Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Diplom işi, imtahan, yoxsa kredit?

 

Ali təhsil müəssisələri hansını seçməlidir? 

Hələ sovetlər birliyi dövründən ali təhsil müəssisələrində "diplom işi" adlanan indiki buraxılış işi tələbələrin təhsilinin son mərhələsi hesab edilirdi. Bəzi mütəxəssislərin qənaətinə görə, istiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılanması və digər bacarıqların formalaşmasında buraxılış işlərinin rolu böyükdür. Bəziləri isə bunu sovet təhsil sisteminin qalığı hesab edərək formal xarakter daşıdığını, dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərində, yeni təhsil modellərində diplom və buraxılış işləri anlayışlarına rast gəlinmədiyini bildirirlər. Bolonya təhsil sisteminin prinsiplərinə əsasən krediti ödəyən tələbənin artıq məzun adı aldığını əsas götürürlər. Ölkəmizin bir çox ali məktəbləri də irəli gedərək  buraxılış işlərini  dövlət imtahanları ilə əvəz ediblər. Bu məsələlər təhsil müəssisələrinin səlahiyyətlərində olduğu üçün ali təhsil müəssisələri hələ də bu qiymətləndirmə formalarından fərqli qaydada istifadə etməkdədirlər. Mövzu ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün mütəxəssislərin rəyini öyrənmək və onların fikirlərini oxuculara çatdırmaq qərarına gəldik. 

Jurnalistika fakültəsində buraxılış işlərinin yaradıcılıq işləri ilə əvəzlənməsi daha yaxşı olar 

Cahangir MƏMMƏDLİ,

BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor 

Buraxılış işləri tələbənin 4 il ərzində əldə etdiyi biliklərin yekun işidir. Əvvəllər buraxılış işləri bizim üçün çox böyük əhəmiyyətə malik idi. Amma sonralar bu işlərə bir etinasızlıq yarandı və buraxılış işləri tələbələr tərəfindən əvvəlki kimi həvəslə yazılmırdı. Hazırda universitetimizdə tələbələrin qalıq bilikləri və təhsil aldığı müddətdə hansı bilik və bacarıqlara yiyələnməsini öyrənmək məqsədilə buraxılış işləri və yekun buraxılış imtahanından istifadə olunur. Bildiyiniz kimi, hazırda buraxılış işləri 4 il ərzində yüksək balla  oxuyan tələbələrə verilir. Digər tələbələr isə yekun buraxılış imtahanı verirlər. Düşünürəm ki, jurnalistika fakültəsində buraxılış işlərinin əvəzinə yaradıcılıq işləri olsa daha yaxşı olar. Çünki jurnalistika sırf yaradıcılıq tələb edir. Mənim yaxşı xatirimdədir ki, hələ sovetlər birliyi dövründə İncəsənət Universitetinin tələbələrinin buraxılış işlərindən ibarət qısametrajlı filmlər və teatr tamaşaları səhnələşdirilirdi. Məncə, bu praktika bizim fakültədə də tətbiq olunsa tələbələr üçün daha faydalı olar. Bununla bağlı universitetin Elmi Şurasına təkliflə müraciət etməyi planlaşdırmışıq.

Buraxılış işləri, bir qayda olaraq, elmi və ya praktiki əhəmiyyətə malik olmalıdır. Buraxılış işlərinin mövzularına gəldikdə isə düşünürəm ki, onlar məzunların istehsalatla bağlı standart məsələləri elm və texnikanın müasir tələbləri baxımından təhlil edə bilməsinə, bu istiqamətə və ya ixtisasa uyğun magistratura pilləsindəki ixtisaslaşmaya hazır olmağa yönəlməli, eyni zamanda tələbələrin ali məktəbin bakalavr pilləsində qazandıqları nəzəri və təcrübi biliklərin həcm və məzmununa uyğun olmalıdır. Buraxılış işlərinin mövzuları müvafiq kafedra tərəfindən müəyyənləşdirilir və fakültə elmi şurasında təsdiq olunur. Bu zaman tələbəyə də mövzu seçmək hüququ verilir. Lakin həmin mövzu əvvəlcədən müzakirə və təsdiq üçün kafedraya təqdim olunmalıdır.

Bundan başqa, tələbə buraxılış işinə həvəslə və çox ciddi şəkildə hazırlanmalıdır. Buraxılış işlərinin standart olaraq səhifələşdirilməsinin də tərəfdarı deyiləm. Çünki yaradıcılıqda standart deyilən bir şey yoxdur. Məsələn, standartlarda 40, 60 səhifə nəzərdə tutulur. Ancaq ola bilər ki, tələbə 30 səhifəlik bir buraxılış işində mövzunu tam şəkildə əhatə edər. Hamımıza məlumdur ki, əvvəllər buraxılış işləri bəzi tələbələr üçün formal xarakter daşıyırdı. Onlar müxtəlif vasitələrlə, o cümlədən plagiatlıqdan istifadə edərək hazırladıqları buraxılış işləri təqdim edirdilər. Görünür, belə halların qarşısının alınması məqsədilə hazırda buraxılış işləri hər bir tələbəyə verilmir. Mən tələbələrə buraxılış işlərindən səmərəli yararlanmağı və yaradıcılıq işlərinə daha diqqətlə yanaşmağı tövsiyə edirəm.


Dövlət imtahanı - yekun buraxılış attestasiyası mütləq olmalıdır 

Əfqan ABDULLAYEV,

Azərbaycan Dillər Universitetinin dekanı, Senator Fulbrayt mükafatının iki dəfə qalibi, professor 

Bu məsələ bizim hər birimizi düşündürür. Xarici universitetlərdə olan təcrübəmin əsasında deyə bilərəm ki, bu yalnız bizim universitetlərin tələbələrinin daha çox narahatçılığına səbəb olur. Son kurs tələbələrini də düşündürən məhz budur - dövlət imtahanı (əslində bu yekun buraxılış dövlət attestasiyasıdır, tələbələrə və valideynlərə bu termin yeni olduğuna görə biz də dövlət imtahanı terminindən istifadə edirik) olsun, olmasın?

Tez-tez, bu məsələdən xəbərdar olan da, olmayan da xarici təhsil sistemlərini misal gətirərək Bolonya prosesini əldə əsas kimi göstərirlər. Elə isə məsələyə aydınlıq gətirmək üçün bir çox dünya universitetlərində bakalavriat təhsil pilləsində tələbələrin dövlət imtahanının necə keçirilməsini araşdıraq. Birinci başlayaq Boloniya Bəyannaməsinə qoşulmuş ölkələrin təcrübəsindən.

Bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramında bakalavr dərəcəsi almaq üçün 240 kredit müəyyənləşdirilir. Bu 240 kreditin içində dövlət imtahanına da kredit ayrılır. Yəni, hazırlanan mütəxəssisin yekunda aldığı ixtisas üzrə biliklərinin ümumi yoxlanması nəzərdə tutulur. Çünki hər bir universitet hazırladığı kadrın keyfiyyətinə cavabdehlik daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi Təhsil Strategiyasında da nəticəyə çox böyük diqqət yetirilir. Amma bu nəticənin necə yoxlanması universitetin səlahiyyəti daxilində olmalıdır, yəni universitet özü bu imtahan formasını müəyyən etməlidir (istiqamətdən, ixtisasdan asılı olaraq). Dövlət imtahanını bir universitet buraxılış işi kimi təşkil edə bilər, digəri yazılı imtahan kimi, başqa birisi isə 4 illik təhsil dövrünün yazılı hesabatı kimi keçirə bilər (məsələn, Dillər Universitetində təşkil olunduğu kimi). Tələbələr təhsil aldıqları dövrdə keçdikləri fənlərin təsvirini, tələbə-universitet münasibətlərini, tələbəlik həyatının onların həyatında oynadığı rolu və s. cavablandırırlar. Bu hesabatlar Yekun Buraxılış Dövlət Attestasiyasını təşkil edən komissiya tərəfindən qiymətləndirilir və  buna görə tələbəyə 9 kredit verilir.

