Mikayıl
CABBAROV: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası
islahatların uğurla davam etdirilməsinə əsaslı zəmin
yaradır"
Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun
təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq
rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bu
baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi
ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü
həllini nəzərdə tutan "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul
olunması mühüm əhəmiyyət kəsb edir.
Dövlət Strategiyasının əsas hədəfləri sırasında
Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir
şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının
yaradılması, təhsil sisteminin institusional
əsaslarının, infrastrukturunun və insan resurslarının
inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilmişdir.
Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək
bazarında layiqli yer tutmağa və ömür boyu təhsil
prosesinə qoşulmağa imkan verən strateji və konseptual
məqamlardır.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
CABBAROV söhbətində Dövlət Strategiyasında əksini tapmış
müddəaların reallaşdırılması, təhsil sahəsində
gözlənilən dəyişikliklər və digər məsələlərə aydınlıq
gətirdi.
Təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini
müəyyən edir
- Cənab nazir, ölkə Prezidenti cənab İlham Əliyev
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın təsdiq olunması ilə bağlı
sərəncam imzalamışdır. Bu sənədin qarşıya qoyduğu əsas
məqsəd nədən ibarətdir?
- Strategiyanın konkret məqsədlərini qeyd etməzdən əvvəl
istərdim ki, qısa şəkildə onu zəruri edən səbəblərə
toxunam. Yaxın perspektivdə Azərbaycanda təhsilin
inkişafını hədəfə alan Dövlət Strategiyasında da əks
olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu möhkəm bünövrə və onun layiqli davamçısı
möhtərəm Prezident İlham Əliyevin apardığı genişmiqyaslı
sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz hazırda
özünün yüksək inkişaf dövrünü yaşayır. Aparılan
məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf
səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün
etibarlı zəmin yaradıb. Azərbaycan artıq yeni dövrə -
modernləşdirmə dövrünə qədəm qoyub. Bu dövrün hədəfləri
sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi
inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat
səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir.
Xalqımızın müstəqil yaşamaq kimi tarixi haqqının
gerçəkləşməsi gələcək inkişaf perspektivlərinin aydın
şəkildə müəyyənləşdirilməsinə imkan verir. Güclü və
dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir
dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin
gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzərinə düşür
və onun daşıdığı missiya ilə bağlıdır.
Müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər
və nəhayət, bəşəriyyət bir şeyi aydın dərk edib ki,
təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini
müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də
belədir, gələcəkdə də belə olacaqdır.
Dünyada və onun bir parçası olan Azərbaycanda
müasirləşmənin yolu yeni təhsil fəlsəfəsinin, elmi
nailiyyətlərin və innovasiyaların məhsulu olan qabaqcıl
texnologiyaların, idarəetmə üsullarının tətbiqindən
keçir. Bunun üçün əsas prioritet istiqamətlər ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını
sürətləndirməkdən, insan kapitalının inkişafını, hər bir
ölkə vətəndaşının müasir bilik və bacarıqlara
yiyələnməsini təmin etməkdən ibarətdir. Bütün bunlara
isə məhz təhsilin inkişafı sayəsində nail olmaq
mümkündür.
Eyni zamanda, sürətlə modernləşən Azərbaycanda təhsilin
insan kapitalının inkişafı çağırışlarına cavab verməsi
üçün yeni, daha təsirli addımların atılmasına ehtiyac
vardır. Bu ehtiyacın ödənilməsi tələbindən irəli gələn
Dövlət Strategiyasının əsas məqsədi ölkədə səriştəli
təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan
infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada
öncül mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Bir
daha qeyd etmək istərdim ki, təhsil sistemimiz iqtisadi
cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartlarına uyğun səviyyəyə
qaldırılmalıdır. Bunun üçün isə bizə yol göstərən,
fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən konseptual
sənədimiz var - Dövlət Strategiyası.
İnanmaq istərdim ki, strategiyanın reallaşdırılması bu
məqsədə nail olmağa, təhsilin məzmununun, kadr
hazırlığının, təhsildə idarəetmənin, infrastrukturun
Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun
yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə
əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin
təşəkkülünü, davamlı inkişafı təmin edəcəkdir. Bu,
inkişafın Azərbaycan modelinin qurulmasında təhsildən
gözlədiyimiz töhfələr olacaqdır.
- Bəs, Dövlət Strategiyasının həyata keçirilməsi ilə
bağlı perspektivdə hansı işlərin görülməsi nəzərdə
tutulur?
- İlk növbədə Dövlət Strategiyasının həyata keçirilməsi
üzrə fəaliyyət planının layihəsi beş ay müddətində
hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilməlidir. Fəaliyyət planı Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq olunduqdan
sonra nəzərdə tutulan işlərin görülməsinə
başlanılacaqdır. Artıq Təhsil Nazirliyində müvafiq
sahələri əhatə edən fəaliyyət planının hazırlanması
məqsədilə işçi qrup yaradılmışdır.
Onu da qeyd edək ki, strategiyanın həyata keçirilməsi
üzrə fəaliyyət planı yerli mütəxəssislərlə yanaşı,
beynəlxalq ekspertlər də cəlb olunmaqla hazırlanacaqdır.
Təbii ki, fəaliyyət planında islahatların məqsədi və
strateji istiqamətləri, seçilmiş prioritetlər, onların
reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramları,
icraya məsul və tərəfdaş qurumlar, aralıq və yekun
hədəflər, həmçinin, icra dövrü dəqiq şəkildə müəyyən
ediləcəkdir.
Təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün təhsili idarəetmə
sistemi yenidən qurulmalıdır
- Strategiya ilə tanış olduqda xeyli yeni hədəf və
gələcək fəaliyyət istiqamətlərinin əks olunduğunu
görürük. Ümumiyyətlə, əsas hansı istiqamətlər üzrə
islahatların aparılması nəzərdə tutulmuşdur?
- Bu sualla bağlı bir rəvayəti xatırladım. Məşhur
rəvayətdə daş ustalarının birindən soruşanda ki, sən nə
ilə məşğulsan? O cavabında araba ilə daş daşıdığını qeyd
edir. İkinci ustadan soruşanda ki, bəs, sən nə ilə
məşğulsan? O, "Şartr qəsrini tikirəm", - deyərək öz
işini son məqsədə bağlamışdır.
İlk növbədə onu qeyd etmək istərdim ki, XXI əsrdə
təhsilli insan anlayışı kifayət qədər yeni meyarlarla
ölçülür. Bu gün təhsilli şəxs yeni əsrin ab-havasına
daha yaxından bələd olmalı, düşüncə tərzi ilə yeni bilik
və kommunikasiya texnologiyalarını əxz etməli, ömürboyu
öyrənməli və ya informasiyanı biliyə, biliyi isə
bacarığa çevirə bilməlidir. Bu yanaşma həm də müasir
təhsil paradiqmalarını özündə ehtiva edir. Bunun üçün nə
etməli? İlk növbədə təhsildə innovativ idarəetmənin
bərqərar olmasına nail olmalı, hər bir təhsilalana
hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə
təhsil sisteminin institusional əsasları, infrastrukturu
və insan resursları inkişaf etdirilməlidir. Təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün isə bir daha qeyd
edirəm ki, təhsili idarəetmə sisteminin yenidən
qurulması, bu sahədə insan resurslarının inkişaf
etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması
vacibdir.
Dövlət Strategiyasında qeyd olunan əsas parametrlər
ölkədə keyfiyyət nəticələrinə və əhatəliliyinə görə
beynəlxalq aləmdə öncül mövqe tutan, səriştəli müəllim
və təhsil menecerlərini, müasir texnologiyaya əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılması üçün
beş strateji istiqamətdə islahatyönümlü tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur. Bunları strategiyada
göstərildiyi kimi sadalasaq, belə təsnif edə bilərik:
təhsilin məzmunu, müəllim və tədris metodları,
idarəetmə, infrastruktur və maliyyələşmə.
Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun
yaradılmasını nəzərdə tutan birinci istiqamət müasir
təhsilşünaslığın ən çox müraciət etdiyi məsələdir.
Strategiyada təhsilin məzmunu ilə bağlı məqam təhsil
sisteminin bütün pillələrini - məktəbəqədər, ümumi, ilk
peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə
kurikulumların inkişaf etdirilməsi kimi vacib hədəfləri
əhatə edir.
