Noyabrın
9-dan 16-na kimi Şamaxı Şahmat Məktəbində Dövlət
Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə
həsr edilmiş şahmat turniri keçirilib.
Şamaxı Şahmat Məktəbinin direktoru Asif Ağayevdən
aldığımız məlumata görə, turnirdə 92 məktəbli
mübarizə aparıb. Əvvəlcə iştirakçılar Heydər Əliyev
parkında ümummilli liderin xatirəsini ehtiramla yad
edərək abidəsinin önünə tər çiçəklər düzüblər.
Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 tur
oynanılıb. 9 turdan 8 xal toplayan Şamaxı şəhər 2
nömrəli tam orta məktəbin IX sinif şagirdi
Niyaz Məmmədov ümumi turnirin qalibi olub.
Qızlar arasında Səbinə Seyidzadə 8, Nəzrin
Əhmədova 10, Səfiyə Əlləzova 12, İzzət Ağayeva 14,
Arzum Abdullayeva isə 16 yaşlılar arasında
çempionluq sevincini yaşayıblar.
Oğlanlar arasında Mirəziz Babayev 8, Mənsur
Sərxanov 10, Asim Sərxanov 12, Rəfael Məmmədov 14,
Süleyman Süleymanov 16 yaşlılar arasında çempion
olublar.
Çempionlara və ikinci-üçüncü yerləri tutanlara
diplomlar və hədiyyələr təqdim edilib. Turnir
təsnifat xarakterli olduğundan şahmatçılara müvafiq
idman dərəcələri də verilib.
Qeyd edək ki, noyabr ayının əvvəllərində Bakıda
keçirilən Uşaq-Gənclər Şahmat məktəbləri
komandalarının Azərbaycan çempionatında da
Şamaxının şahmat komandasının üzvləri Niyaz
Məmmədov, Ülvi Xudiyev, Asim Sərxanov, İlahə
Xudiyeva keçən il olduğu kimi bu il də uğurla
çıxış edib və Şəki komandası ilə 5-6-cı yerləri
bölüşdürüb. III taxtada çıxış edən Asim Sərxanov
isə 9 xaldan 7 xal toplayaraq bürünc medala
layiq görülüb. Şahmatçıların dördü də baş
məşqçi-müəllim Yaşar Məmmədovun yetirməsidir.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |