Noyabrın
22-də Azərbaycan Respublikası Təhsil Şurasının hesabat
yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçılarını salamlayan Azərbaycan
Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev hesabat
məruzəsi ilə çıxış etmişdir. Təhsil Şurasının
Azərbaycanda təhsilin inkişafı ilə bağlı Təhsil
Nazirliyi ilə səmərəli əməkdaşlığa hazır olduğunu
vurğulayan Ə.Ağayev "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın təhsilin yeni
keyfiyyət mərhələsinə yüksəlişinə zəmin yaratdığını
nəzərə çatdırmışdır.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov tədbir iştirakçılarını salamlamış və hesabat
yığıncağının işinə uğurlar arzulamışdır. Nazir son
illərdə dövlət başçısı tərəfindən təhsilin inkişafı
istiqamətində çoxsaylı uğurlara imza atıldığını
bildirmişdir.
Nazir qeyd etmişdir ki, təhsil sistemi müstəqil
Azərbaycanın milli dəyərlərini mənimsəmiş Azərbaycan
vətəndaşı formalaşdırmalı, qloballaşan və müasir dünyada
rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə
malik olan bir insan yetişdirməlidir. Ölkəmizin təhsil
sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin
dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə
çatdırılması isə əsas məqsədlərdən biridir. Qeyd olunan
məqsədlərə nail olmaq üçün təhsil sistemində şəffaflığın
təmin edilməsi, yeni yanaşmaların tətbiqi, müasir
idarəetmə modelinə keçilməsi, kadr potensialının səriştə
və kompetensiya baxımından gücləndirilməsi və bu kimi
digər məsələlərə xüsusi diqqət yetirilməlidir.
Təhsil
naziri xaricdə təhsil üzrə Dövlət Proqramının unikal
layihə olduğunu vurğulayaraq, yeni çağırışların
Azərbaycanın gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu
tələblərin qiymətləndirilməsi baxımından əsası ötən
əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş bu ənənənin davam etdirilməsinin
vacibliyinə diqqət çəkmişdir.
Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın təhsilin XXI əsrin
çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva
etdiyini və təhsilin bütün pillələrində keyfiyyətcə yeni
mərhələyə başlamağı - "qara qızılı insan qızılına
çevirək" fəlsəfəsini əsas vəzifə kimi qarşıya qoyduğunu
söyləmişdir. O qeyd etmişdir ki, Dövlət Strategiyası
bizə təhsil sahəsində indiyədək mövcud olan vəziyyəti
qiymətləndirməyə və qarşımızda duran yeni hədəfləri
müəyyənləşdirməyə imkan verəcəkdir. Bu sənəd cəmiyyətin
bütün spektrini və fəaliyyət sahəsini - təhsilverəndən
təhsilalanadək, valideyndən təhsili idarə edənədək,
infrastrukturdan maliyyə mexanizminədək - əhatə edir.
Təhsil naziri Azərbaycan təhsilinin yeni keyfiyyət
mərhələsinə keçidi istiqamətində genişmiqyaslı
tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu
vurğulamışdır. Strategiyada nəzərdə tutulan digər
məsələlərə toxunan təhsil naziri təhsilverənlərin
peşəkar bilik, bacarıq və vərdişlərinin
təkmilləşdirilməsi, təhsilin məzmunu, orta təhsil
pilləsinin qarşısında duran yeni tələblər, ali təhsil
pilləsinin keyfiyyətcə yeni yanaşmalara uyğun inkişaf
prioritetləri haqqında öz fikirlərini bildirmişdir.
Nazir qeyd etmişdir ki, Dövlət Strategiyasında təhsilin
keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə
sisteminin təkmilləşdirilməsi, insan resurslarının
inkişaf etdirilməsi, müəllimin karyera inkişafı və
fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü
Azərbaycan vətəndaşının yetişdirilməsi əsas
hədəflərdəndir.
Təhsil naziri bildirmişdir ki, Azərbaycanda ümumi
təhsildə dərs ili 32 həftədən ibarətdir. Orta Avropa
göstəricisində isə bu, 38 həftədən ibarətdir. Akademik
il ərzində 6 həftə fərqin nə demək olduğunu deməyə
ehtiyac yoxdur. Əgər ölkədə akademik ilin 32 həftədən
ibarət olduğunu nəzərə alsaq, o zaman nəticələri də
qəbul etməliyik. Çünki biz şagirdə biliyi 32 həftə
ərzində veririk.
Nazir qeyd etmişdir ki, Azərbaycan məktəb sistemində
çalışan 170 minə yaxın müəllimin təxminən 4 faizi 1-5
saat dərs yükünə malikdir: "Bu kimi məsələlər və
məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı
tez bir zamanda həyata keçirə bilək".
Ümumtəhsil məktəblərinin işinin müasir tələblər
səviyyəsinə qaldırılması, müəllim peşəsinin nüfuzunun
yüksəldilməsi, müəllimlərin əməkhaqqı, rəqabət mühiti
yaradan stimullaşdırma, dərsliklərin hazırlanması
prosesində ali məktəb müəllimlərinin potensialından
istifadə haqqında fikirlərini bildirən təhsil naziri,
həmçinin dərsliklərin qiymətləndirilməsində QHT-lərin
rolu, valideynlərin məktəb idarəçiliyində iştirakı,
uşaqların fiziki və bədii-estetik cəhətdən inkişafı, ali
təhsil müəssisələrində ixtisaslı kadrların əmək
bazarının tələblərinə uyğun hazırlanması, təhsil
müəssisələrinin reytinq sisteminin yaradılması və digər
məsələlərə toxunmuşdur.
Nazir qeyd edib ki, şəxsiyyətyönümlü təhsil yalnız
dərsliyin dəyişdirilməsi ilə kifayətlənmir. Bu,
təhsilverənlə təhsilalan arasında ünsiyyətin təbiətinin
də dəyişilməsini zərurətə çevirir: "İllərlə, on illərlə
vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və
yeni məzmunundan necə istifadə edilməsi əsasdır. Təhsil
sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə,
orta ixtisas təhsilində yeni məzmunun, məqsədlərin nədən
ibarət olduğunu çatdıra bilirikmi və bu, gündəlik
fəaliyyətdə hansı məsələlərin həllini tələb edir?".
Dövlət Strategiyasının icrası istiqamətində Təhsil
Nazirliyi və Respublika Təhsil Şurası arasında faydalı
əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyini qeyd
edən nazir strategiyada nəzərdə tutulan hədəflərə nail
olunması üçün mövcud problemlərin həlli yollarının birgə
araşdırılmasının və bu işdə pedaqoqların yeni
təşəbbüslərlə çıxış etməsinin, təhlillərin
aparılmasının əhəmiyyətini nəzərə çatdırmışdır.
Təhsil naziri onu da bildirmişdir ki, ölkəmizdə təhsilin
inkişafı bizdən, bizim fəaliyyətimizdən,
məsuliyyətimizdən, bu gün üzərimizə düşən vəzifələri
necə yerinə yetirəcəyimizdən birbaşa asılıdır. |