Bildiyiniz kimi, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən ümumi təhsilin dövlət
standartları və proqramları təsdiq edilmişdir və hazırda
tətbiq olunmaqdadır. Ümumi təhsil üzrə yeni hazırlanmış
fənn kurikulumları I-VI siniflərdə tətbiq edilir. Digər
siniflər üzrə də təhsilin məzmunu ilə bağlı start
götürən proseslər də davam etdiriləcəkdir. Burada
xüsusilə qeyd olunmalıdır ki, məktəbəqədər təhsil
pilləsi üzrə kurikulumun işlənib hazırlanması çox vacib
amildir və bu, strategiyada diqqət yetirilən
məsələlərdəndir.
Mövcud ilk peşə-ixtisas və orta ixtisas təhsili
kurikulumları da hazırda dövrün tələblərinə cavab
vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq
edilsə də, bütövlükdə ali təhsil müəssisələrinin
kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun
gəlmir. Odur ki, strategiyanın birinci strateji
istiqaməti üzrə, əsasən kurikulumların daha da inkişaf
etdirilməsi nəzərdə tutulur və bu prosesin davamlı
xarakter alması qeyd olunur.
İkinci istiqamət təhsil sahəsində çalışanların bilik,
bacarıq və kompetensiyalarının daim inkişaf
etdirilməsini nəzərdə tutur. Bu istiqamət müasir,
innovativ təlim forma və üsullarını öz işində tətbiq
edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail
olan səriştəli müəllimlərin hazırlanmasına xidmət edir.
İndiyədək səriştəyə əsaslanmayan, əmək bazarında kifayət
qədər rəqabətli olmayan əməkhaqqı sisteminin mövcud
olması təhsildə müəllim amilinin inkişafına mənfi təsir
göstərib. Ona görə də təhsil sisteminin bütün
pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq
qabiliyyətlərinin müasir dövrün tələblərinə uyğun
yüksəldilməsi təmin edilməlidir. Təsadüfi deyil ki,
ikinci strateji istiqamət özündə həm də müəllimlərin
peşəkarlığının yüksəldilməsi, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemin
qurulması, istedadlarının üzə çıxarılması və inkişafı,
xüsusi qayğıya ehtiyacı olanların inklüziv təhsilə cəlb
olunması kimi fəaliyyət sahələrini birləşdirir. Burada
xüsusi qayğıya ehtiyacı olanların inklüziv təhsili
anlayışının sərhədlərini geniş düşünmək lazımdır. Xüsusi
istedadlı təhsilalanların da bu anlayışa daxil olması
tamamilə yeni yanaşmalar tələb edir.
Bu yanaşmalar isə müasir, innovativ tədris metodlarının
təcrübəyə gətirilməsini, İKT-dən təhsildə daha geniş
istifadəni də nəzərdə tutur ki, bunlarsız müasir dərsi,
çağdaş müəllimin fəaliyyətini təsəvvür etmək mümkün
deyil.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə
cavabdeh şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasına yönəlmişdir. Hazırda təhsilin idarə
olunmasında başlıca problemlərdən biri tənzimləmə,
idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən
edilməməsidir. Dövlət təhsil müəssisələrinin tabeçilik
məsələlərində müəyyən uyğunsuzluqlar qalmaqdadır. Dövlət
Strategiyasında təhsilin idarəolunması ilə bağlı
tamamilə yeni mexanizm ehtiva olunur. Nəzərdə tutulur
ki, təhsil sistemində tənzimləmə və idarəetmə qabaqcıl
beynəlxalq təcrübə əsasında müasirləşdirilsin, təhsil
müəssisələrində nəticəyönümlü və şəffaf idarəetmə modeli
tətbiq olunsun, təhsilin keyfiyyətinin təminatı və
idarəetmə üzrə yeni məlumat və hesabat sistemləri
yaradılsın. Bununla da təhsilin idarə olunması
konseptində qərar vermə mexanizmləri, səlahiyyət və
məsuliyyətin çərçivəsi, hesabatlılıq meyarları yeni
mahiyyət kəsb edir. Səlahiyyətlə hesabatlılıq arasında
uzlaşma, əlaqə mütənasibliyi təmin olunur.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və
ömürboyu təhsili təmin edən infrastrukturun
yaradılmasını nəzərdə tutur. Müşahidələr göstərir ki,
tədris prosesində müasir texnologiyalar məhdud miqyasda
tətbiq edilir. Ona görə də təhsil müəssisələrində İKT
əsaslı təlim metodologiyasına uyğun infrastrukturun
yaradılması yaxın perspektivin prioritet məsələsi hesab
olunur. Burada bir məqama diqqət yetirmək lazımdır. Bu
sənəddə ilk dəfə olaraq ömürboyu təhsil anlayışına
xüsusi əhəmiyyət verilir. Bu da ondan irəli gəlir ki,
informasiya cəmiyyəti ömürboyu öyrənmə bacarıqlarına
sahib fərdlərə ehtiyac duyur.
Bu məqsədlə də təhsil müəssisələri şəbəkəsinin
rasionallaşdırılması, distant təhsil, istedadlı və
xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil,
yaşlıların təhsili, regionlarda təhsil məsələləri üzrə
məsləhət xidmətləri göstərən universal mərkəzlərin
yaradılması, peşə tədris mərkəzləri və komplekslərinin
qurulması kimi tədbirlər qeyd olunan istiqamət
çərçivəsində nəzərdə tutulan əsas hədəflərdəndir.
Nəhayət, beşinci istiqamət ölkəmizdə iqtisadi cəhətdən
dayanıqlı və dünyanın öndə gedən təhsil sistemlərinin
standartları ilə eyni səviyyədə dura bilən
maliyyələşdirmə modelinin qurulmasını özündə ehtiva
edir. Bu istiqamət çərçivəsində təhsilin mövcud
maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, təhsil
müəssisələrinin adambaşına maliyyələşmə sisteminə
keçidi, ödənişli təhsil xidmətləri göstərilməsinin
dəstəklənməsi və Təhsilin İnkişafı Fondunun yaradılması
nəzərdə tutulur.
- Dövlət Strategiyasının tətbiqi nəticəsində
məktəbəqədər təhsilin müasir tələblər səviyyəsinə
yüksəlməsi mümkün olacaqmı? Fəaliyyət planında bununla
bağlı nələri görə biləcəyik?
- Bu gün müasir təhsil platforması bizə onu deyir ki,
təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə
edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən
inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər
təhsilin inkişafına dövlət siyasətində ciddi əhəmiyyət
verilir.
Etiraf etməliyik ki, respublikamızda məktəbəqədər
təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki,
məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4
faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə isə 16,5 faiz təşkil
edir.
Son illərdə paytaxtımızda yeni məktəbəqədər təhsil
müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində
çox mühüm addımlar atılmışdır. Bunun nəticəsində
məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə
çatmışdır. Lakin bu sahədə həllini gözləyən problemlər
hələ də qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin
əksəriyyətində məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Dövlət Strategiyasında uşaqların erkən yaş dövründə
inkişafının səmərəli təhsil modelinə əsaslanan standart
və kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı
uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını
təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran,
onlarda həyati bilik və bacarıqları, davranış
qaydalarını aşılayan təhsil standartlarının və yeni
kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də
ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsaslarla
müvafiq xidmətlərin göstərilməsi (dərs və ya təlim
vəsaitləri və s.) də strateji hədəflər sırasında yer
almışdır. Həmçinin erkən yaşlı uşaqların məktəbəqədər
təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması
əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Burada bir şeyi
nəzərə almaq lazımdır ki, biz məktəbəqədər təhsili
təhsil pillələrinin çox vacib həlqəsi kimi nəzərə alaraq
onun inkişaf perspektivini çox aydın görürük.
12 illik ümumi təhsili tətbiq edən ölkələrin sayı 170-i
ötüb
- Dövlət Strategiyasında 12 illik ümumi təhsilə keçidlə
bağlı məqam ictimaiyyətdə böyük maraqla qarşılanıb və
çoxsaylı suallar yaranıb. Bu keçid təhsildə hansı
yeniliklərə və keyfiyyət dəyişikliklərinə səbəb olacaq?
- Əvvəla, onu bildirim ki, 12 illik ümumi təhsilə keçidi
zaman, təhsilin məzmununda baş verən yeniliklər, bir
sıra araşdırmaların nəticələrinin nəzərə alınması diktə
edir.
Dünyanın bir çox qabaqcıl ölkələrində təhsil müddətinin
artırılması istiqamətində artıq müəyyən addımlar
atılmışdır və bu proses davam etməkdədir. Məsələn,
Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi
təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya,
İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi
təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya,
Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin
müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi
təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil
edir. Son statistik məlumatlara görə belə ölkələrin sayı
170-i ötmüşdür. Çox az sayda ölkədə ümumi təhsilin
müddəti 11 il təşkil edir. Onu da vurğulamaq istərdim
ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
məlumatına görə, hər hansı bir ölkədə istənilən təhsil
pilləsi üzrə təhsil müddətinin bir il artırılması
ölkənin Ümumi Daxili Məhsulunun 3-6 faiz artmasına
gətirib çıxarır. Bununla yanaşı, təhsil müddətinin
artırılması təhsilə ayrılan xərclərin də artması ilə
nəticələnir. Özü də bu artım kifayət qədər böyük
rəqəmlərlə ifadə olunur. Lakin xərclərin artmasına və
olduqca böyük miqyaslı tədbirlərin həyata keçirilməsi
perspektivlərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin
strateji xəttini, neft kapitalının insan kapitalına
çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks etdirir.
12 illik ümumi təhsilə keçidin təmin olunması üçün
mövcud təhsil standart və kurikulumların yenilənməsi,
tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə
aparılması nəzərdə tutulmuşdur. Ən əsas məqamlardan biri
ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə
keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta
təhsil və 2 illik tam orta təhsil modeli tətbiq
olunacaqdır. Bu modelə mərhələli şəkildə keçmək
planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə,
ən mühümü tam orta təhsil səviyyəsində təhsil
müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir.
Digər bir məsələ də onunla bağlıdır ki, biz ümumi orta
təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir
pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2
illik tam orta təhsil inkişafın yeni çağırışlarını
dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək
baxımından əlavə resurs və gələcəyə hazır olmaq
imkanıdır.
İnanırıq ki, ümumi təhsildə 12 illik təhsil modelinə
keçid təhsilin keyfiyyətinin yüksəlməsinə öz müsbət
təsirini göstərəcəkdir.
- Cənab nazir, ümumi təhsilin məzmunu və dərsliklər bu
gün hamının maraq dairəsində olan məsələdir. Bununla
bağlı strategiyada hansı tədbirlərin həyata keçirilməsi
gözlənilir?
- Doğrudan da bu məsələyə cəmiyyət tərəfindən xüsusi
diqqət var. Strategiyada səriştəyə əsaslanan
şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması birinci
istiqamət kimi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə
göstərir ki, təhsilin məzmunu ilə bağlı başlıca
meyillərdən biri kurikulumların ölkənin sosial-iqtisadi
inkişaf tələbləri və prioritetləri ilə sıx
əlaqələndirilməsindən ibarətdir.
Elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə
nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən,
sırf nəzəri xarakter daşıyan təhsil öz əhəmiyyətini
itirməkdədir. Bu baxımdan təhsilin məzmununun
formalaşmasında akademik biliklərlə yanaşı, praktik
bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir.
Çünki səriştəyə əsaslanan təhsil sosial-iqtisadi
inkişafa daha səmərəli xidmət göstərir.
Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi
yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir. Bu
isə müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb
edir. Məsələn, ümumi təhsil pilləsində şəxsiyyətin
hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali
təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas
götürülür. Kurikulumlara əsaslanan yeni və alternativ
dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq
dərslik seçiminin təmin olunması bu sahədə görüləsi
mühüm işlərdəndir. Bunlarla bərabər, istedadlı uşaqlar
üçün xüsusi inkişaf proqramları, xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramları
da hazırlanacaqdır.
Bütün bunlar bizə o imkanları verəcək ki, təhsilalan
təkcə bir dərsliyi deyil, daha geniş öyrənmə mənbələri
ilə, sınaqdan çıxmış və dünyanın mötəbər
nəşriyyatlarının qrifi ilə çap olunan xarici dərslik
nümunələri ilə, o cümlədən elektron resurslarla tanış
ola bilsin, öyrənməyi öyrənsin, yiyələndiyi biliyi
bacarıq və vərdişə çevirsin. Məktəb isə müəllim mərkəzli
deyil, şagird-öyrənən mərkəzli olsun.
Müəllimlərin əməkhaqqının iki dəfəyədək artırılması
nəzərdə tutulur
- Bildiyimizə görə, strategiyada məktəblərin idarə
olunması və maliyyələşməsi ilə bağlı konseptual
qərarların qəbul olunması gözlənilir. Buna münasibət
bildirməyinizi xahiş edirəm.
- Tamamilə doğru söyləyirsiniz ki, strategiyaya əsasən
təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
idarəetmə mexanizmlərinin yaradılması da qarşıda duran
ən mühüm vəzifələrdəndir. Bilirsiniz ki, hazırda təhsil
müəssisələrinin idarəetmədə rolu məhduddur.
Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən
təhsil müəssisələri istisna olmaqla dövlət təhsil
müəssisələri maliyyə müstəqilliyinə malik deyillər.
Təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı
onların fəaliyyətinin nəticələri nəzərə alınmır. Eyni
zamanda, təhsil müəssisələrinin rəhbərliyi tədrisin
nəticələrinə görə ciddi məsuliyyət daşımırlar.
Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün bu sahədə
monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi
inkişaf etdirilməlidir. Təhsil və kadr hazırlığı
prosesinə, eləcə də təhsilin məzmununun
təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox
aşağı səviyyədədir. Halbuki onlar bu prosesdə yaxından
iştirak etməlidirlər.
Bu istiqamətlər, yəni təhsilin nəticələrə görə cavabdeh,
şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli və dövlət-biznes
tərəfdaşlığına əsaslanan idarəetmə sisteminin
formalaşdırılması üçün strategiyada bir sıra məsələlər
nəzərdə tutulmuşdur. Bu sahə qabaqcıl beynəlxalq təcrübə
əsasında yenidən qurulacaqdır. Həmin təcrübəyə müvafiq
olaraq tənzimləmə və idarəetmə funksiyalarını həyata
keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət
dairəsi yenidən müəyyənləşdiriləcəkdir.
Nəzərdə tutulmuşdur ki, təhsil müəssisələrinin yeni
akkreditasiya, təhsil sahəsində dövlət-biznes
partnyorluğu sistemləri yaradılsın. Biz nəzərə almalıyıq
ki, təhsilalanın bilik, bacarıq və vərdişləri əmək
bazarının tələblərinə müvafiq olmalıdır. Bu da
işəgötürənin təhsil mühitinə cəlb olunması ilə
bilavasitə bağlıdır.
Dövlət Strategiyasında nəzərdə tutulan təhsil
müəssisələrinin reytinq sisteminin yaradılmasına xüsusi
baxmaq lazımdır. Reytinqin bütün indikatorları nəzərə
alınaraq ölçülməsi təhsil müəssisələri arasında sağlam
rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin
müəyyən olunması və tətbiq edilməsinə kömək edəcək. Bu
həm də bizə təhsil qurumlarının - şəhər, rayon təhsil
şöbələrinin fəaliyyətini təhsilalanların nailiyyətlərinə
uyğun qiymətləndirməyə, təhsil göstəricilərini
nəticəyönümlü təhlil etməyə, xarakterik problemləri və
prioritetləri daha düzgün müəyyənləşdirməyə yardım
edəcəkdir.
Buna görə də təhsil sistemində dövlət sifarişinin
formalaşdırılması məsələlərinə yenidən baxılması, ali və
orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə
mexanizminin təkmilləşdirilməsi, təhsil müəssisələrinin
nəticə yönümlü və şəffaf idarəetmə modelinin
yaradılması, təhsil ocaqlarına idarəetmə, akademik,
maliyyə və təşkilati muxtariyyət verilməsi bu sahədə
başlıca hədəflərdəndir və yəqin ki, bunların tətbiqi ilə
bağlı müvafiq qərarlar qəbul olunacaqdır.
Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin
edilməklə təhsil müəssisələrinin dövlət-ictimai
xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici
Şura, Qəyyumlar Şurası və s.) idarə olunması təhsilin
idarəetmə işinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini
təmin edəcəkdir.
Təhsilin maliyyələşdirilməsi sahəsində də görüləsi işlər
çoxdur. Burada ən böyük hədəf təhsilə adekvat həcmdə
maliyyə resurslarının cəlb edilməsi, təhsil xərclərinin
Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə
çatdırılması, təhsil müəssisələrinin bir təhsilalana
düşən xərc əsasında maliyyələşdirmə mexanizminə
keçididir. Biz strategiyada tamamilə yeni maliyyə
institutunun - büdcədənkənar vəsaitlər hesabına
formalaşdırılan Təhsilin İnkişaf Fondunun yaradılmasını
nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi
layihələrin, tədqiqatların və s. yeni maliyyələşmə
mexanizminin tətbiq olunmasına yardım edəcəkdir.
Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi
çox maraqlandırır və bu barədə tez-tez müraciətlər
olunur. Dövlət Strategiyasında bu məsələ də öz əksini
tapmışdır. Belə ki, strategiyada müəllimlərin maddi
motivasiyasının yaxşılaşdırılması, onların illik
əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula
nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında
diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması
nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar
fəaliyyət planında öz əksini tapacaqdır.
- Cənab nazir, Dövlət Strategiyasının ilk peşə-ixtisas
təhsilinin inkişafına təsiri nədən ibarət olacaqdır?
- Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində müəyyən işlər
görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq
təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu
sahədə Təhsil Nazirliyinin həyata keçirdiyi "Müasir
Azərbaycan peşəkarları" layihəsi partnyorlarla effektiv
işbirliyi şəklində həyata keçirilir və iş davam
etdirilir.
Lakin bu sahədə həlli vacib olan ciddi problemlər hələ
də qalmaqdadır. İlk peşə-ixtisas təhsilinin
kurikulumları müasir tələblərə cavab vermir. İlk
peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin
sayı iqtisadiyyatın tələbatından xeyli geridir. Son
illərdə ümumi təhsil müəssisələrini bitirən məzunların
yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili
müəssisələrini seçməsi, ümumilikdə, ilk peşə-ixtisas
təhsili müəssisələrində təhsilalanların cəmi 25-27 min
nəfər təşkil etməsi cəmiyyətdə ilk peşə-ixtisas
təhsilinə marağın aşağı olduğunu göstərir.
Strategiyada cəmiyyətin tələblərinə uyğun ilk
peşə-ixtisas və orta ixtisas təhsili standartları və
kurikulumlarının hazırlanması, eləcə də müasir təminatlı
peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması
nəzərdə tutulmuşdur. Həmin tədbirlərin həyata
keçirilməsi, bu sahənin inkişafına öz müsbət təsirini
göstərəcəkdir.
Ali təhsildə yeni yanaşmalar tələb olunur
- Strategiyada ali təhsil sahəsində hansı tədbirlərin
həyata keçirilməsi planlaşdırılmışdır?
- Son illərdə Azərbaycan Respublikasında ali təhsilin
inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Bu
sahədə Bolonya Bəyannaməsindən irəli gələn başlıca
prinsiplərin tətbiqi ilə bağlı dövlət proqramları qəbul
edilmiş, layihələr həyata keçirilmişdir. Bununla yanaşı,
aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri
Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin reytinq
səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.
Bu da bizdən ali təhsildə yeni yanaşmaları tələb edir.
Azərbaycan ali təhsil sistemi Avropa ali təhsil
məkanının bir hissəsi kimi qarşısında strateji
məqsədləri hədəfləyirsə, o zaman ali təhsil sferasında -
innovasiyaların təşviqi, ömürboyu təhsil, tələbə yönümlü
rəqabət mühiti və sair istiqamətlərdə öncül olmalıdır.
Strategiyada ali təhsil müəssisələrinin
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə
dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis
hazırlığını təmin edən ali təhsil standartlarının
tətbiqi, cəmiyyətin və iqtisadiyyatın tələbatlarına
uyğun olaraq hər bir ixtisas üzrə müasir kurikulumların
işlənməsi, ali təhsil müəssisələrinə təhsilin məzmununun
tətbiqi müstəqilliyinin verilməsi, doktorantura
səviyyəsi üçün elmi tədqiqat sahəsində yüksək hazırlığı
və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə
yiyələnməyi təmin edən müasir standartların hazırlanması
ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur
Bundan əlavə, təhsil sistemində dövlət sifarişinin
formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi,
iqtisadi və sosial inkişafının real tələbatına
əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr
hazırlığının təmin edilməsi, ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul və yerdəyişmə mexanizminin
təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil
müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv
edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə
müəyyənləşdirilməsi istiqamətində də mühüm işlərin
görüləcəyi gözlənilir. Bütün bunların dəqiq çərçivəsi
isə fəaliyyət planında öz əksini tapacaqdır.
- Cənab nazir, bir qədər də təhsilin digər istiqamətləri
üzrə atılacaq addımlar barədə məlumat verərdiniz...
- Dövlət Strategiyası bütövlükdə təhsil sistemimizin
modernləşdirilməsini nəzərdə tutur. Biz artıq təhsilin
bir neçə əsas pilləsi üzrə görüləcək işlərə toxunduq.
Yaxın perspektivdə ali məktəb kampuslarının yaradılması,
ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün
kitabxanaların fəaliyyətinin modernləşdirilməsi,
rəqəmsal təhsil resurslarından istifadə imkanlarının
genişləndirilməsi, təhsillə bağlı media və internet
resurslarının inkişafının təmin edilməsi istiqamətində
də ardıcıl tədbirlərin həyata keçirilməsi qərara
alınmışdır.
- Həyata keçiriləcək islahatlar zamanı beynəlxalq
təcrübə nəzərə alınacaqmı?
- Şübhəsiz. Əslində, Dövlət Strategiyası hazırlanarkən
qabaqcıl ölkələrin təhsil sistemlərinin müvafiq inkişaf
istiqamətləri öyrənilib. Təsadüfi deyil ki, bütün bu
məsələlər strategiyada ayrıca bir bölmə kimi verilib. Bu
baxımdan təhsilin sosial-iqtisadi rolu, keyfiyyəti və
əhatəliliyi, məzmunu, müəllim və tədris metodları,
idarəetmə məsələlərinin hər biri üzrə dünyada mövcud
olan meyillər nəzərə alınıb. Strateji hədəflər və onlara
çatmaq üçün nəzərdə tutulan tədbirlərdə də öncül
təcrübənin nəzərə alınması qırmızı xətt kimi keçir. Bu
da anlaşılandır. Məlumdur ki, hazırda dünyada baş verən
qloballaşma prosesləri müxtəlif dövlətlərin təhsil
sistemlərinin inteqrasiyasını şərtləndirir. Hədəflər
kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş
kompetensiyalar qrupu əsas götürülür. Artan
tələbə-müəllim mübadiləsi nəzərə alınaraq təhsil
standartlarının unifikasiyası məqsədi daşıyan Bolonya
prosesi sürətlənir. Belə şəraitdə xarici təcrübəni
nəzərə almamaq mümkün deyil. Amma bununla belə,
qloballaşma həm də hər bir xalqın özünün milli-mədəni
dəyərlərini qorumaq instinktini gücləndirir. Təbii ki,
təhsil sahəsində həyata keçirilən islahat yönümlü
tədbirlərdə də ilk növbədə milli-mədəni dəyərlər,
tarixən yaranmış ənənələr qorunub saxlanacaqdır.
Keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək
mümkün deyil
- Strategiyada müəllim hazırlığı və nüfuzunun
artırılması məsələsi necə, əksini tapıbmı?
- Strategiyada bu məsələyə xüsusi yanaşma var.
Ümumiyyətlə, təhsildə əsas meyar, başlıca düşüncə
müəllimlə bağlı olmalıdır. Biz onu bilirik ki, nə qədər
yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə
imkanları olsa da belə, keyfiyyətli müəllim olmadan
təhsili inkişaf etdirmək mümkün deyildir. Təhsilalanın
savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən
müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən
və peşəkarlıq səviyyəsindən asılıdır.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər
təhsilalanların nailiyyətlərinə əlavə töhfələr verirlər.
Yeri gəlmişkən qeyd edək ki, təhsil islahatı uğurla
aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün
stimulların yaradılmasına və müəllim hazırlığının
təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli
monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin
keyfiyyəti artırılmalıdır. Yüksək nüfuzlu təhsilverənin
formalaşdırılması istiqaməti üzrə həyata keçiriləcək
tədbirlər sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin
daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması
daxildir. Bu baxımdan təhsilverənlərin əlavə təhsili
üzrə strukturların yaradılmasının stimullaşdırılması,
pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı
təlimlər sisteminin yaradılması və digər məqamlar da
nəzərdən qaçırılmamalıdır.
Bu istiqamətdə, həmçinin müəllim peşəsinin nüfuzunun
artırılması üzrə dövlət siyasətinin inkişafına - səriştə
və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazasında
rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması,
müəllimin karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üzrə yeni sistemin yaradılmasına dair
bir sıra mühüm işlərin görülməsi də nəzərdə
tutulmuşdur.
"Azərbaycan" qəzeti
23 noyabr 2013-cü il |