsliklərin
yaradılması sahəsində tarixi ənənələrə söykənən təcrübə
vardır. Bundan əlavə, son dövrlərdə yeni təhsil
proqramlarına əsasən müasir dərsliklərin hazırlanması
istiqamətində xeyli empirik araşdırmalar aparılmış və
nümunələr hazırlanmışdır. Bu, ötən islahatçılıq
fəaliyyətində təhsilin məzmununun yaradılması baxımından
əldə olunmuş nəticələrdən xəbər verir. Lakin dünyanın
həyati bacarıqlarla zəngin intellektual təhsil
sisteminin formalaşdığı bir zamanda bünövrəsini
qoyduğumuz təfəkkür məktəbinin dərslikləri tamamilə
yeni prinsiplərlə qurulmalı, informasiyaların, onun
vasitələrinin bolluğu şəraitində özünün maraq effekti
ilə fərqlənməli və şagirdin ən yaxın dostuna, müsahibinə
çevrilməlidir. Təlim materiallarının ən zərurilərinin
seçilməsində, şagirdlərin axtarıcılıq, müqayisə,
ümumiləşdirmə, sistemləşdirmə, tətbiq etmə, yaradıcılıq
bacarıqlarının stimullaşdırılmasında şagirdlər üçün ən
doğma olan bir kitaba çevrilməlidir. Dərslik nəticələrə
doğru gedən yolda müəllimin bələdçilik fəaliyyətini
tamamladığından onun potensial imkanları səviyyəsində
qiymət alır. Bu isə istər-istəməz mahiyyət etibarı ilə
ölkə üçün konseptual olan bir vəsaitə bəzi subyektiv
yanaşılmaların əmələ gəlməsinə gətirib çıxarır.
Bu gün dünyanın intellektual təhsil aləmində istifadə
olunan müasir dərsliklərin öyrənilməsinə, Azərbaycan
şəraitində istifadə oluna bilən, təfəkkür məktəbinin
ehtiyac və tələbatlarına cavab verə bilən dərsliklərin
elmi-pedaqoji əsaslarının araşdırılmasına ehtiyac
vardır. Bu yanaşma tərzi həm dərsliklərin yaradılmasına,
ondan istifadə olunmasına, həm də dərsliklər barəsində
fikir mübadilələrinin müəyyən elmi-pedaqoji əsasda
aparılmasına şərait yarada bilər. Belə bir prosesdə
yaradıcı müəllimin rolu əvəzedilməzdir.
Yaradıcı müəllim amili
Müəllim həmişə olduğu kimi, bu gün də məktəbdə əsas
sima hesab olunur. Onun fəaliyyəti övladlarımızın təlim
və tərbiyəsinə xidmət göstərməklə müqəddəslik missiyası
daşıyır. Təhsil alan hər kəs özünün gələcəyini
müəllimində axtarır. Bu mənada bəşəriyyətin tarixi boyu
müəllimin cəmiyyətdə oynadığı rol dəyişmir. Lakin dövr
yeniləşdikcə müəllimin funksiyalarına tələblər dəyişir.
Qloballaşan dünyada təfəkkür məktəbinin müəllimi necə
olmalıdır? Etiraf etmək lazımdır ki, təhsil
islahatlarının həyata keçirildiyi müasir zamanda özünün
yenilikçi fəaliyyəti, müasir təhsil texnologiyalarına
yiyələnmələri ilə seçilən, müəllim müsabiqələrinin
iştirakçısı olan, tədris resurslarının hazırlanmasında
iştirak edən xeyli müəllimlər vardır. Onlar bizim
dünənimizlə bu günümüzü, eləcə də sabahımızı uğurla
əlaqələndirən, nəsillərin estafetinin ötürülməsində fəal
iştirak edən müəllim kadrları kimi fəxarət yerimizdir.
Lakin bu gün ölkəmizdə müəllim kadrlarına olan ehtiyacın
ödənilməsi ilə bağlı həyata keçirilən tədbirlər,
xüsusilə bu il respublika üzrə 3286 vakant yer üçün
verilmiş elana əsasən 18782 sənədin təqdim olunması,
müsabiqədə əlavə yerləşdirmə ilə birlikdə 1474 nəfərin
keçməsi pedaqoji kadr hazırlığı, onun perspektivləri
barədə düşünməyi tələb edir.