İndi isə Bolonya Bəyannaməsinə qoşulmuş ölkələrin bəzilərindən nümunələrə nəzər yetirək. Məsələn, Almaniyanın 10 ən böyük universitetindən olan Düisburq-Essen Universitetində bakalavriat təhsili adətən 3 illik proqramla tamamlanır. Tələbələr son 3 ay müddətində bakalavr tədqiqat işi (bizim anlamda kurs və ya bakalavr işi) yazıb tamamlamalıdır. Bu iş tələbənin müstəqil yaradıcılıq işi hesab olunur və qiymətləndirilir. Bremendəki Yakobs Universitetində də bakalavr dərəcəsi 6 semestrə verilir və bütün tələbələr 6-cı semestrdə mütləq bakalavr işini tamamlayıb müdafiə etməlidirlər.

İsveçdəki Lund Universitetində də bakalavr proqramları 3 ili əhatə edir. Həmin müddətdə tələbə 180 kredit toplamalıdır və təhsil bakalavr işinin müdafiəsi ilə qurtarır. Avstraliyanın Kvinsland Universiteti isə 4 illik bakalavr proqramları təklif edir və tələbələr təhsil pilləsini müstəqil yazılı layihə ilə başa vurmalıdırlar.

Nəhayət, gələk ABŞ universitetlərinə. Burada həm mürəkkəb, həm də çox sadə bir təhsil sistemi var. Hətta ABŞ-da təhsil sistemi haqqında belə bir ifadə var: "ABŞ təhsil sistemi onun sistemsizliyindədir". Yəni, ABŞ-da mövcud olan təxminən 4500 universitetin bəlkə də hamısında təhsil pillələri haqqında özlərinin öz tələbləri var. Çünki tələbələrə universitetlər öz diplomlarını verirlər. Ona görə də hər bir universitet özünün verdiyi diplomun sahibinin professionallıq səviyyəsindən ötrü dəridən-qabıqdan çıxır. Məsələn, Konnektikut Universitetində (1881-ci ildən fəaliyyət göstərir, 31000 tələbə, 14 fakültəsi, 1,9 milyardlıq büdcəsi var) bakalavr dərəcəsi almaq üçün tələbə 120 kredit (ABŞ kredit transfer sistemi üzrə) toplamalıdır və bütün fənlər üzrə orta bal 2.0+  (4.0 ballıq sistemlə) olmalıdır. Heç bir bakalavr layihə işi tələb olunmur. İldə 3 dəfə tələbələrin universiteti qurtarmaları haqqında qərarlar çıxarılır, başqa sözlə, tələbə ilin hansı dövründə diplom tələblərini yerinə yetirirsə, onda da diplomunu alır. Bu qayda ilə də universitetlərə tələbə qəbul olunur.

Və nəhayət, təkcə ABŞ-da yox, eləcə də dünya təhsil sisteminin zirvəsi olan Harvardda bu necə təşkil olunur?  Burada tələbə bakalavr dərəcəsi almaq üçün 128 kredit toplamalıdır və orta bal göstəricisi 2.0+ olmalıdır. Harvardda nəinki universitetin özündə, hətta fakültələrdə verilən ixtisaslarda belə tələblər fərqlidir. Məsələn, biomühəndislik ixtisasında oxuyanlardan kimsə fərqlənmə, ya da daha yüksək fərqlənmə diplomuna namizəddirsə onlar diplom-kurs işi yazırlar. Bu başqalarına aid deyil. Diplom işinin də həcmini heç kim müəyyən etmir. İrəli sürülən arqumentləri tamamlayana qədər yaza bilərsən.

Mənim fikrimcə, istər bakalavriat, istərsə də magistratura təhsil pillələri olsun, hər bir təhsil müəssisəsi dərəcənin verilmə prinsipini, qoyulan tələbləri özləri müəyyən etsə, daha yaxşı olar. Dövlət imtahanı - yekun buraxılış attestasiyası isə mütləq olmalıdır. Amma bunu bir şou kimi hər dəfə tələbəyə göstərmək lazım deyil. Onsuz da tələbədə bu gün imtahan sözünə qarşı bir dözülməzlik, bir aqressiya var. İmtahan sessiyası yaxınlaşanda əksər tələbələrin yuxuları belə yoxa çıxır. Məhz bu səbəbdəndir ki, bütün semestr ərzində dərsə həvəslə gələn tələbə imtahana sanki məhkəmə qərarını gözləyən müttəhim kimi gəlir. Bu işdə biz müəllimlərin də günahı az deyil. İmtahan ölçmə, dəyərləndirmə, qiymətləndirmədən daha çox cəzalandırma vasitəsi olmuşdur. Tələbəni inandırmalıyıq ki, imtahan onun üçündür və bu da ona imkan verir ki, öz hazırlığını, bilik-bacarığını dəyərləndirsin.


