Noyabrın 22-də Türkiyənin Eskişehir şəhərində Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin (Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Türkiyə) təhsil nazirlərinin
ikinci görüşü keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin
müavini Ceyhun Bayramov iştirak etmişdir.
Türk Şurasının Baş Katibi Xəlil Akıncının sədrliyi ilə
keçirilmiş görüşdə, həmçinin Türkiyə Respublikasının
milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və
elm naziri Kanat Sadıkov, Qazaxıstanın Təhsil və Elm
Nazirliyinin Elm Komitəsinin sədri Nurlan Ibırayım,
Türkiyənın Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya
iştirak etmişlər.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun
Bayramov çıxışında Azərbaycanda təhsilin inkişafı ilə
bağlı həyata keçirilən islahatlar və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
təsdiqlədiyi "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyəti barədə
məlumat vermişdir. Nazir müavini ortaq tarix, dil,
mədəni və dini irsin mövcudluğunun Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası üzv ölkələrinin qarşılıqlı maraq
doğuran məsələlər və xüsusilə təhsil sahəsində
əməkdaşlığına geniş imkanlar yaratdığını bildirmişdir.
C.Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
Türk Akademiyası və Türk Universitetlərarası İttifaqının
yaradılmasının əhəmiyyətinə toxunmuş, əlifba və
terminologiya sahəsində əməkdaşlığın, təhsil
sistemlərimizin Bolonya prosesi çərçivəsində
uyğunlaşdırılmasının ölkələrimizin və xalqlarımızın
bir-birinə daha da yaxınlaşdırılmasında mühüm rol
oynayacağını qeyd etmişdir.
Görüş iştirakçıları Azərbaycan Respublikası
Prezidentinin sədrliyi ilə 16 avqust 2013-cü il
tarixində Qəbələ şəhərində keçirilmiş Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə
Toplantısının Bəyannaməsini rəhbər tutaraq, üzv
ölkələrin milli qanunvericiliyinə uyğun icra olunması
şərti ilə "Türk Universitetlərarası İttifaqının və Ali
Təhsil Məkanının yaradılması üzrə Direktiv"in təsdiq
edilməsi, müştərək hazırlanacaq ortaq tarix kitablarının
orta məktəblərdə tədrisi, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü
görüşünün Azərbaycanda keçirilməsi barədə qərara
gəlmişlər. |