Təhsil islahatına başlanıldığı vaxtdan 14 ilə yaxın bir
müddət keçməsinə baxmayaraq ilkin müəllim hazırlığının
məzmunu ilə ümumi təhsilin məzmunu və texnologiyaları
arasında fərqlər hələ də qalmaqdadır. Bu vəziyyət
müəllim hazırlayan təhsil müəssisələrindəki pedaqogika
və metodikalar üzrə yeni standart və kurikulumlar
hazırlanmasını, müəllimlərin isə yeni müasir
kurikulumların tətbiqi ilə bağlı xüsusi təlim
kurslarından keçirilməsini bir vəzifə kimi qarşıya
qoyur. Dövlət Strategiyasında qeyd olunduğu kimi,
"Səriştəyə əsaslanmayan, əmək hazırlığında yetərincə
rəqabətli olmayan əmək haqqı sistemi və maddi
stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə
müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir...
Əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi
metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda
təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmək və
müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır".
Şagirdlər təlim prosesində nə zaman müəllimlərinə qulaq
asmırlar? Dərs nə vaxt uşaqları darıxdırır, cansıxıcı
olur? Professor Ə.Ə.Əlizadə özünün psixopedaqoji
araşdırmalarında belə qanaətə gəlmişdir ki, "Dərsin
maraqlı olmaması, şagirdin dərslə maraqlanmaması məktəb
üçün özünəməxsus Bermud üçbucağıdır. Bu uçbucağın təsir
dairəsində məktəb çox şey itirir. Sinifdə intizamsızlıq
halları da bu kökdə əmələ gəlir, təlimdə geridəqalma
halları da...". Əslində belə bir vəziyyətin yaranması
müəllim fəaliyyətindən qaynaqlanır. Müəllim özünün
qeyri-peşəkar, səriştəsiz yanaşmaları ilə belə bir halın
əmələ gəlməsini stimullaşdırır, ona rəvac verir.
Müşahidə və təcrübələr göstərir ki, səriştəli müəllim
pedaqoji prosesin çətinlik simptomunu asanlıqla aradan
qaldıra və maraq effekti yarada bilir. Bununla o
şagirdlərin ürəyini fəth edir və məhəbbətini qazanır.
Bu keyfiyyətlər isə yüksək peşəkarlıq bacarıqları
aşılayan müəllim təhsilinin nəticəsində yarana bilər.
Görkəmli təhsilşünas Pasi Sahlberq özünün "Fin dərsləri:
dünya Finlandiyadakı təhsil dəyişikliklərindən nə öyrənə
bilər?" adlı kitabında Finlandiya təhsilindəki
irəliləyişlərin səbəbi ilə bağlı belə qənaətə gəlir ki,
"Əla müəllimlər və müasir müəllim təhsil sistemi
olmasaydı, Finlandiyanın bugünkü beynəlxalq təhsil
nailiyyətləri mümkün olmazdı".
Təfəkkür məktəbinin müəllimi tədqiqatçılığı ilə
seçilməli, özünün pedaqoji fəaliyyətinə yaradıcı bir
peşə adamı kimi yanaşmalıdır. Bütün mövcud resurslara,
strategiyalara yaradıcı münasibət bəsləməli, hər bir
addımda özünün şəraitə uyğun hazırladığı metodik
mikrosistemlərindən istifadə etməlidir. Fəaliyyətinin
layihələşdirilməsindən başlamış uğurlarının
qiymətləndirilməsinə qədərki mərhələlərdə müəllimin
yaradıcı fəaliyyəti aydın şəkildə görünməlidir. O,
şagirdlərinin həyata, davamlı təhsilə hazırlanmasında,
bir şəxsiyyət kimi dəyərlərə yiyələnməsində həlledici
rolu ilə seçilməlidir. Yaxşı müəllimin əmək haqqı
fəaliyyətinə rəğmən müəyyənləşdirilməklə
stimullaşdırıcı vasitəyə çevrilməli, onu növbəti
uğurlara sövq etməlidir. Müəllimin əməkhaqqı dediyi
həftəlik dərs saatlarına görə müəyyənləşsə də,
bütövlükdə onun fəaliyyəti daha genişdir. Belə ki, o
bəzən bir saat dərs üçün bir neçə saat hazırlaşmalı,
məktəb pedaqoji, metodik mühitində fəaliyyət
göstərməli olur. Bunlar müəllimin əməkhaqqını fərdi
qaydada dəyərləndirməklə stimullaşdırılmasını tələb
edir.
İdarəolunmanın yeni xarakteri
Tarix boyu yaşayıb inkişaf etmiş Azərbaycan məktəbi
zaman-zaman özünün töhfələrini vermiş və böyük uğurlar
qazanmışdır. Lakin çevik və dərin düşüncə, möhkəm
bacarıqların tələb olunduğu müasir dünyada məktəb və
təhsilə də tələblər dəyişmişdir. "Məktəb məkanında idrak
(psixi) prosesləri konsepsiyasının əsas paradiqmaları
inkişafetdirici və tərbiyəedici təlim prinsipləri ilə
bağlıdır. Bu iki önəmli prinsipin qovşağında isə
müasir məktəb özünün ən başlıca missiyasını yerinə
yetirir" ( Ə.Əlizadə. İdrak prosesləri və hissləri.
Psixopedaqoji məsələlər. Bakı. 2006,
səh 4.). Bu missiya isə öz növbəsində məktəbdə
funksional dəyişikliklərin olmasını, düşüncə və
təfəkkür məktəbi kimi yeni xarakter almasını tələb
edir. Məktəbin istər maliyyələşmə və idarəetmə
sisteminin, istərsə də tədris-metodik sisteminin yeni
prinsiplər əsasında qurulmasını zəruri vəzifə kimi
qarşıya qoyur. Eyni zamanda, təhsil müəssisələrinin
idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə
görə cavabdehliyinin artırılması, fəaliyyətin
monitorinqi və qiymətləndirilməsi, təhsilin
keyfiyyətini ölçən göstəricilər sisteminin
təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin
onun keyfiyyətinə yönəldilməsi, adambaşına
maliyyələşdirmə mexanizminin tətbiqi və bu zəmində
stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi və s.
istiqamətlərdə islahatların aparılmasının vacibliyini
meydana çıxarır.
Bu islahatlar məktəbə rəhbərlik və onun idarə
olunmasının demokratikləşdirmə, humanistləşdirmə və
humanitarlaşdırma prinsipləri əsasında yenidən
qurulmasına təminat verəcək, onun düşüncə və təfəkkür
məktəbi kimi inkişafını stimullaşdıracaqdır.
Dövlət Strategiyasından irəli gələn bu vəzifələr həm
də ümumtəhsil məktəblərini idarə edən təhsil
şöbələrinin yenidən qurulmasını, onların fəaliyyətinin
məktəblərlə, ümumiyyətlə, təhsil müəssisələri ilə
hesabatlılıq və inkişafın monitorinqi prinsipləri
əsasında müasir idarəetmə mexanizmləri əsasında
qurulmasını zəruri tələb kimi irəli sürür. Xüsusən bu
gün özünü doğrultmayan metodik sistemin, o cümlədən
metodkabinetlərin yenidən qurulmasını mühüm vəzifə
kimi qarşıya qoyur.
Valideyn-məktəb əlaqəsi
Yeni təhsil sisteminin qurulması onun uğurla təşkil
edilməsi və həyata keçirilməsində maraqlı olan
tərəflərin əlaqələrinin yeni məzmunda qurulmasını tələb
edir. Bu, müasir zamanda ümumi təhsilin başlıca
fəlsəfəsini təşkil edən mühüm məsələlərdən biri kimi
şəxsiyyətin yetişdirilməsi, davamlı təhsilə hazırlanması
missiyasından irəli gəlir. Müəllim belə bir fəaliyyətin
həyata keçirilməsində özünün istiqamətverici,
əlaqələndirici rolunu yerinə yetirməklə yanaşı,
şagirdlərin öyrənmək, tədqiqat aparmaq, yaratmaq və
özünüifadə kimi bacarıqlarını stimullaşdırır.
Bu prosesin keyfiyyət baxımından ağırlığı orada maraqlı
olan üçüncü tərəfin olmasını tələb edir. Həmin üçüncü
tərəf valideynlərdir. Əslində "məktəb-valideyn", yaxud
"valideyn-məktəb" əlaqələri mahiyyət etibarilə yeni
məsələ deyildir. Lakin onun bu gün uşağın davamlı
inkişafına, ümumiyyətlə, məktəbli şəxsiyyətinin
formalaşmasına yönəlmiş pedaqoji fəaliyyətə cəlb
olunması yeni bir yanaşma tərzidir. Burada
valideynlərdən uşaqlarının psixoloji xüsusiyyətləri,
öyrəndiyi fənlərin fəlsəfəsi, standartlar, strategiya və
qiymətləndirmə mexanizmləri, eləcə də məktəbdəki təlim
yükü, öyrənmə fəaliyyəti və sair barədə müəyyən bilgilər
almaq, məlumatlanmaq tələb olunur. Odur ki, Dövlət
Strategiyasında strateji tədbirlərdən biri kimi
"uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji
fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin
sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi
üçün "səriştəli valideynlər" proqramının hazırlanması"
nəzərdə tutulur.
İlkin olaraq belə fikrə gəlmək olar ki, həmin proqram
uşaqların səviyyəsi, valideynlərin tələb və ehtiyacına
uyğun yaradılmalıdır. Belə olan təqdirdə proqramın
hazırlanması, reallaşdırılması, mühüm pedaqoji
tədbirlərdən biri kimi, onu tətbiq edən təhsil
müəssisəsinin üzərinə düşəcəkdir.
İstedadlılarla işin yeni mərhələsi
Bu gün məktəbin fəaliyyətində başlıca istiqamətlərdən
biri istedadlıların müəyyən olunmasından, onların
inkişafına qayğı göstərilməsindən ibarətdir. Məktəb bu
vəzifəni yerinə yetirməklə müasir zamanın çox vacib bir
problemini həll etmiş olacaqdır. Psixoloqların qənaətinə
görə, bu mühüm məsələnin nəzərə alınması çox vacibdir.
Cəmiyyət üçün öncül olan bu missiyanın yerinə
yetirilməsində son dərəcə diqqətli olmaq əhəmiyyət
daşıyır. İstedadlıların çoxu diqqətsizlik ucbatından
inkişafdan qalır. Başqa sözlə, "məktəbdə intellektual
baxımdan qabiliyyətli uşaqların bir çoxu motivasiya
çatışmazlığı ucbatından yaxşı oxumur" (Ə.Ə.Əlizadə.
İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər.
Bakı, 2006,
səh.
29). Belə olan təqdirdə necə etmək, hansı texnoloji
vasitələrə əl atmaq lazım gəlir?
Təbii ki, müasir təfəkkür məktəbinin bir başlıca
vəzifəsi də qabiliyyəti olan istedadlı uşaqları aşkar
etməkdən, onlarla düşünülmüş qaydada ardıcıl və sistemli
iş aparmaqdan ibarətdir. Psixoloqların fikrincə,
uşaqlara birtərəfli yanaşmaq onların inkişafının düzgün
qiymətləndirilməsi baxımından bizi yanlış istiqamətə
apara bilər. Ona görə də uşaqların inkişafını düzgün
qiymətləndirmək üçün psixoloji metodlardan istifadə
etmək, diaqnostik iş aparmaq hazırkı şəraitdə
məqsədəuyğun hesab edilir.
Bunun üçün də testologiya nəzəriyyəsi və təcrübəsindən
istifadə etmək bu işi elmi əsasda ardıcıl və sistemli
aparmaq üçün psixodiaqnostik mərkəzlər yaratmaq, xüsusi
indikatorlar və onların əsasında milli testlər
hazırlamaq, istedadlıların seçimini həmin metodologiyaya
əsasən qurmaq məqsədəmüvafiq hesab edilir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə qəbul
olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn
vəzifə kimi Azərbaycanda "yaddaş məktəbi"ndən "düşüncə
və təfəkkür məktəbi"nə keçid inkişafımızın hazırkı
mərhələsində müzakirələrin, fikir mübadilələrinin və
qabaqcıl beynəlxalq təcrübə əsasında müqayisəli
təhlillərin aparılmasını tələb edir. Biz bu məqalədə
həmin problemin bəzi məqamlarına toxunduq. Ümidvarıq ki,
bu müzakirə aktual bir məsələ kimi davam edəcək, ümumi
təhsilin "düşüncə və təfəkkür məktəbi" kimi
formalaşmasına töhfə verə biləcək mülahizələrin
yaranmasına səbəb olacaqdır.
Qulu NOVRUZOV,
Təhsil Problemləri İnstitutunun
direktoru,
hüquq
üzrə
fəlsəfə
doktoru,
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru |