M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin (MDU) Bakı
filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi"
mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər
verir ki, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev,
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, MDU-nun
Bakı filialının rektoru, filologiya elmləri doktoru,
professor Nərgiz Paşayeva, Azərbaycan Tarix Muzeyinin
direktoru, akademik Nailə Vəlixanlı, Nizami adına
Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir
üzvü Teymur Kərimli, AMEA Şərqşünaslıq İnstitutunun
direktoru, filologiya elmləri doktoru, professor Gövhər
Baxşəliyeva, Bakı Dövlət Universitetinin ümumi dilçilik
kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov
və digər tanınmış alim-filoloqlar, tarixçilər,
şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri
iştirak etmişlər.
"Dəyirmi masa"da çıxış edən Nərgiz Paşayeva oktyabrın
28-də Oksford Universitetinin Şərqşünaslıq
Departamentinin dəvəti ilə həmin universitetə getdiyini
bildirərək demişdir: "Bir ay əvvəl - sentyabr ayında
Oksford Universitetindən 2 professor, şərqşünas alim ali
təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq məqsədi
ilə Moskva Dövlət Universitetinin Bakı filialına
gəlmişdi".
Rektorun sözlərinə görə, iki saat davam edən görüş
zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan
ədəbiyyatı, tarixi, dili haqqında heç bir fənn yoxdur.
Bununla belə, universitetdə gürcü və erməni dilləri
tədris olunur.
N.Paşayeva qeyd etmişdir ki, müzakirələrdən sonra bəlli
oldu ki, XIX əsrdə erməni dili keçirilirdi, lakin
1965-ci ildən sonra müntəzəm olaraq bakalavr və magistr
proqramları səviyyəsində erməni ədəbiyyatı, dili və
tarixi öyrənilir: "Bu fənləri o vaxt keçmiş Sovet
İttifaqından gələn müəllimlər tədris ediblər. Ancaq
hazırda Oksford Universitetində işləyən avropalı alimlər
bu proqramı tədris edirlər".
MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə
müzakirələr zamanı təklif edib ki, Oksford
Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu
Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi
kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan
istifadə edə bilsinlər.
Rektor demişdir ki, Oksford Universitetinin
nümayəndələri bu təklifi qəbul etmişlər. N.Paşayeva
Mərkəzin adının Nizami Gəncəvi olmasını təklif etmişdir.
Britaniyalı alimlər Oksford Universitetində Nizami
Gəncəvinin fars şairi kimi tədris edildiyini
vurğulamışlar.
Professor Nərgiz Paşayeva demişdir: "Mən isə onlara
Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət
gördüyümü bildirdim. Mən Nizaminin simasında millətləri
ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima
görmürəm. Nizaminin simasında fərqli fikirləri və
yanaşmaları bir araya gətirən bir sima görürəm. Əgər siz
razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin
şərəfinə adlandıracaq və işimizi bu prinsiplə, bu
siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif
etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki,
əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir
mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş
edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına
olsun".
Rektor əsas məqsədin Oksford Universiteti kimi tanınmış
elmi ocaqda Azərbaycan tarixini, dilini, ədəbiyyatını
təbliğ edən Mərkəzin yaradılması olduğunu qonaqların
diqqətinə çatdıraraq demişdir: "Yəni əsas məqsəd Nizami
Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil.
Onsuz da Nizaminin əsərləri, fəlsəfəsi, kəlamları,
həyatı buna sübutdur".
Onun sözlərinə görə, belə bir Mərkəzin yaradılmasında
əsas məqsəd Sovet dövründə beynəlxalq aləmdə özünü sübut
etməyən Azərbaycanın elm və ictimai xadimlərini
tanıtmaqdır: "Bunun da obyektiv səbəbləri o idi ki,
Sovet dönəmində heç bir ictimai elm sistemi senzuradan
azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə,
tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər
həmişə təzyiq altında idi".
N.Paşayeva qeyd etmişdir ki, Azərbaycan alimlərinin,
şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var:
"Bu əsərlər Oksford Universitetində tədris edilən
kitablardan - almanların, ingilislərin, fransızların
yazdıqları kitablardan da elmi dərəcəsinə və elmi
nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı məlum oldu
ki, universitet əməkdaşlarının bu barədə məlumatı
yoxdur. Ona görə də bizim borcumuzdur ki, bunları bir
daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford
Universitetinin alimlərinə tanıdaq. Onlar bundan sonra
irəli sürülən təşəbbüsün gözəl olduğunu bildirdilər".
Professor Nərgiz Paşayeva demişdir ki, Azərbaycanın elm
adamlarının ingilis, fransız, alman dillərində çap
olunan və elmi aləmə məlum olan kitabları yox
dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə
ki, bu elmi problemlərin həllinə aramla, sistemli
şəkildə başlanılacaqdır.
Artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması
haqqında memorandum imzalanmış və hazırda bu istiqamətdə
iş davam etdirilir: "Mənim yəqin ki, bir-iki aydan sonra
ora səfərim olacaq və səfər zamanı lazım olan sənədlər
hazırlanacaq, toplanacaq, həmin sənədlər əsasında iş
gedəcəkdir. Amma son məqam odur ki, bu Elmi Mərkəz
fəaliyyətə başlasın".
N.Paşayeva bildirmişdir ki, Nizamişünaslıq hazırda
həllini gözləyən bir elm sahəsidir: "Mən çox istərdim
ki, bizim həyatdan köçən çox gözəl alimlərimizin
xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim
vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin
aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl
kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı "Böyük
Azərbaycan şairi Nizami"dir. Nizami Gəncəvi haqqında
kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur.
Heç bir kitab ingilis və ya fransız dillərinə tərcümə
olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi
unudaq".
Baş nazirin müavini Elçin Əfəndiyevin fikrincə, Oksford
Universitetində belə bir Mərkəzin yaradılması müstəqil
Azərbaycan üçün əlamətdar hadisədir: "Belə qədim və
tanınmış universitetdə Elmi Mərkəzin açılması dünya
ictimaiyyətini Azərbaycanın zəngin tarixi və ədəbiyyatı
haqqında məlumatlandırmaq baxımından əla imkan
yaradacaqdır".
E.Əfəndiyev demişdir ki, Mərkəzin dahi Nizaminin
şərəfinə adlandırılması isə bizim üçün xüsusi əhəmiyyət
kəsb edir: "Nərgiz xanımın hansı çətinliklərlə Mərkəzə
Nizaminin adının verilməsinə nail olması, Nizaminin
Azərbaycan şairi olmasını elmi baxımdan sübut etməsi
mənə məlumdur". O, professor N.Paşayevanın fəaliyyətini
yüksək qiymətləndirmiş və bütün elmi ictimaiyyəti bu
istiqamətdə səy göstərməyə çağırmışdır.
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının
müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
müxbir üzvü Tofiq Hacıyev bildirmişdir ki, Oksford
Universitetinin nəzdindəki Elmi Mərkəzə Nizami
Gəncəvinin adının verilməsi Oksfordun Nizamini
Azərbaycan şairi kimi tanımasına dəlalət edir: "Hesab
edirəm ki, Azərbaycanın qabaqcıl alimləri bu tribunadan
istifadə edərək və bütün dünyada zəngin Azərbaycan
ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı
haqqında sanballı elmi işlər yazmalıdırlar".
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Mərkəzin
yaradılmasını dünyada Azərbaycanın və Azərbaycan
ədəbiyyatının tanıdılması baxımından yüksək
qiymətləndirmişdir. O, həmçinin bütün alimləri Mərkəzin
daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməyə
çağırmışdır.
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, tarix
elmləri doktoru Solmaz Rüstəmova-Tohidi qeyd etmişdir
ki, Mərkəzlə işləmək üçün peşəkar kadrları cəlb etmək,
Azərbaycan alimlərinin işlərinin ingilis dilində dərc
edilməsi üçün zəruri şərait yaratmaq lazımdır.
Qeyd edək ki, Oksford Universiteti nəzdində Nizami
Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi
məqsədi Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun
tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük
Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.
Müasir Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində
bir çox qədim sivilizasiya və mədəniyyətlərin, o
cümlədən, hetlərin, əhəmənilərin, selevkilərin,
sasanilərin, habelə xristianlığın, yəhudiliyin və
islamın kəsişdiyi yer olmuşdur. Mərkəzin məqsədi bu
mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından
öyrənilməsinin təşviq edilməsidir. Bu məqsədlə Mərkəz
Oksford Universiteti nəzdində müxtəlif təqaüd
proqramları, ictimai tədbirlər, elmi-praktik
konfranslar, "dəyirmi masa"lar, akademik mübadilə,
tədqiqatların aparılması, o cümlədən müxtəlif tədris və
mədəni layihələr həyata keçirməyi nəzərdə tutur.
Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi
tədqiqatçılara, jurnalistlərə, mədəniyyət və incəsənət
xadimlərinə və digər sosial qruplara Azərbaycanla bağlı
Oksford Universitetində tədqiqatların aparılması üçün
birdəfəlik kiçik qrantların ayrılması nəzərdə tutulur.
Mərkəzin mütəmadi həyata keçirəcəyi funksiyalardan biri
də Azərbaycan və onunla əlaqədar elmi məlumatların
toplanaraq kitabxana fondu və resurslarının
formalaşdırılmasıdır.
Həmçinin Mərkəz Oksford Universitetində keçiriləcək
tədbirlərin, tədqiqatların və Azərbaycanla bağlı digər
fəaliyyət növlərinin təqvimini tərtib edəcəkdir. Mərkəz
Böyük Britaniya və Azərbaycan, habelə dünya üzrə elmi
ictimaiyyəti yeni resurslar, tapıntılar və yeni
imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə
ətraflı məlumatlandıracaqdır. |