Diplom işi və attestasiya imtahanı Bolonya prosesində məcburi şərt deyil 

Ədalət İBADOV,

Qafqaz Universiteti Tədrisin Keyfiyyətinə Nəzarət Komissiyasının sədri, dosent  

Ali məktəblərdə bakalavr təhsilini başa vuran tələbələr, bir qayda olaraq, bəzi ixtisas fənlərindən dövlət attestasiyası imtahanında iştirak edirlər və müvəffəq olanlar diplom alma haqqını əldə edirlər.  Bununla bərabər bəzi universitetlərdə dövlət attestasiyası "buraxılış işi" formasında da həyata keçirilir. Bəzi universitetlər bu iki formatı paralel tətbiq etməkdədirlər. Kreditli təhsil və Bolonya prosesi əslində ali məktəb tələbələrinin məzun olmaları üçün müəyyən miqdarda kreditin yığılmasını əsas götürür ki, bu da 180-240 kredit arasında dəyişir. Bu kreditlər ayrı-ayrı semestrlərə bölünərək tədris proqramlarında müəyyən edilir. Bolonya prosesi və kredit sistemi tələbələrin bu kreditləri hansı dərslərdən əldə edəcəkləri ilə bağlı qəti bir qayda qoymur. Yəni tətbiq edilən bu yeni təhsil sistemləri yekunda bir attestasiya və ya diplom işinin olması şərtini gətirmir. Ancaq hər universitet (ölkə) bu sistemi tətbiq edərkən tədris proqramlarında attestasiya imtahanları və ya buraxılış işləri nəzərdə tutmaqda sərbəstdir. Yalnız bir şərtlə ki, tələbəyə bu fəaliyyətləri  üçün tədris proqramlarında kreditlər qabaqcadan müəyyən edilmiş olsun.

Burada bir məqamı təkrar qeyd etməliyəm ki, diplom işi və ya attestasiya imtahanı Bolonya prosesi və kreditli sistemin tələbələrin məzun olmasına qoymuş olduğu məcburi bir şərt deyil. Ancaq ölkəmizdə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş təhsil standartlarında dövlət attestasiyası və ya buraxılış işi nəzərdə tutulmuş və bunun üçün kreditlər ayrılmışdır. "Bu gün ali məktəb tələbələrinin məzun olması və diplom alması üçün belə bir attestasiya keçirilməsinə və ya buraxılış işi yazmalarının şərt qoyulmasına ehtiyac varmı" sualına birmənalı yanaşma düzgün deyil. Əvvəla onu qeyd edim ki, dövlət attestasiya imtahanı bizim ölkəmizdə universitetlər tərəfindən qabaqcadan müəyyən edilmiş başlıca ixtisas fənlərindən keçirilir. Beynəlxalq təcrübədə belə tətbiqə az rast gəlinir. Ancaq onu da qeyd etmək lazımdır ki, ABŞ və Avropa məkanında universitetlərin vermiş olduqları tədris ayrı-ayrı müstəqil qurumlar tərəfindən attestasiyadan keçirilir. Bu zaman daha çox üstünlük tələbələrin bizdə olduğu kimi test imtahanları vasitəsi ilə yoxlanılmasına deyil, o universitetin mövcud proqramından məzun olanların iş dünyasında yerinə, iş həyatında əldə elədikləri nailiyyətlərə, əmək bazarında bu məzunlara olan tələbata və elm sahələrindəki uğurlarına görə verilir. Təbii ki, belə bir attestasiyanı həyata keçirmək üçün bu gün ölkəmizdə işəgötürənlərlə universitetlər arasındakı münasibətlərin fərqli formatda yenidən qurulmasına ehtiyac var.

Məzun olacaq tələbələrin (hazırda universitetlərimizin bir çoxunda tətbiq olunduğu kimi) buraxılış işi yazmaları məsələsinə gəldikdə, deyə bilərəm ki, burada sahələrə görə fərqli yanaşmalara üstünlük verilməlidir. Bir universitetdə kütləvi bir formada bütün tələbələrə diplom işi tətbiq edilməsini və bunun hər il təkrarlanmasını nəzərə alsaq burada ali məktəblər mövzu müəyyənləşdirmə, elmi rəhbər təyini, yazılan diplom işinin keyfiyyəti və s. məqamlar baxımından problemlərlə üzləşəcəkdir. Beynəlxalq təcrübəyə baxanda da fərqli yanaşmaların olduğunu görürük. Belə ki, Türkiyə universitetlərində mühəndislik sahələrində tələbələrdən buraxılış işi tələb edilir və bu işlər də bir qayda olaraq praktiki layihələrdən ibarət olur. Yenə Türkiyə ali məktəblərində pedaqoji kadrların hazırlandığı fakültələrdə diplom işi tətbiq edilir. İqtisadiyyat, idarəetmə, mühasibat, maliyyə və s. kimi bir çox sahədə tələbələr hər hansı bir buraxılış işi və attestasiya imtahanına girmədən, sadəcə lazımi kreditləri toplayaraq məzun olurlar. Türkiyədəki bu təcrübə Avropa məkanındakı təcrübəyə daha yaxındır. ABŞ və İngiltərə kimi ölkələrin təcrübəsində isə daha fərqli yanaşma mövcuddur. Belə ki, bu ölkələrdəki universitetlərdə tədris proqramlarında fərqli ixtisas dərsləri ilə əlaqəli ayrıca tədqiqat dərsləri də nəzərdə tutulur. Tələbələr hansı dərslə bağlı tədqiqat aparmaq istəyirsə, o dərsi və müəllimi seçir. Burada bu tədqiqat dərsi nəticəsinin necə qiymətləndiriləcəyini tədqiqata rəhbərlik edən müəllim təyin edir. Yəni nəticədə burada diplom işi də ortaya qoyula və ya bir imtahan keçirilə bilər. Əhəmiyyətli olan burada tələbənin məzun olması üçün belə bir dərs seçmiş olması və bu dərsdən müvəffəqiyyət əldə etməsidir. Şübhəsiz, bu cür tədqiqat dərslərində iştirak etməsi, buraxılış işləri və layihələr hazırlaması tələbələrin araşdıraraq öyrənmə qabiliyyətlərinin inkişafına kömək edir. Ölkəmizdə tətbiq edilən buraxılış işi yazma məsələsinə gəldikdə isə onu deməliyəm ki, əgər universitetlər bu cür bir attestasiya metodu seçirsə, ilk növbədə, həmin universitetdə tədris proqramlarına tədqiqat metodları ilə bağlı dərslər daxil edilməlidir. Bu dərslərdə tələbələrə tədqiqat metodlarını, İnternet mənbələrini əldə etmə imkanları və mənbələrdən istifadə qaydaları öyrədilməlidir. Hesab edirəm ki, ancaq bu kimi qabiliyyətlərə yiyələnmiş bir tələbədən keyfiyyətli buraxılış işi gözləmək olar. Burada bir məqamı da vurğulamaq istəyirəm; fikrimcə, tələbəyə buraxılış işi yazması tələbi qoyularkən, burada  tələbə görə yanaşma da olmalıdır. Yəni, tələbə əgər araşdırma etməkdə maraqlıdırsa, təhsilini magistr və doktorantura səviyyələrində davam etdirməyi hədəfləyirsə, yaxud orta qiyməti müəyyən bir səviyyənin üstündədirsə, belə tələbələri buraxılış işi yazmaları barəsində istiqamətləndirmək daha doğru olardı.


Hər bir ali təhsil müəssisəsi öz profilinə uyğun addım atmalıdır 

Rafiq SADIQOV,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə  prorektoru, professor  

Düşünürəm ki, bu məsələyə bir çox yanaşma tərzi mövcuddur. Hər bir ali təhsil müəssisəsi öz profilinə uyğun olaraq addım atmalıdır. Məsələn, bizim universitetdə buraxılış işləri mövcuddur və aşağıdakı istiqamətdə həyata keçirilir. Qabiliyyət tələb edən ixtisaslarda: -"Aktyor sənəti" üzrə  tamaşa, "Rejissor sənəti" üzrə  tamaşa, film, ədəbi-bədii kompozisiya, "Musiqi " ixtisasları üzrə musiqi proqramları, "Xoreoqrafiya sənəti" üzrə  xalq rəqsləri, balet  tamaşaları, "Rəssamlıq sənəti" üzrə isə  rəssamlıq ixtisaslaşmalarının  tələblərinə uyğun olaraq  rəsm əsərləri, portret, qrafik əsərlər, xalça, moda  nümunələri, teatr və kino dekor tərtibatı nümunələri, qrim sənətinə dair nümunələr və s. nümayiş etdirilir. Qabiliyyət tələb edən ixtisaslarda buraxılış işləri,  tamaşa, film nümayişi, ifaçılıq sənəti, bədii proqram, sərgi və s. formalar üzrə  dövlət imtahan komissiyası tərəfindən imtahanlar qəbul edilir. Bu imtahanları fərqləndirən  xüsusi cəhətlərdən biri də odur  ki,  bəzi buraxılış işləri tələbə əməkdaşlığı formasında işlənilir. Hər hansı bir buraxılış işinin hazırlanmasında  tamaşa aktyorluq kursu tərəfindən hazırlanarkən  ora rəssam  tələbə, musiqi tərtibatçısı tələbə, bədii tərtibatçı tələbə,  tamaşanın rəyi üçün teatrşünas tələbə cəlb olunur.  Yaxud   buraxılış filmi çəkilərkən  filmin ssenarisi  ssenarist ixtisası üzrə tələbə, rejissoru - rejissor ixtisası üzrə tələbə, aktyoru- aktyor ixtisası üzrə tələbə,  operator - kinooperator üzrə tələbə, musiqi və bədii tərtibatçı tələbələrdən ibarət olur.  Bu zaman kinoşünas tələbənin də rəyi  nəzərə alınır. Beləliklə, bəzi buraxılış işləri  tələbələrin birgə yaradıcılıq zəhməti nəticəsində  hasil  olunur.

Universitetin nəzəri ixtisaslarında isə  "Kinoşünas, teatrşünas, ədəbi  iş və ekran dramaturgiyası" ixtisaslarında  50 səhifə həcmində  diplom mövzusu işlənilir. Hər bir müvafiq kafedrada   5-10 illik  mövzu bankı vardır.  Bu mövzular  kafedranın professor-müəllim heyəti tərəfindən tərtib və müzakirə olunur. Mövzular tələbələrə paylanmamışdan qabaq fakültə və böyük elmi şuralarda  müzakirə və təsdiq edilir, sonra tələbələrə paylanılaraq elmi rəhbərlər təyin olunur. Mövzular   sənətin bu və digər məsələlərinə dair müasir, tarixi, aktual və elmi xarakter daşıyır.  Mövzuların  tərtibi zamanı  tələbələrin təklif etdiyi mövzular da  müzakirə edilərək nəzərə alınır. Tələbələrin buraxılış işlərinin çəkilməsi üçün  universitetin daxilində  televiziya və kino,  montaj və  səsyazma studiyalarında, tədris teatrında, səhnələşdirilmiş auditoriyalarda  şərait yaradılır. Lazım olan tərzdə  çəkiliş üçün tələb olunan  məkan və təşkilatlara müraciətlər edilir, dövlət teatrlarının səhnələrində, sərgi salonlarında, telekanallarda  bədii səviyyəsi yüksək olan  buraxılış işləri nümayiş etdirilir.  Buraxılış işlərinə  dövlət imtahan komissiyası ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinin, yaradıcı təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. 

Hazırladı: Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov